Kamal Abdulla ikinci dəfə akademik oldu - Bu dəfə Beynəlxalq Akademiyada
![]()
Akademik Kamal Abdulla Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilib.
Azərbaycan Yaradıcılıq Fondundan MANERA.AZ-a verilən xəbərə görə, Akademiyanın Rəyasət Heyətinin iclasında Kamal Abdullanın Türk dünyası qarşısında müstəsna xidmətləri, türk dilli ədəbiyyatın tədqiqi və zənginləşdirilməsi sahəsində böyük elmi -praktik fəaliyyəti nəzərə alınaraq bu məşhur elm ocağının akademiki seçilməsi haqqında yekdilliklə qərar qəbul edilib.
Qeyd edək ki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası türk dünyasında və türk toplumlarının yaşadığı ölkələrdə türk dilini, tarixini, mədəniyyətini öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış beynəlxalq elmi qurumdur.
Hazırda akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, İraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri var. Türk dünyasının məşhur elm adamları, yazıçı və şairlərinin bütün dünyada tanıdılması və təbliği Akademiyanın ən önəmli vəzifələrindəndir.
Manera.az olaraq yazıçını təbrik edir, dünya şöhrətli Kamal Abdullaya daha böyük uğurlar arzu edirik.