manera.az
manera.az

Məlahət Babayeva: "Ədəbiyyat həyatımın tərkib hissəsidir" -lAYİHƏ | MANERA.AZ

Məlahət Babayeva: "Ədəbiyyat həyatımın tərkib hissəsidir" -lAYİHƏ | MANERA.AZ
manera.az
“YARADICILAR” layihəsini ərsəyə gətirməkdə məqsədimiz yolu Yaradıcılıqdan keçən yaradıcıları geniş oxucu kütləsinə təqdim etməkdir. Üçüncü müsahibimiz Bakı Slavyan Universitetinin I kurs dinləyicisi Babayeva Məlahət Ramiz qızıdır.


- Məlahət Babayeva kimdir?

- Babayeva Məlahət Ramiz qızı –dövlət mükafatçısı, Filologiya üzrə fəlsəfə doktoru olan Məlahət Ramiz qızı Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimiyəm.

Babayeva Məlahət Ramiz qızı Bakıdakı 44 saylı orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı tibb məktəbinə daxil olmuş və həmin yeri “tibb bacısı” ixtisası üzrə bitirmişdir.

Sonra ADPU-nun Filologiya fakültəsinin həm bakalavr, həm də magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişəm.

Gəncliyə Yardım fondunun, Şəhriyar adına Mədəniyyət mərkəzinin təşkil etdiyi kurslarda iştirak etmiş və bu kursların hamısını birinciliklə bitirərək mükafatlandırılmışam. 5 oktyabr 2009-cu il tarixindən Gəncliyə Yardım Fondunda xarici dil (ingilis, rus) və kompüter üzrə müəllim vəzifəsində işləmişəm.

2007-ci ildən 2011-ci ilə qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı olmuş, 2012-ci ildə “H.Cavid dramlarında tarixi şəxsiyyətlərin bədii obrazları” mövzusunda dissertasiyanı müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.

Dissertasiya işi və digər mövzularla bağlı 60-a yaxın elmi məqalə və tezislərin müəllifiyəm.

ADPU-nun dram dərnəyinin rəhbəri, TDQK-nın magistratura şöbəsinin ekspertiyəm.

2012-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə keçirilən “Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri” adlı müsabiqənin qalibi olmuşam.

Hal-hazırda AMEA-nın Folklor İnstitutunda filologiya üzrə elmlər doktoru almaq üçün yeni dissertasiya üzərində işləyirəm.


- Özünüz də qeyd etdiyiniz kimi, kifayət qədər potensiala, daha dəqiq desək – elmə sahibsiniz və bu bir xanım olaraq sizə bəs edə bilərdi, ancaq bu gün həm də siz Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsilinizi davam etdirirsiz. Bu barədə...

- Peyğəmbərimizin belə bir kəlamı var: "Beşikdən qəbrə qədər oxuyun". Oxumaq-öyrənmək mənim həyat kredomdur. Bildiyiniz kimi, Yaradıcılıq fakültəsində dərs deməyə təhsilim də, savadım da imkan verir. Amma özüm dinləyici səviyyəsindən başlamağı seçdim. Kamal Abdulla kimi, Asif Hacıyev kimi alimlərdən də bəhrələnmək istədim.

Burada əvvəllər yalnız yaradıcılıqlarından tanıdığım Fəxri Uğurlu, Əsəd Cahangir, Şərif Ağayar, Qismət Rüstəmov kimi müəllimlərin güclü pedaqoji potensialını kəşf etdim. Başqa müəllimlərdən isə pedaqoji fəaliyyətim üçün maraqlı cəhətləri əxz etdim. Onlar mənə eyni səhvləri təkrarlamamağım üçün gözəl nümunə oldular.

Onu da qeyd edim ki, mən bədii yaradıcılqla bu vaxta qədər məşğul olmamışdım. Fəxri Uğurlu dərslərin birində bizə G.Mopassanın "Boyunbağı" hekayəsinə öz baxış bucağımızdan yanaşmağımızı, əsəri yenidən işləməyimizi təklif etdi. Demək olar ki, bədii ədəbiyyatda ilk işim bu əsər oldu. Ola bilər ki, gələcəkdə nasir kimi də öz qələmimi sınadım.

- Ədəbiyyata marağınız necə yaranıb?

Ədəbiyyata olan marağım ilk növbədə ailəmdən qaynaqlanıb desəm doğru olar. Nəsrə marağım uşaqlıqdan var idi. Sovet dövründə "Azərkitab" adlı müəssisə var idi. BDU-nun Jurnalistika fakültəsini bitirən anam orada uzun müddət "Xarici ədəbiyyat şöbəsi"nin müdiri işləyib və dövrünün demək olar ki, bütün şair və yazıçıları ilə şəxsi tanışlığı olub. Evimizi də çox nadir və qiymətli kitablar olan zəngin kitabxanaya çevirib.

Bundan əlavə biz hər il yay tətilimizi anamın ata yurdu olan İlisuda keçirərdik. Ora da bilirsiniz ki, alimlər yurdudur. Bütün tətili nənəmə kitablar oxumaqla başa vurardıq. Sonra isə tale elə gətirdi ki, mən məhz filologiya fakültəsinə qəbul oldum.

İlisudakı baba evimizdə böyük kitabxana da var. Burada hələ 17-ci əsrin daşbasma üsulu ilə çap olunmuş kitabları da mövcuddur. Onlar mənə ərəb və fars dillərini öyrənməyimə rəvac verdi. Məktəb illərində ərəb, fransız, ingilis, universitet illərində isə fars dilini öyrəndim. Hazırda da bir neçə dillər üzərində işləyirəm. Bu isə mənə xarici ədəbiyyatı öz dilində oxumaq imkanı yaratdı.

- Bəs ədəbiyyatdan nə alırsınız və ya nə vermək fikrindəsiz?

- Ədəbiyyat yaşadığımız həyatın bədii tərcümanıdır. Hətta vaxtilə fantastik olan əsərlər belə indi real həyatda öz təsdiqini tapıb. Misal üçün Jül Vernin əsərlərində fantastik hesab etdiyimiz bir çox məfhumlar artıq kəşf olunub və elm aləminə məlumdur.

Ədəbiyyata hobbi kimi də yanaşanlar var. Lakin mən ədəbiyyata həyatımın tərkib hissəsi kimi yanaşıram. Hətta cəmiyyət tərəfindən sevilməyən, qəbul edilməyən əsərləri də mütaliə edirəm. Bir filoloq kimi bunları bilməyə borcluyam.

Kitablar isə insana yalnız mənəvi zövq, bilik, güc, bəzən hətta ümid də verir...

Ədəbiyyata nə vermək istəyirsiz sualına gəlincə isə- savadlı tənqidçi olmaqla ədəbi tənqid tariximizdə öz yerimi tutmaq istəyirəm. Zamana, məkana əyilməyən tənqidçi kimi fəaliyyət göstərmək istəyirəm.

- Hal -hazırda ədəbiyyata böyük axın var. Sizcə bu axına səbəb nədir?

- Azərbaycan xalqı çox istedadlı və yaradıcı xalqdır. Əhalinin demək olar ki, 90 faizi bədii yaradıcılıqla məşğuldur. Nənələrimiz canlı xalq ədəbiyyatı toplusudur. Bundan əlavə onlar kamil bayatı ustalarıdır.

Azərbaycan çox zəngin təbiətə malikdir. Adətən gözəl təbiəti olan yerlər şairlərin çoxluğu ilə tanınar. Bu isə həm də onların etnopsixologiyası ilə də bağlıdır. Yəni xalqımız çox həssas və emosiyanaldır. Şairlər təbiət, fəsil, insan gözəlliyindən tutmuş bütün emosianal hissləri də təsvir və tərənnüm etmişdir. Lakin məlum olduğu kimi ədəbiyyat tarixində ən çox fəlsəfi əsərlər öz yaşarlılığını qoruyub saxlamışdır.

Ədəbiyyata axın hər zaman aktual olub. Amma zaman onları ələyib, ən sanballılarını saxlayıb. Şairlərimiz Nizaminin, Füzulinin, Müşfiqin, Cavidin, Bəxtiyarın dövründə də çox olub. Amma onların əksəriyyəti Azərbaycan ədəbiyyatı tarixində bir iz qoymadan unudulublar. Müasir dövrümüzdə də belə olacaq. İndi senzura, kitab çapına heç bir maneə olmasa da yazar və şairlərin çoxu yalnız həvəskar müstəvidə qalacaq. Onları yalnız yaxın ətrafı şair-nasir kimi xatırlayacaq.

- Avropa ədəbiyyatından kimləri oxuyursunuz?

Avropa ədəbiyyatında bütün klassikləri, nobelçiləri, müxtəlif ədəbi cərəyanların nümayəndələrini oxuyuram. İndi əsasən çağdaş yazarların və müasiri olduğumuz nobel mükafatçılarının yeni əsərlərini mütaliə edirəm.

- Bəs müasirlərdən kimləri daha çox oxuyursuz?

- Anar, Elçin, Kamal Abdulla, Şərif Ağayar, Fəxri Uğurlu, Baba Vəziroğlu, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqubun və başqalarının yaradıcılığını izləyirəm. Fərqanə Mehdiyeva, Qismət Rüstəmov, Aqşin Yenisey, Şəhriyar del Gerani, Qaraqan, Qan Turalı, Mirmehdi Ağaoğlu və digərlərinin yaradıcılığı ilə də tanışam, onları da mütaliə edirəm. Daha doğrusu bu siyahını çox uzatmaq olar. Adlarını çəkmədiklərim ümid edirəm inciməz. Ən son oxuduğum kitab gənc yazar Şəhla Aslanın "Qüdsal dönüş" kitabıdır.

- Tənqidə münasibətiniz necədi?

- Tənqidi çox sevirəm. Əvvəllər alim-yazar dostlarım xahiş edirdilər ki, kitablarına, əsərlərinə rəy-resenziya yazım. Sonra isə artıq özüm təndiqçilik fəaliyyətinə başladım. Nobel mükafatçılarının əsərlərinə həsr edilmiş silsilə tənqidi məqalələrim var. Amma hələ bu silsiləyə davam edirəm. Marsel Prust yaradıcılığında psixologizm, Uilyam Folkner və gizli psixologizmlər, "Folklorla bağlı maraqlı tədqiqatlar toplusu", görkəmli alimimiz İsa Həbibbəyliyə həsr edilmiş" Ədəbiyyatımızın görkəmli araşdırıcısı və dəyərli təəssübkeşi", Orhan Pamukun " Məsumiyyət müzeyi" əsərinə həsr edilmiş "Eşq haqqında ölümsüz əsər", H. Mirələmovun "Xəcalət" povestinə yazdığım "Xocalı ağrısından yaranan “Xəcalət” və digər məqalələrin müəllifiyəm.

- Sizi necə, tənqid ediblər?

- Çox maraqlı sualdır. Bilirsiz bizdə tənqidi düzgün anlamayanlar çoxdur. Tənqidi demək olar ki, heç kəs sevmir. Tənqid deyəndə yalnız təhlil və tərifi nəzərdə tuturlar. Bəzi təndidçilər isə təhqir ilə tənqidi səhv salırlar.
"Məni tənqid ediblərmi" sualına gəldikdə isə belə cavab verə bilərəm ki, xeyr.

Mənim ingilis dilində "Hüseyn Cavidin "Topal Teymur" dramının tərcüməsi və şərhi" adlı bir kitabım var. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə magistrlər üçün dərs vəsaiti kimi nəşr olunub. Bu kitabın nəşr olunması üçün həm ADPUnun, həm də ADU-nun elmi ekspertlərinin, fakültə və üniversitet elmi şurasının müsbət rəyləri var. Kitab işıq üzü gördükdən sonra isə AMEA-nin Nizami adına Ədəbiyyat İnstitunun, Folklor İnstitunun, H. Cavidin ev muzeyinin professor-alim heyyətindən ancaq müsbət rəylər almışam.

Bu ay Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmri ilə universitetin bakalavr pilləsi üçün nəzərdə tutulmuş daha üç proqramım işıq üzü görüb. Onlar da həm universitetimizin, həm də akademiyanın alimləri tərəfindən gözəl qarşılanıb.

- Tənqidi yazılarınızla necə tanış olmaq olar?

- Ədəbi-tənqidi məqalələrim dövrü mətbuatda mütəmadi nəşr olunur. Ədəbiyyat saytlarında, səhifələrdə də tez-tez yayınlanır.

- Gələcək planlarınız...

- Hazırda müstəqil internet kanalların birində iki layihə üzərində çalışıram. Artıq iki işim hazırdır. Bundan əlavə Təlim mərkəzinin açılışı ilə də bağlı işlər gedir. Planlar, fəaliyyətlər hərtərəfli və çoxdur. Rəbbim şans və ömür əta etsin onları gerçəkləşdirək.

- Uğurlar!

Hazırladı:
Ramilə QARDAŞXANQIZI
MANERA.AZ






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930