manera.az
manera.az

Babamsız Novruz - Kamal Akenin hekayəsi |MANERA

Babamsız Novruz - Kamal Akenin hekayəsi |MANERAMANERA.AZ

Uşaqlığımın bayramı
hekayə


Yağmur daha da rəng qatmalı idi bayrama, axı Novruzun gəlişi yazın qapıdan daxil olması deməkdir, yazın gəlişi isə narın yağmur damcılarıdır. Uşaqlıqda bayram axşamı yağış yağmağını istəməzdim, çünki yağış min bir əziyyətlə qurduğumuz tonqalın yanmasına maneə törədirdi. Artıq hər şey dəyişib, nə mən həmin ki, uşağam, nə də Novruz həmin ki, bayramdı..

Əlimi cibimə salıb siqaret qutusunu çıxardım, içindəki sonuncu siqareti kibritlə yandırmaq üçün gödəkcəmin ciblərini axtarmağa başladım, alışqanımı itirmişdim, yəqin tonqal qalamaq üçün uşaqlara verəndə qaytarmağı unutmuşdular. Kibrit çöpünü nə qədər yandırmağa çalışsam da yağış imkan vermirdi və qutunun yaş olduğunu görüb yerə atdım. İslanmış siqareti də həmçinin. Əllərim cibimdə, yağışda islanmış qıvırcıq saçlarım küləyin təsirilə dalğalanaraq addımlayırdım. Nə yalan deyim, küləkli havada saçlarımın küləyin istiqaməti ilə tərpənməsindən zövq alıram, hətta özümü Everestin başında dayanmış, əlçatmaz bir zirvə sanıram. Bilirəm həddən çox eqoist, özündənrazı və özünübəyənmiş biriyəm, axı saçlarım məni havalı göstərir.. Gah sürətimi artırır, böyük addımlarla yeriyirdim, gah da oturmağa yer axtarır, düşünmək istəyirdim. Onsuzda gedəcək bir yerim yox idi, evə də tələsmirdim. Özümü bildim biləli bütün anlamsız, yazılmamış qaydalarımıza, mental dəyərlərə qarşı olmuşam. Bayramları da sevmirəm heç. İndiyə kimi Miladda İsanın doğum gününü qeyd etdiyimi xatırlamıram, ola bilər bayram gecəsi dost-tanış harasa dəvət edir, o da ki, könülsüz qəbul edirdim dəvətləri. Bu qədər bayramlar arasında tək sevdiyim bayram idi Novruz. Səbəb adət-ənənə sevgisi deyil, sadəcə üçgünlük bayramı babamla keçirmək üçün əlimdə böyük bir şans vardı və mən bu bayram ərəfəsində çox xoşbəxt olurdum.

Mən ateistəm, bir qədəh şərab içməyi günah adlandıran, hər bazar kilsəyə gedib bir şam yandırmağı borc bilən insanlarla mənimki tutmazdı heç. Babamla aramızdakı münasibətsə tamamilə fərqli idi, nə qədər dindar olsa da bir o qədər çox sevirdim babamı. Çünki o bilirdi nəyə inandığını və başqaları kimi anlamını bilmədiyi duaları oxumur, dərk edirdi hər şeyi. Novruzu da o sevdirmişdi mənə, ilk tonqalımızı da onunla birlikdə yandırmışdıq. Bu üç gün mənə il ərzində verilən ən böyük hədiyyə olurdu, təəssüf ki, indikindən də sürətli keçirdi babamla keçirdiyimiz zaman. Çox yaxşı xatırlıyıram ilk dəfə əlimə tilov verib məni seyr etməyini. Novruz ərəfəsində onunla tez-tez balıq tutmağa gedərdik, mənsə daim əlimdəki tilovu əlimdən suya düşürər, babam da “öyrənirsən” deyə-deyə məni bu şirin yalana inandırmağa çalışardı.

Məhəllədə bütün uşaqlar tonqal qalıyardı, mənimsə qurduğum tonqal ən böyük olması şərt idi! Nədənsə həmişə ən balaca tonqal da elə mənimki olurdu. Tonqaldan sonra bir neçə evə papaq atar, yorulana kimi küçədə tonqal ətrafında toplaşan insanlarla bayramlaşardım. Çoxunu tanımırdım heç, elə onlarda məni tanımırdı. Axı Novruz həm də birlik, mehribanlıq deməkdi, onlar hər dəfə kim olduğumu soruşanda fəxrlə paytaxtdan gəldiyimi deyər, gözlərimi örtən uzun saçlarımı yana çəkər və babamın adını deyərdim.

Babamı bütün kənd tanıyırdı və mən bununla qürür duyurdum. Axı 10-11 yaşlı uşağın qürur duya biləcəyi başqa nə ola bilərdi ki? Zaman çox sürətli keçir, dünənə kimi üçtəkərli velosiped sürürdüm, indisə sərxoş olub keçən günlərimi xatırlayıram. Saat 21-ni keçir, artıq gecə yaxınlaşır, sonuncu çərşənbə günü də ətrafda Novruz əhvali-ruhiyəsi hiss olunmurdu, indi də həmçinin. İndiki, uşaqlar heç də xoşbəxt deyil, xoşbəxt olan mənəm ki, möhtəşəm uşaqlıq yaşamışam. İdiki uşaqlarsa həyatını internet qarşısında məhv edir, heç vaxt da Novruzu anlamayacaqlar. Əvvəllər evlərdən qəh-qəhə səsləri gələr, hamı xoşbəxt görünərdi, bəs indi? Uşaqlığımın bayramı artıq tarixə qovuşmaq üzərədir zaman-zaman. 2 il öncəyə kimi babamla keçirərdim bayramı, keçən il isə uşaq həvəsilə gözlədiyim bayramı qəzadan sonra klinikada keçirdim. İndisə insanlar sanki Novruzun gəlişini unudub, İçərişəhərdəki kiçik bir festivalla və ya universitet və məktəblərdəki anlamsız tədbirlərlə qosqocaman bayramı keçirəcəklərini sanırlar. Yanılırlar..

Yağış kəsmişdi artıq, evə qayıtmaq zamanı idi. Kiçik addımlarla geri qayıtmağa başladım, onsuzda tələsmirdim. Yağış kəsdiyindən yanağımdakı damcının da nə olduğunu anlamışdım artıq. Evə çatanda binanın qarşısındakı böyük bir tonqal gözümə sataşdı. Yanında dayanmış hündürboylu oğlanı da elə uzaqda ikən tanımışdım. Qardaşım idi. Bilirdi Novruza nə qədər dəyər verdiyimi və mənə baxıb gülümsəyirdi. Tonqalı yandırdıq, hər tərəf işığa qərq olmuşdu, yavaş-yavaş hamı toplaşırdı tonqalın ətrafına. Bir neçə dəqiqə sonra böyük səsucaldanlar gətirdilər və musiqi altında hamı rəqs etməyə başladı.

Xoşbəxt idim. Çünki kimlərsə hələ də unutmamışdı bu bayramı. Üzümə döyəcləyən yağış damcıları məni yuxudan oyatdı. Skamyada yuxuya getmişdim. Ətrafda nə şənlik vardı, nə də tonqalın izləri. Sən demə siqaretimin islanmasından başqa hamısı yuxu imiş..

KAMAL AKEN
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31