İstanbulda “Müasir Azərbaycan rəssamlarının sərgisi” açılıb

İstanbulda müasir Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb.
Manera.az xəbər verir ki, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində təşkil olunan “Müasir Azərbaycan rəssamlarının sərgisi” Sefaköy Mədəniyyət və İncəsənət Mərkəzində sənətsevərlərə təqdim edilib.
29 sentyabr 2026-cı il tarixində keçirilən sərgidə müasir Azərbaycan təsviri sənətinin müxtəlif üslub və yaradıcılıq istiqamətlərini əks etdirən əsərlər nümayiş olunub.
Ekspozisiyada Aydın Rehimov, Letafet Memmedova, Nadir Hüseynov, Yusif Alızade, Aida Rzayeva, Hicran Alioğlu, Assım Resuloğlu, Ebulfez Fekecoğlu, Teymur Ağaoğlu, İlham Enveroğlu, Vagif Zeyidguliyev, Ramila Aliyeva, Behruz Guliyev, Leyla Aliyeva Önen, Tariyel Alizade, Pervane Alizade, Süreyya Abdullalı və Faig Ağayevin əsərləri yer alıb.
Sərgidə Azərbaycanın tarixi və mədəni irsini, milli dəyərlərini, dövlətçilik ənənələrini, Vətən sevgisini və Qarabağ Zəfərini mövzu edən əsərlər xüsusi maraq doğurub. Azərbaycanın müstəqilliyini, dövlət rəmzlərini, tarixi yaddaşını, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin ruhunu əks etdirən rəsm əsərləri ziyarətçilərin diqqətini cəlb edib.
Sərginin təşkilinə Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, Küçükçekmece Bələdiyyəsi və Hazarfen Dərnəyi də dəstək göstərib.
