Laçında “Simurq” kitabxanası fəaliyyətini dayandırır

Laçın şəhərində fəaliyyət göstərən “Simurq” kitabxanasının bağlanacağı açıqlanıb.
Manera.az xəbər verir ki, bu barədə kitabxananın sosial media hesabında məlumat verilib.
Bildirilib ki, tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxananın fəaliyyəti artıq 6 aydır dayandırılıb və müəssisə tamamilə bağlanacaq.
“Simurq” kitabxanası 4 fevral 2024-cü ildə Laçın şəhərində yaradılıb. Qısa müddət ərzində kitabxana rayonun mədəni-maarif ocaqlarından birinə çevrilib.
Məlumata görə, kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Yazıçılar Birliyi, M.F. Axundov adına Milli Kitabxana, eləcə də müxtəlif yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddət ərzində kitabxanada 4 minə yaxın kitab toplanıb.
Kitabxananın bağlanması ilə bağlı paylaşımda minlərlə kitabın gələcək taleyinə də diqqət çəkilib. Bildirilib ki, bu kitablar Laçının yenidən formalaşan mədəni həyatının mühüm hissəsi olmaqla yanaşı, şəhər sakinləri üçün bilik və maarif mənbəyidir.
Paylaşımda Laçının yenidən qurulduğu və insanların doğma şəhərinə qayıtdığı bir dövrdə kitabxananın fəaliyyətinin dayandırılmasının təəssüf doğurduğu qeyd olunub.
“Simurq” kitabxanasının kollektivi kitab fondunun qorunub saxlanılması və Laçında kitabxana ənənəsinin yaşadılması məsələsinə yenidən baxılacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, kitabxananın bağlanmasının səbəbləri və 4 minə yaxın kitabın bundan sonra harada saxlanılacağı barədə paylaşımda əlavə məlumat verilməyib.