manera.az
manera.az

Müəmmalı materik

Müəmmalı materik

Afrika ölçüsünə görə Avrasiyadan sonra ikinci qitə və Yer kürəsinin ən isti materikidir. Hesab olunur ki, Afrika bəşəriyyətin beşiyidir. 150 min il əvvəl burada ümumi əcdadlarımız yaşayıb. Kiçik bir insan qrupunun nəsilləri buradan bütün Yer üzünə yayılıb.

Ekvator Afrikanı, demək olar, ortadan bölür. Orta əsrlərdə insanlar düşünürdülər ki, ekvatorda Günəş Yer kürəsinə çox yaxınlaşır. Odur ki, dənizin suları çox isti, insanların dərisi isə qapqaradır. Əslində isə ekvator planetimizi Şimal və Cənub yarımkürələrinə ayıran şərti xətdir.

Planetimizin bu hissəsində Günəş düz başımızın üzərində dayanır. Burada tikili və bitkilərin kölgəsi olmur. Günəş şüaları çəpinə deyil, düz aşağı düşəndə yeri, havanı və suyu çox güclü qızdırır. Efiopiyadakı Dallol Afrikada ən isti yerdir. Burada temperatur +58,4ºC-yə qədər yüksəlir. Yerli sakinlər inanırlar ki, Dallol vulkanı cəhənnəmin qapısıdır.

Buralar Yer kürəsini deyil, tamamilə başqa qızmar və müəmmalı planeti xatırladır. Eramızdan əvvəl 609-595 illərdə Misir şahının xidmətində olan dənizçilər Afrikanı dolanıblar. Sahil zolağında yaşayış məskənləri və şəhərlər salınıb, səhralarda karvanlar hərəkət edib.

Lakin cəngəlliklərə daxil olmaq və ya səhralarda məskunlaşmaq arzusunda olanların sayı az olub. Afrikanın sərt iqliminə yalnız yerli tayfalar uyğunlaşıblar: səhrada məskunlaşan köçəri tuareqlər; meşə adamları, planetimizin ən balacaboy sakinləri - piqmeylər; ucaboylu və döyüşkən maldarlar – masailər; gözəl ovçular - buşmenlər və Afrikanın irili-xırdalı digər xalqları.

XV-XIX əsrlərdə avropalıların materikə ayaq basması yerli sakinlər üçün əsl fəlakətə çevrilib. Silahlanmış ağdərili adamlar afrikalıları əsir götürüb, başqa ölkələrə aparıb, köləyə çeviriblər. Avropa ölkələri Afrikanın təbii sərvətlərini talamaq, heyvanlarını ovlamaq, silahlarını sınaqdan keçirmək üçün bu torpaqları öz aralarında bölüblər. Afrika yalnız XX əsrin ortalarına doğru müstəmləkə zülmündən azad olub. 1963-cü ildən başlayaraq Afrika qitəsi hər il mayın 25-də Qurtuluş Gününü qeyd edir. Təbii sərvətlərinin zəngin olmasına baxmayaraq, Afrika ölkələrinin çoxu hələ də yoxsulluq içindədir.

Əlcəzair, Konqo, Sudan Afrikanın ən böyük ölkələridir. Əhalinin ən sıx yaşadığı ölkə Nigeriyadır: 166 milyon nəfər. Afrikada böyük və müasir şəhərlər də var: Kinşasa, Loqos, Qahirə, Pretoriya... Lakin insanlar meqapolislərin hüdudlarından kənarda çətin təbii şəraitdə salamat qalmaq üçün qədim ənənələrə uyğun yaşayır, qədim sənətləri qoruyub saxlayır, milli paltarlar geyinir, təbii materiallardan evlər tikirlər. Məsələn, somba xalqı gildən ev tikir. Hər cür küləyə davamlı belə evləri dairəvi formada inşa edirlər. Afrikalılar özlərini mahnı və rəqssiz təsəvvür edə bilmirlər. Danışırsınızsa, deməli, oxumalısınız, yeriyirsinizsə, rəqs də etməlisiniz. Afrikanın ən populyar musiqi alətləri müxtəlif təbillərdir.

Musiqiçilər bu təbillərin köməyi ilə nəinki əhval-ruhiyyəni əks etdirir, həm də ölüm, doğum və təhlükə barədə xəbərdarlıq edirlər. Hazırda Afrika ritmləri bütün dünyanı fəth edib.

Ekvatorda və onun ətrafında tez-tez yağışlar yağır. Ona görə də burada rütubətli, həmişəyaşıl meşələr bitir. Ekvatordan şimalda və cənubda onları seyrək meşələr və savanna – çöllər əvəzləyir, daha sonra yerini səhraya verir. Afrikanın üçdə bir hissəsi su çatışmazlığından əziyyət çəkir.

Planetimizin ən böyük səhrası sayılan Böyük Səhranın mərkəzi illərlə yağış üzü görmür. Ucsuz-bucaqsız səhranın ərazisi Avstraliyadan böyükdür və müxtəlifdir: gilli, daşlı və qumsallıdır. Qum təpələrinin hündürlüyü 430 metrə çatır. Güclü külək elə bir qasırğa qoparır ki, onun tozu hətta Avropa buzlaqlarına gedib çatır, qırmızı rəngdə olduğu üçün onun Afrikadan gəldiyi dərhal aydın olur.

Bir vaxtlar Böyük Səhrada şırhaşırla çaylar axarmış. Buralar ovçuların və balıqçıların məskəni imiş. Onlar özlərindən sonra qayalarda minlərlə şəkil – petroqlif qoyub gediblər. Alimlər məhz qayaüstü rəsmlər vasitəsilə Böyük Səhranın bir vaxtlar zəngin heyvanat aləminə malik yamyaşıl yer olduğunu, burada insanların məskunlaşdığını öyrəniblər.

Afrikanın əsas çayı olan Nil uzun müddət dünyanın ən uzun çayı sayılsa da, hazırda birinciliyi Amerikadakı Amazon çayına verib. Nil vadisi dünyanın ən böyük vahəsidir. Onun uzunluğu 1,5 min kilometrə çatır. Vahələrin əsas bitkisi xurma palmasıdır. Burada yaşayan insanlar Nil çayı sayəsində ildə üç dəfə məhsul toplayırlar. Əvvəllər Nildə çoxlu timsah olarmış, lakin indi nadir hallarda təsadüf edilir.

Afrikanın ikinci çayı Konqo dünyanın ən dərin və bol sulu çaylarından biridir. Bu çay rütubətli ekvatorial və həmişəyaşıl meşələrdən axır və iki dəfə ekvatordan keçir.

Milyonlarla il əvvəl Afrikada Nqoronqoro vulkanı püskürüb. Nəticədə onun zirvəsi uçub, yerində yaranan kraterə yağış və kiçik çayların sularının dolması nəticəsində gözəl göl əmələ gəlib. Bu gözdən uzaq yerlər cürbəcür bitki və heyvan növləri ilə zəngindir. Hazırda burada qoruq açılıb. Qoruğun qərbində Serengeti təbiət parkı yerləşir. Yer kürəsinin ən böyük dırnaqlılar sürüsü həmin parkda otlayır.

Afrika qorilla, dəvəquşu, qoşabuynuzlu kərgədan, begemot, okapi, antilop və zebr kimi heyvanların vətənidir. Afrika ən iri quru heyvanlarının – Afrika fillərinin, ən hündür zürafələrin, ən yırtıcı şirlərin, planetimizin ən qədim və təhlükəli heyvanları olan Nil timsahlarının doğma evidir.

Bu qitədə məskunlaşan bütün qeyri-adi heyvanları sadalamaqla qurtarmaq mümkün deyil. Afrika eləcə də baobab və velviçiya, butulka ağacı, səhləb çiçəyi, qurğuşun ağacı kimi qeyri-adi bitkilər ilə zəngindir. Darı, kalış, bəzi buğda sortları və qəhvə məhz Afrikadan bütün dünyaya yayılıb.

Afrikanın həm heyvanat, həm də bitki aləmi daim mühafizə olunmalıdır. Bir çox növlərə təkcə brakonyerlər deyil, həm də yaşayış mühitinin dəyişməsi təsir göstərir. Ona görə də Afrikada çoxlu qoruq və milli parklar yaradılıb. Genetika məsələləri ilə məşğul olan alimlər ilk insanların məhz Afrikada peyda olması barədə son 20-30 ildə çoxlu faktlar aşkar ediblər. Sonra onlar “dalğalar” şəklində bütün dünyaya yayılıblar.

Afrikada indi də buşmenlər adlı qeyri-adi bir xalq yaşayır. Onlar 10 min il əvvəl səhrada köçəri həyat sürən əcdadlarının həyat tərzini hələ də qoruyub saxlayırlar.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031