manera.az
manera.az

Saçlarım ağrıyır, sən sığal çəkməyəli - ŞEİR

📅 31.05.2016 13:25

Saçlarım ağrıyır, sən sığal çəkməyəli - ŞEİR

Afət Hacıyeva

Saçlarım ağrıyır, sən sığal çəkməyəli

Gedirsənsə...
Zülmət bir gecədə get,
Qoy səni qaranlıq xatırlayım,
İşıq sürətilə tərk et,
Qoy səni bir anlıq xatırlayım.
Gedirsənsə...
Dan yeri ağaranda get,
Şirin yuxu bilim xatırlayım,
Dəli kimi havalananda get,
Yaddaşımdan silim-xatırlayım...

***
Üz cizgilərim necədi?
çoxmu dəyişib görəsən?
axı, sən gedəndən
baxmamışam güzgüyə mən.
Bilirəm,
dağılıb saçlarım,
darağa da küsmüşəm.
Sevdiyim bər-bəzəyi,
Dümağ telə dəyişmişəm.
Havada asılıb qalan
əllərim heç nəyə yatmır,
yazdığım şeirlər də
daha başımı qatmır.
Qaşqabaqlı gəzirəm
yerə düşən gülüşümü
mənə tapşırıb getmisən
bu “puzzle” işini.

***
Burda həyəcan təlaş var,
səhər açılıb deyirlər.
Fəsil dəyişib deyəsən
adamlar qalın geyirlər.
Günəş doğmur acığa
hər gün qaradı burda.
Gözüm dolub yamanca,
yağış yağırmı orda?
Zaman çoxdan dayanıb
saat intihardadır
sənə bəxş etdiyim günlər
görəsən indi hardadır?
Saçlarım ağrıyır yenə
Sən sığal cəkməyəli
Dərdlər sülh bağlıyır yenə
Sən işğal etməyəli.



Baxış sayı - 1 934 | Yüklənmə tarixi: 31.05.2016 13:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031