Mömini qalmayan Allah kimiyəm - 10-luğa düşən şeir | MANERA.AZ
![]()
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə Elşad Can Şamilin 10-luğa düşən şeirini təqdim edirik:
Boğazında sümük qalmış qonaq kimiyəm
Nə yeyə bilirəm nə də qaytara
Qalmısan boğazımda
Nə udqunmaq olmur nə çıxarmaq...
Ata şilləsindən qorxan uşaq kimiyəm
Çar-naçar yalan danışıram...
Yalanın da ömrü 40 gündü deyirlər...
Oysa məndə 1 günə üstü açılır...
Yalanın da zayı çıxıb,
Ömrü qısalıb insan kimi..
Döyülürəm heyvan kimi...
İçkili sükan arxasında əyləşən sürücü kimiyəm
Cəza an məsələsi...
Həyat sürürəm sürünə-sürünə
Belə sürünməkdənsə
Qəza an məsələsi
Qurtuluş hövsələsi...
Hər şeyə inanan məsum kimiyəm
Bir vuraq bir kimi tək qaldım sənə vurulduğumda
Yalanların şirin gəldi ədəbiyyat təki
Sevə sevə oxudum səni
Xəyallarda ev tikdim damı olmayan,
Yeni dünya qurdum hamı olmayan
Ancaq özümü görmədim orda…
kənarda qalırmış adamı olmayan
Tənha
Kimsəsiz
ölən insan kimiyəm
Mən itmişəm
Məni itirən yoxdur
Qalmışam ortalıqda
Son mənzildə də yer yoxdur...
O mənzilə də erməni gülləsindən qaçmağı bacarmayan qaçqınlar girib
91,92də qapı bacasın sındıraraq
Mömini qalmayan allah kimiyəm
Hər şeyin günbəgün çətinləşdiyi dövrdə
Namazın sayını gün ərzində birə endirərdim
Üç ya beş mübahisələri olmasın deyə
Mələkləri də yerə endirərdim
Məscidlər boş qalmasın deyə...
Özüm də yerə enerdim
Məni dərk etməyən baş qalmasın deyə...
Uşağı itirilmiş ana kimiyəm
İçim üzüntüdən,
Gözümdən axır
Ətə-qana gəlməmiş körpəmi ,
Mamaça kəsib doğrayıb.
Qanı özümdən axır...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.