Yardımlıda Laçın Şəhəri Günü münasibətilə tədbir keçirilib

Avqustun 25-də Yardımlı Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Laçın Şəhəri Gününə həsr olunmuş "Zəfərin Laçın səhifəsi: Doğma yurda Böyük Qayıdış" adlı tədbir keçirilib.
Tədbirdə şəhid ataları, təşkilatçı qurumların nümayəndələri, eləcə də idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra çıxışlarda Laçının Azərbaycanın qədim və tarixi şəhərlərindən biri olduğu, onun işğaldan azad edilməsinin xalqımızın milli qürur və Zəfər salnaməsində mühüm yer tutduğu vurğulanıb. Çıxışçılar Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhid və qazilərimizin misilsiz xidmətlərindən, Zəfər tariximizin ayrılmaz hissəsi olan bu diyarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən və ordumuzun qüdrətindən söz açıblar.
Tədbirin sonunda iştirakçılar Mərkəzin ekspozisiya zalında nümayiş olunan, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
"Xalq artisti Xan Şuşinski - 125” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub