“Savadsız insan cəmiyyət üçün çox təhlükəlidir” – Müsahibə

ƏVVƏLİ BURADA
Kitabxanalar haqqında müsahibəmizi davam edirik. Xatırladırıq ki, müsahibimiz Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, Elektron Kitabxanalar və Yeni İnformasiya Texnologiyaları Beynəlxalq Assosiasiyasının (ELNİT) İdarə Heyyətinin üzvü, Beynəlxalq Kitabxana Fəlsəfə Məktəbinin Elmi şurasının üzvü, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədovadır.
Lətifə xanım, ölkə başçısı cari ilin 8 fevral tarixində minimum əməkhaqqının qaldırılması haqqında Sərəncam imzalamışdır. Sərəncam kitabxana işçilərinə də şamil edilir?
Cənab Prezidentin 8 fevral 2019-cu il tarixli Sərəncamı mədəniyyət sahəsində, xüsusən də kitabxana-informasiya sahəsində çalışan insanların bir çoxuna aiddir. Bunların arasında baş kitabxanaçılar, bölmə müdirləri, böyük kitabxanaçılar, multimediya mütəxəssisləri, kitabxanaçılar–informasiya texnologiyaları üzrə mütəxəssislər, biblioqraflar, baş biblioqraflar, böyük metodistlər, sistem inzibatçıları, proqramçılar, operatorlar vardır. Çox böyük sevinc və minnətdarlıqla qarşılanan sənəddir. Onun müqabilində kitabxanaçılar daha böyük səylə çalışacaqlar.
Lətifə xanım, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı əsasən nəyə yönəldilib?
Fərman ölkəmizdəki kitabxanaların nüfuzunun yüksəlməsinə, onların imkanlarının üzə çıxarılmasına şərait yaradılmışdır. Bununla əlaqədar, Azərbaycanda kitabxana sosial institutunun inkişaf perspektivləri işlənməlidir.
Fərman kitabxana sisteminin daha da inkişaf etdirilməsini, bu sahədə informasiya texnologiyalarının tətbiqini, sahənin müasir vəziyyətinin təhlil edilməsi, mövcud stereotiplərə yenidən nəzər salınması zərurətini irəli sürmüşdür.
Son illərdə nəinki informasiya məhsullarının formaları və növləri barədə, həmçinin kitab nəşri, kitabların mühafizəsi, yayılması və informasiya xidməti sahələrində bir sıra müəssisələrin rolu və funksiyalalrı barədə təsəvvürlər dəyişib. Komputer və telekommunikasiya mühitinin yaradılması və inkişafı kitabxana prosesinin inkişafı fonunda baş verir.
İkinci onilliyinin başa çatan XXI əsrə qlobal informasiya əsri deyirlər. Bizim ölkəmiz üçün də bu yol qaçılmazdır.
Əslində indi söhbət ölkəmizdə kitabxana işinin prinsipcə yeni konsepsiyasından – qloballaşma dövrünün xüsusiyyətlərinə uyğun konsepsiyadan gedir.
Etiraf etmək lazımdır ki, az qala bütün kitablarda və tədris vəsaitlərində kitabxana barədə təsəvvür hələ də köhnə anlayış və sxemlər çərçivəsində qalmışdır. Halbuki, kitabxanaların fəaliyyət sahəsinə informasiya texnologiyalarının sürətlə tətbiq edilməsi kitabxanalar barədə təsəvvürü çoxdan dəyişməli idi.
Köhnə təcrübəni tamamilə rədd etmədən, onu daha da təkmilləşdirən, tamamlayan və modernləşdirən yeni elementlərdən, yeni kitabxana-informasiya mühitindən gedir.
Fərmanın icrası ilə əlaqədar hansı işlər görülməlidir?
Çox işlər həyata keçirilməlidir. Fərmanla əlaqədar qarşımızda böyük məqsədlər durur, zəruri işlər həyata keçirilməlidir. Kitabxanalar dirçəliş dövrünü yaşamalıdır.
Bu gün ölkəmizdə həyata keçirilən islahatlar, idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı işlərə Mehriban xanım Əliyeva dinamiklik, çeviklik, müasirlik gətirir. Azərbaycanın kitabxana-informasiya sahəsi də islahatlara hazır olmalıdır.
Kitabxanalar dünya informasiya məkanına inteqrasiya etməli və öz sərvətlərini, maraqlı və unikal sənədlərini, ölkənin nailiyyətlərini, Qarabağ həqiqətlərini və s. dünyaya çatdırmalıdır.
Dövlətçiliyin möhkəmlənməsində kitabxanaların rolu?
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün böyük əhəmiyyət kəsb edən indiki dövrdə yeni praktiki və fundamental biliklər, operativ əldə edilən etibarlı informasiya cəmiyyət üçün həmişəkindən daha artıq dərəcədə gərəklidir. Əhalinin böyük əksəriyyəti bu tələbatı yalnız ümumi istifadə üçün nəzərdə tutulan kütləvi kitabxanaların vasitəsilə təmin edilə bilər, çünki mədəniyyətdən, biliklərdən və informasiyadan pulsuz istifadə etməyə imkan verən müəssisə kimi hələ də qalmış yeganə qurum – kitabxanadır.
Kütləvi kitabxanaların yeni vəzifələri arasında hansıları qeyd edərdiniz?
Əhalinin müxtəlif kateqoriyalarının, ilk növbədə uşaq, yeniyetmə və gənclərin qiraətlə müntəzəm məşğul olması, bədii-estetik və yaradıcı inkişafa tələbatın ödənilməsi, təhsilə marağın artırılması və ona davamlı, fasiləsiz xarakter verilməsi, kitabxanaların insanlarda ünsiyyət mədəniyyəti və kommunikativ qabiliyyətlər formalaşdıran ən mühüm mərkəzlərdən birinə çevrilməsi, dialoq aparmaq bacarığına yiyələnmək, ictimai yəyini öyrənmək, müxtəlif şəraitdə insanların məruz qaldığı stres hallarının aradan qaldırılması kimi tələbatın ödənilməsi məsələləri də bu qəbildəndir.
Azərbaycan kitabxanaları öz informasiya resurslarını istifadəçilərin tələbatına uyğunlaşdırmalıdırlar. Müasir elektron məlumat bazaları yaradılması yolu ilə kitabxana fondlarının növ tərkibini modernləşdirməlidirlər.
Bu gün Azərbaycanın kitabxanaları və kitabxana işçiləri bu mühüm zirvəni fəth etməyə necə hazırlaşırlar?
İnformasiya iqtisadi, elmi-texniki və mədəni inkişafın əsas resursudur, informasiyanın nizamlanmış formada olması və ondan istifadə etmək imkanının yaradılması vacib məsələlərdən biridir.
Bizim kitabxanalar yeni siyasi və iqtisadi şəraitdə işləməyə uyğunlaşmalı, yeni texnologiyalar əsasında modernləşdirilməlidirlər.
Kitabxanaların inkişafı sahəsində dünya təcrübəsi göstərir ki, kütləvi kitabxanalar bu sahədə əsas işi öz üzərlərinə götürməlidirlər. Məhz bu kitabxanalar geniş oxucu kütləsinin informasiyadan istifadə edə bilməsini təmin edir, bütün kateqoriyalardan olan istifadəçilərə, müxtəlif müəssisə və təşkilatlara informasiya xidmətini həyata keçirirlər.
Unutmaq olmaz ki, biz, mahiyyət etibarilə, yeni tarixi dövr yaşayırıq. Bu mərhələdə kitabxanaların əsas sosial vəzifəsi yenə də əvvəlki kimi qalmışdır: kitabxanalar milli ideyanın gerçəkləşdirilməsinə, mədəni irsi, bəşəriyyətin mənəvi yaddaşını, millətin sosial yaddaşını bir yerə cəmləşdirməyə və bu dəyərlərin nəsildən-nəslə ötürülməsinə şərait yaradan sivilizasiyanın hərəkətverici qüvvəsi olmalıdır.
Yeni tələblər kitabxana işinin yeni texnologiyasının yaradılması zərurətini irəli sürür.
Müasir dövrdə kitabxanaların missiyası, sosial funksiyaları, sosial rolu və inkişaf prioritetləri müəyyən olunmalıdır.
Kitabxanalar informasiya cəmiyyətinə “calaq” kimi daxil olmamalıdırlar.
Milli dəyərlərimizin təbliğində kitabxanaların rolu?
Dəyərlər unikal məzmun kəsb edir. Qlobal kommunikasiyalar xaosunda sarsılmaz qala olan milli mədəniyyət əslində unikal dəyərlər məcmusudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə dediyi sözlər çox aktualdır: “Xalq özünün zəfərləri və işləri ilə məşhurlaşır, lakin bu zəfərlərin, bu işlərin ən əhəmiyyətlisi mədəniyyətdir”. Kitabxanalar milli dəyərlərimizi qorumaqla yanaşı, onları geniş və sistemli şəkildə təbliğ etməlidirlər.
Ölkəmizdə tarixi əhəmiyyət kəsb edən, qiymətli kitabların dəqiq siyahısı var?
Bəli, var. Bu cür nadir, raritet kitablar “kitab abidələri” adlanır. Belə kitablar çoxdu. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində “kitab abidələri” reyestrinin I hissəsi tərtib edilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən “Azərbaycan kitab abidələri” DVD buraxılmış və bütün kitabxanalara hədiyyə edilmişdir. “Kitab abidələri haqqında” Əsasnamə də hazırlanmış və təsdiq edilmişdir.
Bu işin birinci mərhələsi uğurla başa çatdı.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Fərmanının icrasını təmin etmək məqsədi ilə bu iş davam etdirilməlidir.
Yenə də İnternet və rəqəmsallaşmaya qayıdaq.
Fikrimizcə, insanlar ilk növbədə yaxşı kitablara və dərsliklərə, bundan sonra isə İnternetə ehtiyac hiss edirlər. Elektron kitabxanalar klassik kitabxanalara əlavədir, lakin heç bir halda onları sıxışdırıb aradan çıxarmalı deyil.
Amerika yazıçısı Pol Di Filippo demişdir: “Hər gün bütün dünyada konsensus gerçəklikləri çoxlu sayda kiçik mədəniyyətləri əzir”.
Bu və digər səbəblərdən YUNESKO şəbəkədə milli kontentin, milli mədəniyyətin və milli dillərin qorunub saxlanmasının tərəfdarıdır. “Millətlərin rəqəmsal qeyri-bərabərliyi” halının aradan qaldırılması ideyası müxtəlif sosial qruplar, ölkələr və regionlar arasında fərqlərin daha da kəskinləşməməsi üçün hamının qlobal informasiya infrastrukturundan bərabər istifadə imkanının təmin edilməsini nəzərdə tutur.
“Gələcəyin rəqəmsal irsi” məsələsi çox mürəkkəb məsələdir. Qədim sənədlərin, mədəni irsin, ən çox istifadə edilən kitabların rəqəmsal formaya salınması onların bərpa oluna bilməyəcək dərəcədə zədələnməsi ilə müşayiət olunmamalıdır.
Mən bunu birinci müsahibəmdə də vurğulamışam. Fərz edək ki, müəyyən qiymətli sənəd rəqəmsal formaya çevrilmiş, lakin həmin sənədin orijinalı itirilmişdir. Bu halda həmin sənədin surətinin həqiqiliyinə (dəqiqliyinə) necə zəmanət vermək olar? Deməli mədəni yaddaş təsadüfi şəkildə və ya qərəzli qaydada redaktə edilə bilər. Belə hallara yol verilməməlidir.
Azərbaycandakı Elektron kitabxanalar haqqında söhbətimizi davam etdirək. Elektron kitabxananın yaradılması zərurəti nədən irəli gəlmişdir?
İki böyük səbəb var idi. Birinci səbəb. Dövrün, zamanın, informasiya əsrinin tələbi, digər səbəb isə 2004-cü ildən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikasi ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamları ilə yüz minlərlə kitablar nəfis şəkildə Azərbaycan dilində latın qrafikalı əlifba ilə nəşr olunmağa başlanmışdır. Bu kitablar Azərbaycan oxucularına, xaricdə yaşayan həmvətənlərimizə, bütün dünya ictimaiyyətinə çatdırılmalı idi. Kitabxana tarixində misli görünməmiş işlər görülürdü. Bu kitablar yalnız Elektron kitabxanalar vasitəsilə oxucuya tez bir zamanda çatdırıla bilərdi.
Görülən işlər çox böyük əks-səda doğurdu, çoxlu sayda rəy və müraciətlər daxil olurdu. Ballasta çevriləcək kitab fondlarına yeni nəfəs verildi. Azərbaycan ədəbiyyatı və Azərbaycan dilində olan nəşrlər dünya informasiya məkanına çıxarılaraq, öz oxucusunu tapdı.
İlk Elektron kitabxanalar nə vaxt yarandı, bu proses neçə il davam etdi?
Mədəniyyət Nazirliyinin sisteminə daxil olan kitabxanalarda ilk dəfə Elektron kataloqlar 2005-ci ilin mart ayında yaradıldı. 2 pilot layihə həyata keçirildi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında (ilk öncə uşaqlar nəzərə alındı) və Şamaxı rayon Mərkəzi Kitabxanasında (Azərbaycanın ən qədim və möhtəşəm mədəniyyət mərkəzlərindən biri).
Elə həmin vaxt Elektron kataloq ölkəmizin baş kitabxanasında – Milli Kitabxanada da yaradılmağa başlandı. Qeyd etdiyim 3 kitabxana ön plana keçdi və bütün sistem üçün nümunə oldu.
Nə üçün cəmi 3 kitabxanada?
14 il bundan öncə ölkədə kitabxana-biblioqrafiya prosesləri avtomatlaşdırılmamışdı. Zaman gözləmirdi, oxucular isə tələb edirdi. Avtomatlaşdırılmış sistem seçilməli idi: münasib qiymət, müasir tələblərə cavab verən, lisenziya və sertifikatı olan, dünyada tanınan, çox yayılan və istifadə edilən, kitabxanaçılar tərəfindən asanlıqla qavranan və s. Yeni sistem təcrübədən keçirilməli idi. Buna görə 2005-ci ildə layihədə iştirak etmək üçün nazirlik tərəfindən cəmi 2 kitabxana seçildi. Pilot layihə uğurla nəticələndi.
Azərbaycan kitabxanaları neçə ilə avtomatlaşdırıldı?
Qeyd etdiyim kimi, avtomatlaşdırma 2005-ci ilin mart ayından başladı. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” avtomatlaşdırma proseslərinə güclü təkan verdi. Qısa müddətdə (təxminən 3 ilə) 52 kitabxanada Elektron kataloq, 30-dan çox kitabxanada isə Elektron kitabxana yaradıldı. Nəinki kitabxanalarda, Balakən və Tovuz rayonlarının Heydər Əliyev Mərkəzlərində də Elektron kitabxana yaradıldı. Bakıdan uzaq olan rayonlarda Gədəbəy, Şəmkir, Beyləqan, Daşkəsən, Füzuli, Göygöl, Yevlax, Qazax, Ağstafa, Zaqatala və s.
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalardan başqa, bir çox nazirliklərin tabeliyində olan kitabxanalarda da kitabxana-biblioqrafiya prosesləri avtomatlaşdırıldı.
Qeyd etdiyim kimi, qısa zaman ərzində Mədəniyyət Nazirliyinin tabeliyində olan əksər kitabxanalarda Elektron kataloq və Elektron kitabxanalar yaradıldı (işğal altında olan 8 rayondan, habelə Qobustan, Xızı, Yardımlı, Lerik, Oğuz, Goranboy, İmişli, Tərtər rayonları istisna olmaqla).
İnternetdə problem yaranan zaman bu kitabxanalar necə vəziyyətdən çıxırdılar?
İRBİS-64 AKİS-də (Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemində) İnternet olmadan (lokal) şəraitdə işləmək mümkündür. Rusiya Federasiyasından gələn mütəxəssislərin köməyi ilə bütün Elektron kataloq və Elektron kitabxanalar Bakıdakı vahid mərkəzdən idarəolunma sistemi yaradıldı. Kitabxanaların işində heç bir problem və fasilə yaranmırdı. Hələ 8 il öncə kitabxanaların Elektron kataloqu və Elektron kitabxanası 24/7 rejimində işləyirdi.
Bu gün kitabxanaların Elektron kataloqunda çox vaxt problem yaranır, axtarış apara bilmirik. Bunu nə ilə izah edə bilərsiniz?
Yeni ALİSA proqramının ofline (lokal) rejimində işləməməsi – problemin əsas səbəblərindən biridir. 2010-cu ildə “Ultra Computers” şirkəti Nazirliyə maraqlı təkliflər paketi təqdim etdi və bir çox işlərin görülməsini öhdəsinə götürdü:
Kitab nəşrləri ilə bağlı mərkəzləşdirilmiş portalın yaradılması;
Hər bir müxtəlif kitab saytlarının Mədəniyyət Nazirliyində yerləşdirilməsi (mərkəzləşdirilmiş hostinq) imkanı və mərkəzi sistem ilə mübadilənin təmin edilməsi üçün imkanın yaradılması;
Mərkəzdə nəşrlərin mərkəzləşdirilmiş qeydiyyat-uçot kartoçkasının yaradılması və həmçinin mərkəzdən göndərilmiş kitabların müxtəlif kitabxanalara çatdırılmasına nəzarət sistemi;
Hər bir kitabxanada inventarizasiya olunmuş nəşrlərin müddətinin və lokal hərəkət uçotunun aparılması;
Müəllif hüquqlarına əsasən giriş məhdudiyyəti olmayan kitabların dərc edilməsi;
Kitabları onlayn rejimdə oxumaq istəyən veb oxuyucuların qeydiyyat mexanizmi;
Kitabları oxumaqdan əlavə rezerv etmə hüquqlarına malik istifadəçilərin profillərinin yaradılması və idarə edilməsi;
Oxumaq və oxuyucuya təqdim etmək üçün nəşrlərin və kitabların məsafədən rezervasiyası sistemi. Kitabçanın statusuna baxmaq üçün ayrıca təqvim;
Müxtəlif mərkəzləşdirilmiş hostinq saytlarında dərc olunan kitabların inteqrasiyası (mübadiləsi);
Kataloqa unikal nəşr daxil edildikdə (məsələn, kiçik tirajla yerli çap olunmuş kitablar) və ya istifadə üçün inventar nömrəsi təyin olunduqda kitabxana tərəfindən kitabların filtrasiyası və axtarış (ad, müəllif və s. əsasında) imkanın yaradılması sistemi;
Hər bir digər sistem (misal üçün: VTLS, İRBİS və s.) üçün mərkəzi sistemlə məlumat mübadiləsi və qaşılıqlı əlaqə məqsədilə inteqrasiya;
Kitabxana fondunun mövcud vəziyyətinə əsasən mərkəzləşdirilmiş hesabat və analitika fondunun yaradılması;
Mükəmməl axtarış və filtrasiya sisteminin yaradılması və s.
Dünyanın heç bir AKİS-ində olmayan funksiyalar təklif olundu, böyük vədlər verildi. Lakin ilk gündən kitabxanaçılar ciddi problemlərlə rastlaşdılar. Kitabxanalarda avtomatlaşdırma işləri çıxılmaz vəziyyətə düşdü. Kitabxanaların Vahid Elektron Kitabxanası və məlumatların idarəetmə sistemi və s. yaradılmadı.
Problemlər indi də mövcuddur.
Hazırki vəziyyət necədir?
“Ultra Computers” tərəfindən verilən vədlər demək olar ki, yerinə yetirilmədi. Utopik ideyalar, öhdəliklər kağız üzərində qaldı. Mədəniyyət Nazirliyi onun üzərinə düşən işləri tam yerinə yetirdi. Təkcə 2011-ci ildə bu işlərin mütəşəkkil formada həyata keçirilməsi üçün 2 əmr hazırlandı (iyun və iyul aylarında).
2013-cü ilin noyabrın 28-də Muzey Mərkəzində “Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana Sistemi”nin (ALİSA) təqdimatı keçirildi. Və şirkət bununla da öz işini bitmiş hesab etdi.
ALİSA sisteminin vasitəsi ilə 50 saniyəyə ilk oxucu bileti – plastik kart təqdim olundu (bilet №1). 2013-2019-cu illərdə isə oxucu biletini heç bir oxucu ala bilmədi.
Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün şəhər və rayon kitabxanalarının saytlarının dizaynı eynidir. Bəs dünya praktikasında necədir?
Bu məsələ kitabxanaları da çox narahat edir. Onlar istədikləri vacib linkləri Veb sayta əlavə edə bilmirlər. “Ultra Computers” şirkəti tərəfindən 75 MKS (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) üçün 1 veb sayt nümunəsi hazırlanıb.
Dünya praktikasında isə hər kitabxananın özəl saytı, məxsusi Elektron kataloqu və Elektron kitabxanası vardır. Onlar vahid portlada birləşə bilər.
AZLİBNET Mərkəzinin işi bizi çox cəlb etdi. Mərkəz haqqında nə deyə bilərsiniz?
AZLİBNET Milli Kitabxana-İnformasiya Mərkəzi Dövlət Proqramına əsasən 2009-cu ildə yaradılıb. Bu il onun 10 illiyidir. Mərkəz yaranandan orada C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən böyük işlər görülmüşdür. AZLİBNET-ə təkcə kitabxanaçılar deyil, kitab və mütaliə ilə maraqlanan zamandan və məkandan asılı olmayaraq, oraya müraciət edirlər. Mərkəzin Veb saytında maraqlı məlumatlar yerləşdirilmişdir: Ulu öndərin Milli Kitabxanada 4 çıxışı, Azərbaycan Respublikası Prezidentinin kitabxana-informasiya sahəsinə dair imzaladığı sərəncamlar, normativ hüquqi sənədlər, nadir kitablar və s. Mərkəz virtualdır.
Kitabxana sahəsinə dair yeni nəşrlər ölkəmizdə var?
Son 10 ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə kitabxana-informasiya sahəsinə dair 7 kitab işıq üzü görüb. Ölkədə təşkil olunmuş 3 beynəlxalq seminarın materialları iki dildə (Azərbaycan və rus) nəşr olunub. Nəşr olunan kitablara mədəniyyət naziri Əbülfəs Qarayev ön söz yazıb. 2007-ci ildə çox mühüm əhəmiyyətli toplu “Kitabxanalar biliklər cəmiyyətində. Библиотеки в обществе знаний” nəşr olundu. İlk kitab və ilk təcrübə idi. Kitabın ön sözü bütün MDB məkanında təlatüm yaratdı, gözəl əks-səda doğurdu. Bu kitab MDB kitabxanaçılarının indi də stolüstü kitabıdır.
İnternet kitabxananı əvəz edə bilər?
Əlbəttə yox. İnternetdə yerləşdirilən kitablar, elektron külliyyatlar, əsasən kitabxanalar tərəfindən hazırlanır. Materiallar sistemləşdirilir, seçilir. Önəmli işdir. Biz gələcək nəsillərə nələri çatdırmalıyıq? Cəmiyyətimiz, həyatımız, fəaliyyətimiz gələcək nəsillər tərəfindən necə qiymətləndiriləcək? Bu bizdən asılıdır.
Sizcə kitabxanaların tərtibatı oxucuları cəlb etməlidir?
Əlbəttə. Kitabxanaların tərtibatına xüsusi önəm verilməlidir, bunun üçün büdcədən kitabxanalara xüsusi vəsait ayrılmalıdır (muzeylərdə bu var). Bu məsələnin nəzərə alınması kitabxana işinin optimallaşdırılmasına təkan verər.
Məsələn, memorial kitabxanaları götürək. M.Ş.Vazehin adını daşıyan kitabxanada “Mirzə Şəfi otağı” yaradılmalıdır. Burada şairin geyimi, mürəkkəb qabı və lələk, kitablar və s. olmalıdır. Yəni bu kitabxanaya gələn oxucu Vazeh mühiti ilə tanış olmalıdır. Yaxud, Şamaxı rayonunun kitabxanalarında Nəsiminin, Xəqaninin, Seyid Əzimin, Sabirin büstləri, böyük portretləri, faksmile edilmiş əlyazmalar, Şamaxının qədim şəkilləri, maketlər və s. olmalıdır. Bir sözlə, kitabxananın tərtibatı oxucuda kitaba, mütaliəyə maraq oyatmalıdır.
Yaxud, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Mir Cəlal, Səməd Vurğun, Mehdi Hüseynzadə, Yusuf Məmmədəliyev, Lev Landau, Niyazi, Qara Qarayev, Səttar Bəhlulzadə, Ziya Bünyadov, Azad Mirzəcanzadə və b. istifadə etdiyi kitabxanalarda bu böyük şəxsiyyətlər haqqında guşə və sərgilər yaradılmalıdır. Bu gün həmin kitabxanalara gələn hər bir oxucu dahilər istifadə edən kitabxanadan fəxrlə istifadə edər.
Kitabxananın qarşısında quraşdırılan monitorda isə bütün bu, habelə digər maraqlı məlumatlar əks olunmalıdır.
Bu gün bütün ölkələrdə mütaliə ciddi problemə çevrilib. Bu barədə fikriniz necədir?
Bir cümlə ilə deyəcəm. Mütaliə – qlobal problemdir. Kompüter texnologiyaları əsrində yaşayırıq. Kommunikasiyaların görünməmiş dərəcədə artması informasiya “hay-küyü”nə, informasiya xətalarının artmasına səbəb olur.
“Kompyuter savadı”nın əks tərəfi də mövcuddur. Elementar təfəkkür, oxuma və yazma vərdişləri, söz ehtiyatı itirilə bilər.
Elektron kitab və kağız kitab bir-birindən tamam fərqli intellektual məhsullardır, onları oxumaq üçün müxtəlif mütaliə vərdişləri tələb olunur. Bu vərdişlərin hər ikisi müasir insana eyni dərəcədə gərəklidir. Qeyd etməliyəm ki, informasiya texnologiyalarının mütləqləşdirilməsi adi savadı: düzgün yazmaq və ana dilində danışmaq bacarığını təhlükə altına alır. Qrammatik qaydalardan kənara çıxan şəbəkə jarqonunun da yaşamaq hüququ var, lakin o, ədəbi normaları ləğv etməməlidir.
Bir zamanlar kinematoqrafiya tarixində də təxminən buna oxşar vəziyyət yaranmışdı. Səsli kino yığcam və anlaşıqlı olduğuna görə danışıq slenqini qanuniləşdirmiş olsa belə o, ədəbiyyatı məhv etmədi.
Bir məsələni xatırlatmaq istərdim. Soros Fondu Azərbaycan kitabxanalarına diqqət göstərirdi, onları informasiya texnologiyaları ilə təmin edirdi. Bu işlər əvəzsiz görülürdü?
Soros Fondu kitabxanaları texnologiyalarla deyil, avadanlıqlarla təmin edirdi. Bəli, maddi cəhətdən əvəzsiz. Amma əvəzində kitabxana icmasını, kitab fondlarının tərkibini dərindən öyrənirdi.
Kitabxanada informasiyanın böyük massivinin olması hamıya bəllidir. “Sorosçular” diyarşünaslığa, milli-mədəni irsə, bizim mentalitetimizə, tariximizə, adət-ənənələrimizə dair materialları sanki “udurdu”, yəni bu materialları dərindən öyrənir, hətta surətlərini çıxarırdı. Belə hallar bütün MDB ölkələrində baş vermişdi. Bizim mentalitetimiz, xarakterimizin xüsusiyyətləri, milli şüurumuz onları çox maraqlandırırdı. O ki qaldı informasiya texnologiyalarına mən bir daha qeyd etməliyəm ki, onlar kitabxanaları yalnız İnternet, komputer, proyektorlarla təmin edirdilər. Bunlar isə informasiya texnologiyaları yox, sadəcə yeni nəsildən olan avadanlıqlardır.
Kitabxanada “təcrübəli” oxucu anlayışı olmalıdır?
Məncə olmalıdır. Fəal oxucu anlayışı var. Yasamal rayon MKS-ində biz Fəxri oxucu adını da təsis etdik. Hesab edirəm ki, bu iş gözəl ənənəyə çevrilər. Təcrübəli oxucunu isə yaratmaq, onunla fərdi formada daimi iş aparmaq lazımdır. Fayda verən, motivasiyanı artıran bir işdir.
Hər kitabxananın insan resursu bazasında fəallar, say-seçmə adamlar olmalıdır. Kitabxanalarda Hamilik şurasının yaradılması və onun fəallığının təmin edilməsi isə kitabxanaların inkişafında çox mütərəqqi addım ola bilər.
Ən zəruri və lazım olan kitablar hansılardır?
Bilirsiniz, kütləvi kitabxanaların “kitab nüvəsi” olmalıdır. Bu vacib işdir. Böyük siyahıya ən çox oxunan, tarixi və tərbiyəvi əhəmiyyət daşıyan kitablar, dünya ədəbiyyatından nümunələr daxil olmalıdır.
Fondlar daima zənginləşdirilməlidir. Fikrimcə hər Mərkəzi Kitabxanaya il ərzində 2000-dən çox kitabın, bundan başqa digər informasiya daşıyıcıların, qəzet və jurnalların, kitabxana filiallarına isə 1000-ə yaxın kitabların daxil olması oxucuları razı salan və onları kitabxana gətirən ən mühüm amillərdən biri ola bilər.
Kitabxana xidmətlərinin kommersiyalaşdırılmasına dair fikriniz...
Kitabxanada qismən pullu xidmətlərin göstərilməsinin tərəfdarıyam. “Ödənişsiz maarifləndirmə” – bu devizin tərəfdarıyam.
Qısaca olaraq kənd kitabxanasını necə xarakterizə edərdiniz?
Kənd kitabxanası kiçik bir məkan olmasına baxmayaraq, onun böyük dünyası olmalıdır. Bu məkan kənd icmasının savad, bilik mənbəyi, maarifləndirmə, ünsiyyət, məlumat mərkəzi olmalıdır. Hər bir kənd kitabxanasını unikal informasiya adasına çevirmək, oxuculara müsbət mənada təsir göstərmək olar. Kənd oxucusunun mənəvi dünyasını zənginləşdirmək məhz kitabxananın funksiyalarından biridir. Hər bir kənd kitabxanası ictimai ünsiyyət mərkəzi ilə yanaşı, ictimai rəy mərkəzinə də çevrilməlidir. Kənd kitabxanalarının maddi-texniki bazası bu gün çox zəifdir. Onların şəraiti qənaətbəxş deyil. Kadr məsələsində də problemlər mövcuddur.
Qloballaşma və kitabxanalar. Bu mövzuya dair fikirləriniz.
Hüseyn Cavidin müdrik sözləri var: “Elm hər dildə birdir”. Qloballaşan dünyada milli mədəniyyət o qədər əhəmiyyətlidir ki, mədəniyyət geosiyasəti barədə qətiyyətlə və birmənalı şəkildə danışmaq lazımdır. Kitabxanalar isə zamanın çağırışlarına cavab verməli, canlı tarixə çevrilməlidirlər.
Qloballaşan dünyada məhz mədəniyyət millətin strateji resursuna çevriləcək, Avrasiya məkanında sistemli inteqrasiyasını müəyyən edəcəkdir.
Avrasiya məkanında Azərbaycan mədəniyyətinin yayılmasının mühüm aspektlərindən biri–Heydər Əliyev irsinin təbliğ edilməsidir. Milli brendlərə isə qürur hissi ilə yanaşmaq lazımdır.
Uzaq keçmişdə və müasir dövrdə kitabxananın yerinə yetirdiyi dəyişməyən funksiya hansıdır?
Kitabxana mədəniyyət və informasiya xəzinəsidir, təcrübə və bilik dünyasıdır. Eyni zamanda kitabxanada əsrlərin mədəniyyət ənənəsi, bəşəriyyətin tarixi yaşayır. Kitabxana bir növ təcrübənin və varisliyin qoruyucusu və ötürücüsüdür (translyatorudur). Kitabxanada ölkənin canlı tarixi toplanır, sistemləşdirilir, kontent analiz edilir.
Mən birinci müsahibəmdə qeyd etdiyim kimi, maarifləndirmə və davamlı informasiya funksiyasını kitabxana həyata keçirməlidir.
Azərbaycanda hələ sovet dövründə modernizm rüşeymləri özünü büruzə vermişdir. Azərbaycan klassik modernizmi isə bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın mənəvi birliyinin, Azərbaycan modernizmi modelinin yaradılması onun xidməti olmuşdur. Dahi öndərin dövründə ölkənin tarixi epoxal xarakter daşıyan modernləşdirilməsi həyata keçirilirdi. Bu reformalar kitabxana sisteminə də şamil edilmişdir.
Cəmiyyətlərin bütün təlatümlü dövrlərində savada, mədəniyyətə böyük ehtiyac duyulub.
Düz buyurursunuz. Tarixi ənənəyə görə, Azərbaycan xalqı dövlətçiliyi sevən xalqdır. Bu gün də xalq və dövlət həmrəy, həmahəngdir. Kitabxanaya gəldikdə isə o, cəmiyyətin mühüm sosial institutu, mədəniyyətin vacib infrastrukturu, bilik və informasiya mərkəzi, dövlətin informasiya forpostu və dayaq nöqtəsidir. Bir sözlə, mədəniyyət siyasətinin bastionudur (qalasıdır).
Bu gün dünyada mənəviyyat düşkünlüyü, mənəviyyat bəsitliyi, savadsızlıq, dinlərin radikal formaları, terrorizm və s. mövcuddur. Bütün bunlar müharibə, vətəndaş münaqişələri ocaqlarının yaranması ilə nəticələnir.
Savadsız insan isə cəmiyyət üçün çox təhlükəlidir. O, qeyri adekvatdır, deqradasiya olur. Savadı olmayan insan sosial baxımdan da təhlükəlidir. Belə insan terrorizmə, radikallığa, təhlükəli hərəkətlərə, zərərli vərdişlərə və s. meyilli olur. 100 il bundan öncə Məmməd Səid Ordubadinin: “İnsan qılıncının kəskinliyi ilə qəhrəman ola bilməz, ağlın kəskin olması lazımdır” sözləri bu gün də çox aktualdır. Bu baxımdan kitabxana hər bir oxucu ilə xoş ünsiyyət qurmalı, fərdi iş aparmalıdır. Kitabxanalar idarə, müəssisə, bələdiyyə, məktəb, ictimai təşkilat və QHT-lərlə iş birliyi qurmalıdır.
Qloballaşma şəraitində dillərin qorunmasında kitabxanaların rolu nədən ibarətdir?
Məlum məsələdir ki, qloballaşan dünyada ingilis dili üstünlük təşkil edir. Təkdillik (monodillik) o qədər də yaxşı əlamət deyil. Biz ana dilimizi qorumalıyıq, onu inkişaf etdirib zənginləşdirməliyik. Ana dili rəqabətdən kənardır! Amma monodillik ölkəni problemlə qarşılaşdıra bilər. İnsanlar peşə biliklərini, dünyagörüşlərini genişləndirməlidirlər, iqtisadiyyatı, sosial sahəni və mədəniyyəti inkişaf etdirməlidirlər. Götürək veb saytları. Onların çoxu ingilis, rus və s. dillərdədir. Bu informasiya ilə tanış olmaq, onunla işləmək, informasiyadan istifadə etmək üçün dilləri bilmək mütləq şərtdir.
Ölkəmizin təbliğində kitabxanaların rolu müstəsna olmalıdır. Bu istiqamətdə hansı işlər görülə bilər?
Mən yenə də Birinci vitse-prezident Mehriban Əliyevanın təcrübəsinə müraciət etməliyəm. Mehriban xanım Əliyeva ölkəmizi xaricdə, bütün dünyada uğurla təbliğ edir. Kitabxanalar da bu işə qoşulmalıdır. Ən yaxşı kitabxanalar XXI əsrin informasiya mərkəzlərinə çevrilməlidir. Veb sayt, Facebook, Twitter, İnstagramda maraqlı məlumatlar yerləşdirilməlidir, telekörpülər, kitab mübadiləsi, beynəlxalq konfranslar təşkil olunmalıdır. Yasamal rayon MKS-i AXC-nin 100 illiyinə həsr olunmuş, Ulu öndərin anım günü və cənab Prezidentin ad günü münasibətilə interaktiv plakatlar hazırlanmış və Rusiyanın, Ukraynanın, Belarusun kitabxanalarına göndərilmişdir. Bu yaxınlarda Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar hazırlanmış ikidilli videoçarx da bir neçə MDB ölkəsinə göndərilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcək.
Deyirlər hər bir insan həyatda 7 dəyərli kitab oxumalıdır. Bunların siyahısı Sizdə var? Onları necə müəyyən edirsiniz?
Siyahı verim Sizə? Suala sualla cavab verdim (gülür). Məsələ burasındadır ki, 7 dəyərli kitabı tapmaq üçün minə yaxın kitab oxunmalıdır. Ən dəyərli kitablar bu cür seçilir. Hər insan zövqünə uyğun kitab oxuyur. Necə deyərlər “zər qədrini zərgər bilər”.
Dünyada iqtisadi böhran, siyasi təlatümlər baş verir. Fikrinizcə onun mədəniyyətlə əlaqəsi var? Yaxud böhran mədəniyyətə təsir göstərir?
Bütün böhranların başlıca səbəbi – mənəviyyat, mədəniyyət, dəyərlər böhranıdır. Dəyərlərin dəyişməsi, onların yenidən qiymətləndirilməsi çox ağır bir prosesdir. İqtisadi böhranı da mənəviyyat böhranı törədir.
Gərgin bazar şəraitidir. Bu şəraitdə kitabxanaları qoruyub saxlamaq da çətindir.
Nəinki kitabxanaları, bütövlükdə mədəniyyəti qoruyub saxlamaq çox çətindir.
Ölkənin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın işləri hamımıza örnək olmalıdır. Mehriban xanım nüfuzlu, sosial baxımdan həssas şəxsiyyətdir, onun sosial xeyriyyəçiliyi və filantrop aksiyaları, mərhəmətliyi kitabxanalar vasitəsilə geniş təbliğ edilməlidir, dünyaya çatdırılmalıdır, dünya azərbaycanlıları, dünya ictimaiyyəti bunlardan bəhrələnməlidirlər. Kitabxanaların buna imkanı var.
Heydər Əliyev Fondunun nəşrlərini də kitabxanalar təsadüfi hallarda deyil, sistemli şəkildə təbliğ etməlidir.
Dünya dəyişir, bəs kitabxanalar?
Dəyişkən dünyada kitabxanaların öz mövqelərini qoruyub saxlamaları üçün kitabxanalar özləri dəyişməlidirlər.
Əhalinin əhatə baxımından ən kütləvi xidmət sahəsində – informasiya, təhsil və mədəniyyət mərkəzinə çevrilməli olan kitabxanalarda işləyəcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanması sahəsinə dair yeni tələblər obyektiv şəkildə qarşıya çıxır.
Kitabanalar qeyri-hökümət, ictimai təşkilatlar və geniş ictimaiyyətlə işləməlidir.
Əsas vəzifə ondan ibarətdir ki, kitabxanaların statusunun, rolunun və maddi səviyyəsinin yüksəldilməsini təmin etmək üçün cəmiyyətin və kitabxana-informasiya texnologiyalarının inkişafının müasir meylləri aydınlaşdırılmalıdır.
Yeni tipli kitabxana modeli haqqında fikirləriniz. Hansı ölkələrin modelinin tətbiqinin tərəfdarısınız?
Kitabxanaların yeni unifikasiya edilmiş modeli, kitabxana şəbəkəsinin, habelə informasiya, biliklər cəmiyyətinin vahid universal modeli yoxdur. Çünki bu cür utopik universal model konkret ölkənin, konkret regionun dil və mədəniyyətindəki özünəməxsusluğu, adət-ənənələrini, özəlliyini, xalqın mentalitetini əks etdirə bilməzdi. Burada söhbət təkcə kitabxana-informasiya infrastrukturunun inkişafından gedə bilər. Süni formada tətbiq edilən heç bir model işləməz. Hər hansı bir modelin ayrı-ayrı elementləri konvergensiya edilə bilər.
Unutmamalıyıq ki, mədəniyyət – cari yüzilliyin əsas gücüdür. Öz simasını, öz ənənələrini qoruyub saxlaya bilməyənlər artıq uduzmuşlar.
Şəhla ASLAN,
MANERA.AZ