manera.az
manera.az

Ruğu Rügzö: “Yaradıcılıq dağıdıcılıq deməkdir” - LAHİYƏ | MANERA.AZ

Ruğu Rügzö: “Yaradıcılıq dağıdıcılıq deməkdir” - LAHİYƏ | MANERA.AZ
Manera.az
Manera.az-da “YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən yaradıcıların geniş oxucu kütləsinə təqdim etməkdir. İlk müsahibimiz Bakı Slavyan Universitetinin I kurs dinləyicisi Ruğu Rügzödür.

Qeyd edək ki, bu müsahibələr həmçinin "Hərbi and" qəzetində (həftənin 1-ci günləri) və ladyradio.az radiosunda (həftənin 3-cü günləri saat 13-00-da) yayınlanacaq.


—Ruğu Rügzö kimdir?

— Ruğu Rügzö – Sənəd adı Həbib Heydərov, Müstəqillikdən 2 il əvvəl paytaxtda dünyaya gəlib. Belə isə sadəcə kosmosdan bir adam…

— Ruğu və Həbib arasında fərq…

— Ruğu Rügzö Həbib Heydərovun transhuman versiyasıdır – yəni keçid tipi. Həbib Heydərov 2009-cu ilin bu vaxtları, 20 yaşında "vəfat edib". Ruğu isə elə onun öldüyü gün "dünyaya gəlib". Həbib Heydərovu mənim anam doğmuşdu, Ruğunu isə böyük mənada Azərbaycan doğdu. Ruğunun hələ cəmi altı yaşı var. Bu ildən “məktəb”ə gedir. İlk kitab və Yaradıclıq fakültəsi bax elə bu məktibdir. Yəni Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin I kurs dinləyisidir. Həbib uyumlu, sakit, həssas, üzüyola, altruist, bir gənc idi. Ruğu isə həyatdan yaşına görə qədərindən artıq təcrübələr "dadmış" – uyumsuz, üsyankar, radikal, soyuqqanlı və eqoist bir insandır. Buna görə də, indiki bütün mənfi və müsbətlərimdə – indiki "mən"imdə – mühitə borcluyam, nəinki sadəcə ailəmə. Həbibdən fərqli olaraq, Ruğu Rügzö tərs adamdır – buna görə də onun adı tərsdən yazılır. Həbib adi arzuları olan 3x4 fərd idi, Ruğu isə şəxsiyyət olmaq üçün lazımsız yükləri özündən atır. Güman edirəm ki, həyat lentim qəfildən qırılmasa, Ruğu keçidini üstinsanla tamamlayacaq – mənim üçün həyat missiyası budur.

— Həbiblə Ruğunun birgə aldığı təhsil, qurduğu iş-güc barədə nə deyə bilərsiz?

—2007-2011-ci illərdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya ixtisasında bakalavr təhsili almışam. 2011-2012-ci illərdə cəbhədə hərbi xidmətdə olmuşam. 2013-cü ildə BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin Sosial Fəlsəfə ixtisasına magistrant kimi qəbul olunmuşdum. Bu il doğum günümdən bir gün qabaq magistratura təhsilimdən imtina etdim… Məlum olduğu kimi, bu ildən həm də BSU-nun Yaradıcılıq Fakültəsinə qəbul olunmuşam.

İşə gəldikdə isə tələbəlikdən gənclər sektorunda ictimai fəaliyyətlə məşğul olmuşam. Sıravi könüllüdən nüfuzlu QHT-lərdən birində sədr müavinliyinə qədər yüksəlmişəm. Ötən il isə ürəyim mənə pıçıldadı ki, Ruğu, sən bu sahəni gözəl bilsən də, qalstuk sənlik deyil – o, azadlığı boğur.

Hazırda işləmirəm. Xoşbəxtəm. Yaradıcılıq fakültəsində təhsilimlə və yaradıcılığımla məşğulam.

— Daha çox nəzm yoxsa proza janrında yazırsız?

— Proza düşüncə evimin daimi sakinidir, şeiriyyata isə çərəz kimi yanaşıram.

— Kitabınız çıxıb?

— Ötən ay ilk kitabımın təqdimatını keçirdim. Bu, “Bella Vita” trilogiyamdan I kitab "Ulduz Tozu" romanı idi. Janrca fəlsəfi avtobioqrafik gənclik romanıdır. Xüsusi əhəmiyyəti isə odur ki, Azərbaycan ədəbiyyatı tarixində sözün əsl mənasında ilk tamhüquqlu fəlsəfi romandır.

— Fəlsəfi olmayan romanlar...

— Əlbəttə var. Lap doludur. Misal üçün detektiv romanlar, "aşk" romanları, magik romanlar, Sovet ədəbiyyatı nümunələrimiz, məişət çəkili romanlarımız, yaxud da tarixi romanlar, mifik romanlar və s. Bunlar fəlsəfi roman meyarını daşımır. Fəlsəfi motiv və fəlsəfi roman tamam başqa anlayışlardır…

—Romandakı fəlsəfəni necə izah edirsiz?

— Azərbaycanda fəlsəfi romanın tarixi müstəqilliyimizin tarixi ilə başlayır və bu 20 ildə ilk fəlsəfi roman yaratdığıma təxminən inanıram. Dünya təcrübəsində isə ilk fəlsəfi roman eramızın IV əsrində yazıya alınıb. Bu, Müqəddəs Avqustinin “De Magistro” (“Ustad”) əsəridir. Deməli, bu məsələdə dünyadan 17 əsr geridə olmuşuq – mənim kitabım hələ tənqidçilərə tanış olmasa da, bu ilkə imza atdığım üçün həm sevinirəm, həm də ədəbiyyatımız adına bu qədər geri qaldığımıza üzülürəm. Romandakı fəlsəfə birbaşa fəlsəfənin problemləri ilə bağlıdır. Burada vacib antalogiya problemləri qoyulub. Antalogiya fəlsəfənin başlıca bölmələrindən biridir ki, burada varlıq məsələləri təhlil edilir. Romanda idealizm və materializm müstəvisində teoloji və ateistik düşüncənin toqquşması geniş analiz edilib. Bu mənada “Ulduz Tozu” Axundovdan bəri ədəbiyyatımızda dini təfəkkürün, xüsusilə islamın ən sərt kritiki kimi meydana çıxıb. Əsərdə bəşəriyyətin inkişafı ta ibtidai icmadan bu günə qədər şərh edilməklə yanaşı, antropologiya, iqtisadiyyat, teologiya, sosiologiya, psixologiya və bir sıra sosial-humanitar sahələr üzrə şəxsi ictimai-fəlsəfi baxışlarım və oxuyub öyrəndiklərimdən əldə etdiyim qənaətlər əks olunub. Romanda fəlsəfi mülahizələrimi sistemləşdirmək üçün vacib cəhd etmiş və potensial filosof kimi öz ideyalarımın konseptual əsaslarını formalaşdırmışam. Burada əsas məsələ ekzistensiya məsələsidir – yəni dünyaya atılmış insan, onun mahiyyəti, özünü axtarışı, missiyası. Eləcə də xüsusi vurğulamalıyam ki, XX əsr alman filosofu, özüm üçün başlıca fəlsəfi sələf saydığım və məndən tam 100 yaş böyük olan Martin Haydeggerdən əvvəl və sonra qabardılmayan "heçlik" probleminin geniş fəlsəfi təhlilini vermişəm. Romanda məntiq elminin müxtəlif metod və qaydaları fəlsəfi polemikalara tətbiq edib oxuyanları düşüncə girdabının dibinə ata bilmişəm – oxucuların öz dediyinə görə. Bu üzdən roman həm ekzistensialist, həm də nihilist istiqamətlərə malikdir.
Ruğu Rügzö: “Yaradıcılıq dağıdıcılıq deməkdir” - LAHİYƏ | MANERA.AZ
— Roman oxucular tərəfindən necə qarşılandı?

— Oxucu rəyləri ilə razıyam – çünki yekdil olaraq hər kəs romanın innovativliyi, ciddiyəti ilə seçildiyini qeyd edir. Əsərin bədii quruluşu və digər detallarından yüksək entuziazmla danışırlar. Oxuyanlar zarafatla deyir ki,” axır ki o əjdahadan bizdə də var!”. Bir xeyli yaradıcılıq çılğınlıqları da edib müxtəlif eksperimentlər aparmışam romanda, hətta bunlar belə böyük əksəriyyət tərəfindən maraqla qarşılandı. Əlbəttə, xırda-para qüsurlardan da xali deyil bu əsər – həm ona görə öz janrının, həm də mənim yaradıcılığımın ilk kitab nümunəsidir. Mükəmməl olmasa da, üstündür.

— Müasir tənqidçilərimiz yeni imzaları yetərincə təbliğ edə bilir?

— Siravi oxucunun fikir bildirməyindənsə sözünü demiş tənqidçinin kiçik bir resenziyası belə bir əsəri daha yüksək mərtəbələrə qaldıra bilər. Çox uzağa getməyək, Yaradıcılıq fakültəsində tənqid üzrə müəllimimiz Əsəd Cahangirdir. Bu adam təkcə işini bilən şəxs yox, həm də yaxşı pedoqoq və yaxşı oratordur. Yeri gəlmişkən istərdim ki, digər müəllimlərimiz də – həm fakültəmizdə, həm də ümumən ölkəmizdə oratorluq qabiliyyətləri üzərində çalışsınlar. Ədəbi mühitdə özüm çox yeni olduğuma görə tənqidçilərlə müəlliflərin əməkdaşlığı barədə elə bir təcrübəm yoxdur, təəssüf ki. Ona görə də, bu suala cavab verməkdə doğrusu çətinlik çəkirəm. Bir tərəfdən də, oxuyandan çox yazan olduğundan tənqidin dinamikası da sanki bir az aşağıdır. Öz şəxsi mövqeyimcə isə, mən yəqin ki, heç vaxt yazılarımla bağlı hansısa tənqidçi ilə əlbir olmaq istəməzdim – məni bu cür baxış bucağı əslində maraqlandırsa da... Çünki qaydaları dağıtdığımın və bunu şüurlu şəkildə etdiyimin fərqindəyəm. Yaradıcılıq hər şeydən qabaq dağıdıcılıq deməkdir. Köhnə küllükdə güllük salmaq olmaz, gərək birinci dağıdıb tökəsən. Bunu isə öz müasirlərimiz sərt biruzəli qarşılayır, adətən.

—Sizi Yaradıcılıq fakültəsinə gətirən səbəb?

— Yaradıcılıq fakültəsinə gəlişim elə bir vaxta düşdü ki, artıq romanım bitmiş və üzərində korrektə, redaktə işləri aparırdım. Yeni qəbul elanları gedəndə dostlarım da ciddi cəhdlə müraciət etməyimi lazım bildilər. Özüm də düşündüm ki, rast ki, mən "içəridən döyülən qapı" üçün bir çox şeyin üstünə xətt çəkmişəm, heç olmasa bunu layiqli şəkildə edim – bacarıqlarımı təkmilləşdirim. Yəni, birinci növbədə ədəbiyyatla bir sənət kimi tanış olmaq, peşəkarların mühazirələrini dinləmək, xüsusi proqram üzrə ədəbi biliklərimi zənginləşdirmək, ədəbi mühitə addım atmaq və başqalarına da demək ki, ay yoldaşlar, gəlin ədəbiyyatımızı yeniləşdirək, bəsdirin yüngül mövzulara ilişib qaldınız.

— Bu cəhd yaradıcılığınıza ciddi təsir edə biləcək?

— Sözsüz ki, edəcək. Mən özüm yaxşı bilirəm ki, istedadım var və potensialım nələrlə əhatə edilər. İstedad faydalı qazıntı yatağıdır – onu kəşf etmək azdır, “istismar” etməyin qaydalarını öyrənmək lazımdır. Bizim fakültə isə hesab edirəm ki, Azərbaycanda sahəsinin ən yaxşısıdır. Əlbəttə, ən yaxşı olmaq özü hələ mütləq yaxşı olmaq demək deyil, səmimi deməliyəm. Bizim təkcə ədəbiyyat üzrə deyil, ümumən – digər sənət sahələri üzrə də dünyagörüşümüzün formalaşdırılması və ya inkişafı üçün real addımlar atılır. Ustad dərsləri, ekspert görüşləri, müxtəlif təqdimatlar, teatr tamaşalarına getmək, fotoqrafiya sənəti, dünya kinosunun ən yaxşı nümunələrinin təhlili bu sarıdan fakültəmizin koloritini artırır. Özünütəhsil ilə yanaşı Yaradıcılıq`da təhsil almaq mənim üçün dumanlı bir çox şeyi aydınlaşdıracaq. Xüsusilə işin nəzəri tərəflərini mənimsəmək məni daha çox maraqlandırır.

— Fakültədə dərslər necə gedir?

— Dərslər getmir, uçur. O mənada ki, aktiv keçir, predmetlərimizlə bağlı maraqlı müzakirələrimiz, hətta polemikalarımız olur. Xüsusilə Fəxri müəllimin dərsi ən qaynar dərslərimizdəndir: müxtəlif müəlliflərin proza texnologiyalarının disputu, həm də dinləyici olaraq özümüzün yaradıcı təxəyyülünü, intellektini aşkara çıxarmağa kömək edir. Qismət müəllimin mühazirələri isə ensiklopedik xarakter daşıyır. O, məndən cəmi üç yaş böyükdür, amma mən onun yanında özümü otuz il gənc hiss edirəm və təəssüf edirəm ki, abituriyent vaxtımda ədəbiyyat müəllimim Sevda xanımın tövsiyəsini dinləməmişəm. Qismət müəllimlə haradasa həmyaşıq, buna görə də mən onun şairliyi haqqında danışanda eləcə Qismət deyirəm. Ancaq mühazirələrindən danışıramsa bu adam olur artıq Qismət müəllim. Liderin istedadlı və mütaliəli adam olması dərslərə yanaşma sarıdan xüsusi motivasiyadır dinləyicilər üçün. Yeni müəllimimiz Flora Naci də çox şıq və auditoriya ilə yaxşı işləmək bacarığı olan bir xanımdır. Düşünürəm ki, ədəbiyyat nəzəriyyəsinin xanım müəllimə etibar edilməsi daha yaxşı addım oldu – sanki qəliz və kaprizli ədəbiyyat qanunlarını qadın mehribanlığı lap bir fikir püresi kimi yedizdirə bilər beynimizə. Zoya xanımın Dünya Ədəbiyyatı fənnindəki mühazirələri zamanı onunla və qrup yodaşlarımla daim polemikalarım olur. Hətta, mən münasibət bildirməyəndə, soruşur ki, nə əcəb susursan? Südabə xanımın dərslərində isə Azərbaycan ədəbiyyatının gəlmişinə-keçmişinə dair qıcıqlandırıcı fikirlər bildirməkdən özümü saxlaya bilmirəm. Antoqonist bir adam olduğumdan özüm də dərsləri müəllimlərimizdən az maraqlı etmirəm, bir az zarafatla deyəsi olsam. Hazırda isə Kamal müəllimin tərtib etdiyi xüsusi proqram üzrə ən ibtidai səviyyədən kitablar da götürmüşəm ki oxuyum.

— Yeri gəlmişkən, hansı mərhələdəsiz?

— Bir qədər təzə başlamışam. I mərhələdəyəm. 5 cildlik Azərbaycan xalq nağılları, S.S.Axundovun “ Qorxulu Nağılları”, H.Andersenin nağılları və s. daxildir bura. Hətta bir az irəli qaçıb Ordubadinin “Qılınc və Qələm” romanını da oxuyuram. Bunlarla yanaşı bilavasitə öz oxumaq istədiyim yerli və xarici müəlliflərin də kitablarını oxuyuram. Bu günlərdə Mark Levinin “Bəlkə də, bu, həqiqətdir” bestseller romanını bitirdim. Pis deyildi. Yekun olaraq isə – zənnimcə, fakültəbi bitirməmişdən qabaq Kamal müəllimin siyahısını bitirə bilərəm.

— Sizcə, müasir düşüncə nədir?

— Müasir sözü ikibaşlı sözdür. Çoxumuz elə bilirik ki, bir şey müasirdirsə, deməli hökmən yaxşıdır. Yaxud da əksinə – yaxşıdırsa, hökmən müasirdir. Bu yanlışdır. Zira, bu cür hesab eləsək, belə çıxır ki, keçmişdən bu günə bir dənə də faydalı, dəyərli bir şey gəlib çıxmayıb. Yaxud bu günümüzdə olan hər şey bu günün olduğuna görə – müasir olduğuna görə yaxşıdır. Beləliklə, ifadənin təyinini aydınlaşdırdıqdan sonra "müasir düşüncə" kontekstində “müasir” təyininin sadəcə düşüncənin çağdaşlığını ifadə etdiyini deyə bilərəm. Kiber-müharibələr də müasir düşüncənin bir ifadə formasıdır, eftanaziya da, abort da, futbol azarkeşlərinin bir-birini döyməsi və s. Bəs bunlar hamısı yaxşıdırmı? Yaxşıdırsa, nə qədər yaxşıdır? Hansı prinsipə əsasən yaxşıdır? O üzdən də, müasir düşüncə anlayışını sadəcə cari düşüncə kimi qəbul etmək lazımdır və özüm elə bu cür qəbul edirəm. Bundan daha artıq və insanlığın məqsədi olmalı olan düşüncə isə vicdanlı düşüncədir. Çünki düşüncə özü özlüyündə şüurun diriliyidir. Şüurluluq isə hələ hər şeyi doğru, məntiqli və vicdanlı yerinə yetirmək demək deyil. Silahları da şüurlu olan homo sapienslər yaradıb, digər primatlar yox.

— Ədəbiyyatla müasir dünya bir-birini nə dərəcədə tamamlaya bilir?

— Ümumi mənada ədəbiyyat və müasir dünya hesab edirəm ki, bir-birini kifayət qədər tamamlaya bilir. Ən azı bir neçə il, on il, yüz il əvvəl fantaziya hesab etdiyimiz şeylər – həm elmi, həm ictimai mənada – bu gün gerçəkliyə çevrilir və ya çevrilməkdədir. İstər mənfi biçimdə, istər müsbət. Ədəbiyyat hər şeydən qabaq istedadla əmələ gəlir. İstedad isə dahilərin lənətidir. Bu lənət dahiləri vadar edir ki, onlar gündəlik, cari, eləcə də gələcək problemlərimizə işıq sala bilsinlər, yaxud keçmişə başqa rakursdan baxış formalaşdırsınlar. Ona görə də ədəbiyyatı müstəqim bir obyekt kimi yox, yaradıcı adamların yaradıcılıq nəticəsi kimi başa düşmək və yaradıcı adamların da – yəni dahilərin də bu eybəcərləşə-eybəcərləşə təhrikediciliyini itirməyən dünyaya münasibət bildirməsinin qaçılmaz bir tələbat olduğunu başa düşməliyik. Bu mənada ədəbiyyatı elə dünya – müasir dünya özü yaradır. Ədəbiyyatı göylərə qaldırmaq, atmosferdən kənarda axtarmaq lazım deyil. Onu uzaq Senturi, Bətəlgeyz, Sirius ulduzlarında axtarmayaq. Ədəbiyyat lap elə burada, litosfer tavalarının üstündə – Yer qabığındadır – biosfera və sosiosferada, bizim arazmızdadır.
Ədəbiyyatın yazdıqlarını bəzən insanlar əxlaqsız və ya qeyri-insani bir mətn kimi dəyərləndirə bilirlər, amma ədəbiyyat sadəcə olanı deyir, ədəbiyyat demir ki, bu cür olmalıdır. Sualınıza Azərbaycan çərçivəsində cavab versəm ancaq, hesab etmirəm ki, çağdaş Azərbaycan ədəbiyyatı müasir dünya ilə uzlaşır. Bizim məişət problemlərimiz, azərbaycanlının adi həyat qayğıları dünya üçün maraqlı deyil və bu zəmində ciddi əsər ortaya qoyan azərbaycanlı kimisə tanımıram. Arvad üstünə arvad almaq, xərçəngdən ölmək, namus üstündə qətl – bu kimi mövzularla hansısa italyanı, fransızı təəccübləndirmək müşkül məsələdir. Qərb bu mövzuları ən yaxşı halda ötən əsrin əvvəllərində geridə qoyub. Litosfer tavasında daha ciddi mövzular var. Yaxşı olar ki, fəlsəfi proza inkişaf etsin ədəbiyyatımızda. Elmi-fantaziya, siyasi fantaziya, distopiya və utopiya janrlarında əsərlər meydana çıxsın. Sürətlə dəyişən dünyada 100-200 il əvvəlin bayağı problemləri bizə nə Nobel gətirəcək, nə də ciddi mövqe. Beynəlxalq bestsellerimizin detektiv yazarı olduğunu xatırlamaq bunun üçün kifayətdir.

— Gələcək planlarınız …

— Gələcək planları da artıq reallaşdırmaq üçün qollarımı çırmamışam. İki gündür ki, yeni kitabımı yazmağa girişmişəm. Azərbaycanda distopik prozanı inkişaf etdirməyi vacib sayıram. Kitabım – formaca özümün "oktonoviya" adı verdiyim səkkiz novelladan ibarət bir kitab olacaq. XIV əsr Avropa ədəbiyyatında “dekameron” üslubu da bu cür meydana çıxıb. Covanni Bokkaçço da maraqlı bir eksperiment aparmışdı novellalarla bağlı. Mən isə bir qədər yığcam və fərqli prinsiplərlə belə bir üslub seçmişəm. Burada "gələcəyin şəri" barədə sosial-fəlsəfi proqnozlarımı ələ alaraq vahid bir tamın səkkiz ayrı sahəsinə səkkiz novellal həsr edəcəm. Üç ay ərzində tamamlamağı nəzərdə tuturam. Yəqin ki, Novruz bayramında Azərbaycanın ilk distopik novella toplusunu oxuyanlara hədiyyə edə biləcəm. Qoy o post-modernizm adına bayağı, şit erotizmi ədəbiyyat mövzusu edənlər də görsünlər ki, əslində post-modernizm nə imiş. Daha sonra bayaq vurğuladığım trilogiyam “Bella Vita” çərçivəsində digər iki romanı yazmaq əsas plandadır. II kitab – "Ölümlə Tanqo", III kitab isə "Dekadans" adlı roman olacaq. Yəqin ki, 2018-ci ilə kimi bunlar hamısı tamamlanacaq.

— Son olaraq oxucularımıza hansı ədəbi nümunə təqdim edə bilərsiz?

— Haqqında danışılan romanımdan bir parça təqdim edərəm. Qeyd edim ki, oxucular tərəfindən də xüsusi maraqla qarşılanıb bu hissə. Romanı ərəbmənşəli sözlərə öz təklif etdiyim yeni orfoqrafik prinsiplər əsasında yazmışam – bununla da oxucular həmin parçada tanış ola bilərlər.

***

"...Baxdıqca da beynini bulandıran həmin mənzərədə həmişəki adəti üzrə “sosial jüri” ilə danışmağa başladı. Bu sosial jüri Onun xəyali auditoriyası idi. Hər dəfə ətrafdakı hadisələri düşünəndə, insanların hərəkətlərini fikirləşəndə həmin sosial jüri ilə həmsöhbət olurdu. Bu, söhbətdən çox monoloqa oxşayırdı, çünki jüri həmişə susurdu. Bu susqunluğun altında isə Ona qarşı böyük bir nifrət və kin vardı. Cəmiyətin ən ağrılı nöqtələrinə, ən baş ağrıdan məsələlərinə münasibət bildirəndə bu jüri peyda olar və Onun ağlından keçirdiyi düşüncələrinə qulaq verərdi. Bu jüri o jüri idi ki, onlar düşük TV proqramlarında ucuz şoubaz aparıcıların moderatorluğu ilə harada bir bədbəxt, atılmış var idisə, onu efirə çıxardıb, dişlərinin dibindən çıxanı üzlərinə-gözlərinə deyərdilər. Bu jüri o jüri idi ki, əxlaqsızın öndə gedəni olan adamlar bu heyətin tərkibində canlı yayımdan xalqa əxlaq, tərbiyə dərsi keçirdi. Bu jüri o jüri idi ki, onlar heç efirə çıxmadan da fəaliyət göstərirdilər: onlar bizim qapı-qonşumuz, qohumumuz, iş yoldaşımız, hansısa körpüdə rastlayan kəndçimiz və başqa onlarla qisimdə qabağımıza çıxırdılar. Bu jüri tanıdığı-tanımadığı, haqqı çatan-çatmayan hər kəsə kəskin iradlar bildirir, onu tənqid edir, özü abırsız ola-ola, başqasının bir səfinə görə abrını ətəyinə verir, bütün günü deyinir, qeybət edir, söz aparıb-gətirir, başqalarının şəxsi həyatına burun soxur, özlərinin nail ola bilmədiyi uğurları başqasının qazandığını görəndə şəbədə qoşur, yüksələn insanları gözdən salmaq üçün min cür hekayələr uydurur, lazım gələndə lap faizə pul buraxıb, sonra da ölmüş dədəsinin-nənəsinin yerinə Həcc ziyarətinə gedirdi. Bu jürinin üzüvləri özlərinin oxumadığı Quranı başqalarına təbliğ edir, ağız-dolusu milli “mentualet”dən danışıb, avtobusda, metroda başqasının qızına, arvadına sürtüşən erkəklərə səs çıxarmağa həya edirdi. Bu sosial jüri üçün ən vacib məsələlər Azərbaycan xalqının qonaqpərvərliyi haqda təmtəraqlı söhbətlər, milli-mənəvi dəyərlər kimi klişe mövzularda boğazdan yuxarı sayıqlamalar, anlamadığı hər şeyi yarım qaşıqlıq beyni ilə yarğılamaq idi. Bu sosial jürinin ortalama yaşı elə Azərbaycan xalqının ortalama yaşı ilə eyni idi. Burada nə qədər qoca vardısa, elə o qədər də cavan vardı. Burada nə qədər qadın var idisə, elə o qədər də kişi vardı. Burada nə qədər ağıllı yox idisə, elə o qədər də ağılsız var idi. Onlar min cür libasda, min cür simada hər addımbaşı Onun qabağına çıxırdılar. Onlar gah ütü kəsmiş kostyumda ziyalı görkəmi ilə, gah yanşaqlıq edən maşın alverçisi tipində, gah da metroda yer üstə dava edən orta yaşlı xalaların qiyafəsində zühur edirdilər. Bu sosial jürinin tərkibində məllimdən, həkimdən tutmuş biznesmenə qədər vardı. Bu sosial jürinin heyətində işsizlərdən tutmuş təqaüdçülərə qədər hər cür adam vardı. Əlqərəz, dünyadakı ən böyük jüri idi – onun tərkibindəki rəngarənglik qədər başqa heç bir jürinin tərkibində müxtəliflik tapılmazdı. Bəli, bu sosial jüri dünyadakı ən nəhəng jüri idi – onun tərkibində doqquz milyonluq Azərbaycan xalqı vardı".


Ramilə QARDAŞXANQIZI
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031