manera.az
manera.az

Bir İnci xəzinəsi – Nizami Gəncəvi

Bir İnci xəzinəsi – Nizami Gəncəvi
Dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, bəşəriyyətin bədii fikir salnaməsinə yeni cığır açmış nadir şəxsiyyətlərdən biri olmuş Nizami Gəncəvi yaradıcılığı bu günə qədər öz aktuallığını qoruyub saxlamaqdadır.

Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. O, hələ sağlığında özünə şeirdən əbədi bir mücəssəmə qoymuşdur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi dəyərləndirilir.

Müdrik və novator şair Nizami Gəncəvi bədii, elmi, fəlsəfi görüşləri keçmişdə olduğu kimi müasir dünyamızda da böyük nəzəri və elmi əhəmiyyətə malikdir. Bu dahi söz, sənət ustadının yaşadığı dövrdən 880 il keçsə də onun düşüncə tərzi, həyata baxışları və novatorluğu bu gün də müasirdir, aktualdır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən, ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir.
Bir İnci xəzinəsi – Nizami Gəncəvi
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrət tapmışdır. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır.

Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə etmişdir. Təsadüfi deyil ki, Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Şairin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmaqdadır. “Xəmsə” insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yerini tutur.

Şairin əsərlərində, şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. “İnsan dəyərli və ehtirama layiq varlıqdır.” Nizami Gəncəvinin əxlaq fəlsəfəsinin bünövrəsi bu mühüm tezisdir. İkinci prinsip budur: İnsan dəyərli olduğu üçün bir sıra fundamental və təməl hüquqlara malikdir. Onun Xəmsə`si başdan başa insanın mənəvi təkamülünə, onun ruhunun mənəvi seyrinə həsr olunub. Burada verilən qəhrəmanlar böyük ruha sahib şəxsiyyətlərdir.

Nizaminin “insan”-ı Tanrıya təzim edir. Leyli və Məcnun əsərinin başlanğıcında Tanrıya xitabən zəngin mətləblər açıqlanır:

Ey adı ən gözəl başlanğıc olan,
Adınla başlanır yazdığım dastan,
Sən, ey xatirəsi könlümə həmdəm,
Adın düşməmişdir dilimdən bir dəm.

Bütün varlıqları özün yaratdın,
Bağlı qapılara açardır adın.
Adının qərarı olmadan əvvəl,
Qələm tutmamışdır dünyada bir əl.
Ey bütün varlığın həyat təməli,
Yetməz dərgahına bir insan əli.


Humanist və tolerant şair müxtəlif dinlərə mənsub olan qəhrəmanların heç birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmırdı. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularından biri idi.

Nizami Gəncəvi Şərq ədəbiyyatında ilk dəfə məhəbbəti fəlsəfi mənada şərh edərək nəcib məhəbbət konsepsiyasını yaratmışdır. Nizamiyə görə, kainatın söykəndiyi yeganə dayaq eşqdir. Bütün varlıqlar eşqlə dayanır və onunla hərəkət edirlər. “Fələyin eşqdən başqa bir məhvəri yoxdur”.

“Xosrov və Şirin” poemasının qəhrəmanının tarixi şəxsiyyət olmasına baxmayaraq, şair, əsasən məhəbbətin qüdrətini tərənnüm etmişdir. Şərq ədəbiyyatı tarixində Nizami Gəncəvi ilk dəfə olaraq qadını yüksək insani keyfiyyətlərə malik ülvi varlıq kimi təsvir etmişdir. “İsgəndərnamə” əsərində o, Nüşabə kimi hünərli qadın hökmdarın mərdliyini, ağllı, gözütox, uzaqgörən olmasını, onun ölkəni müdafiə etmək bacarığını yeri gəldikcə xatırlamış və müasirlərini bu şərəfli tarixdən öyüd almağa səsləmişdir.

Azərbaycan şairlərinin yaradıcılığında da Nizami irsi olduqca qabarıq şəkildə özünü göstərir. Bu dövr ədəbiyyatının ən mühüm xüsusiyyətlərindən və aparıcı istiqamətlərindən biri Nizami məktəbinin qiymətli ənənələrinin - humanizm, insana məhəbbət, cəmiyyətdəki eyiblərin tənqidi və b. motivlərin davam və inkişaf etdirilməsi idi.

Nəsimi, Nizami Gəncəvinin yaradıcılığından ruhlanaraq şeirlərində məhəbbətin aliliyi, həyata bağlılıq, insan gözəlliyi haqqında şeirlər yazmışdır. Nizami yaradıcılığından ruhlanan Füzuli də Nizamidən sonra eyni adlı poema “Leyli və Məcnun” poemasını yazmışdır. Nizami əsərlərindən Füzulinin "Leyli və Məcnun"nu fərqləndirən əsas cəhət onda lirik haşiyələrin üstünlüyüdür. Səməd Vurğunun qələmə aldığı "Fərhad və Şirin" əsəri Nizami ənənəsinin ən uğurlu davamı hesab edilir.

Göründüyü kimi, Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri olduqca böyükdür.

Azərbaycanda Nizami irsi həmişə diqqət mərkəzində olmuş, dövlət və hökumətimiz şairin əsərlərinin çapı, yeni əsərlərinin üzə çıxarılması və təbliği istiqamətində işlərə böyük önəm vermişdir.

Həmid Araslı, Məmməd Mübariz, Mir Cəlal, Mirzə İbrahimov, Mirzəağa Quluzadə, Məmmədağa Sultanov, Rüstəm Əliyev, Teymur Kərimli, Azadə Rüstəmova, Nüşabə Araslı, Xəlil Yusifli, Əlyar Səfərli və başqa görkəmli alimlər dahi sənətkarın irsini müxtəlif aspektlərdən tədqiq etmişlər. Nizaminin anadan olmasının 840, 850, 870 illik yubileyləri ölkəmizdə dövlət səviyyəsində qeyd olunmuş, əsərləri latın əlifbası ilə təkrar çap edilmişdir.

Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi irsin, məktəbin əsasını qoymuşdur. Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar.

Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunmuş, Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir. Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir.

Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Ədəbiyyatımızın inci xəzinəsi, Nizami yaradıcılıq irsi, əsərlərindəki öyüd və nəsihətləri, elmi-fəlsəfi irsi ilə bəşər sivilizasiyasının mədəniyyət xəritəsində öz layiqli yerini tutur. Bu qeydlər bir daha onu göstərir ki, Nizami yaradıcılığı həmişə aktual olmuş, bu gün də vacibdir və gələcəkdə də gərəklidir. Nizami təkcə Azərbaycan xalqının deyil, ümumbəşəri şair olaraq bəşəriyyətin qəbul etdiyi bir simadır.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Gəncədə Nizami mərkəzi yaradılmış, Nizamişünaslıq jurnalı bərpa edilmişdir. İlham Əliyevin dəstəyi ilə Avstriya, Almaniya, İngiltərə, Rusiya, Misir kitabxanalarından Nizaminin əl yazmalarından bir hissəsinin surətləri Gəncəyə gətirilmişdir. Ən vacibi odur ki, Nizaminin adı və əziz xatirəsi dünyaya səpələnmiş Azərbaycan xalqının qəlbində əbədi yaşayır və daima yaşayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami ili" elan etməsi ölkəmizdə klassik ədəbi irsimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simaların tanıdılmasına, müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin, böyük qayğının, yüksək dəyərin əməli ifadəsidir.

Bu qərar, həm də prezident İlham Əliyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına, adlı-sanlı ədəbi-tarixi şəxsiyyətlərimizə yenidən qayıdış istiqamətində apardığı ardıcıl siyasətin növbəti təzahürüdür. Bu addım, mənəviyyat xəzinəmizə yeni, əvəzsiz bir töhfədir.

Nizami Gəncəvinin yaratdığı zəngin ədəbi məktəbdən bəhrələnən, oradan dərs alan hər bir insan dərin elmi bilik, yüksək təfəkkür, analitik düşüncə tərzi qazana bilir. Onun qoyub getdiyi zəngin xəzinə, insanları haqqa, ədalətə, həmrəyliyə, elmə, zəkaya mədəni dialoqa səsləyir.

Nizami bəşəriyyət üçün nadir bir tapıntıdır. Azərbaycan ədəbiyyatında doğan bu parlaq günəş öz şüaları ilə bəşər övladı canlandıqca həmişəyaşıl ağacı kimi əbədi yaşayacaqdır.

Hacıyeva Könül
“Distant Bilik” Mərkəzinin
Azərbaycan-dili və Ədəbiyyat müəllimi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031