manera.az
manera.az

Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı imtahanlar keçirilib

📅 19.06.2026 11:49

Ankarada Azərbaycan dili kurslarında şifahi və yazılı imtahanlar keçirilib

Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Qazi Universitetində təşkil olunan Azərbaycan Türkçəsi Tədris Ocağında Dil kursunda təhsil alan müdavimlər üçün tədris proqramı üzrə yekun imtahanlar keçirilib.

Mərkəzdən manera.az-a verilən məlumata görə, şifahi imtahanın qiymətləndirmə komissiyasının tərkibində Azərbaycan Mədəniyyət Mərkəzinin Başkanı Samir Abbasov, Qazi Universitetinin Türk Dünyası Araşdırmaları və Tətbiqi Mərkəzinin müdiri, professor Bülənt Aksoy və kursun təlimçisi, dr. Şəhla İbişova iştirak ediblər.

Kurs iştirakçıları əvvəlcə yazılı imtahanda iştirak ediblər. İmtahan zamanı onların qrammatika, oxuyub-anlama, dinləyib-anlama və yazı bacarıqları yoxlanılıb. Yazılı mərhələni uğurla başa vuran müdavimlər daha sonra şifahi imtahana cəlb olunublar.

Şifahi imtahan öncəsi Azərbaycan dili kursunun təlimçisi, dr. Şəhla İbişova kursların fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verib. O, bu tədris dövründə kurslarda əsasən Türkiyə vətəndaşları iştirak etsələr də, Qazaxıstan, Şimali Makedoniya və Özbəkistandan olan tələbələr də Azərbaycan dilini öyrəndiyini, Türkiyədə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil alan tələbələr Azərbaycan dilinin başlanğıc səviyyəsi üzrə proqramı uğurla tamamladığını qeyd edib.

Bildirilib ki, dərslər çərçivəsində yalnız Azərbaycan dilinin qrammatikası tədris edilməyib, eyni zamanda ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi və ümumi mədəni irsi ilə bağlı mövzulara da geniş yer ayrılıb.

Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kurs müdavimləri üçün Bakı şəhərində yay məktəbi proqramı təşkil olunub. Proqram çərçivəsində iştirakçılar müxtəlif təhsil müəssisələrini, tarixi və mədəni məkanları ziyarət edib, tanınmış ədəbiyyat və elm xadimləri ilə görüşlər keçiriblər. Bildirilib ki, bu səfər tələbələrin dərslərdə əldə etdikləri bilikləri praktik şəkildə möhkəmləndirmələrinə və Azərbaycanı daha yaxından tanımalarına mühüm töhfə verib.

Daha sonra keçirilən şifahi imtahanda müdavimlərə kurs proqramı və ümumi dünyagörüşü ilə bağlı suallar ünvanlanıb.

İştirakçılar sualları Azərbaycan dilində cavablandıraraq dil üzrə əldə etdikləri başlanğıc səviyyəli bilik və bacarıqları nümayiş etdirib, eyni zamanda kurslarla bağlı təəssüratlarını bölüşüblər.

Həm yazılı, həm də şifahi imtahanlardan müvafiq nəticə əldə edən müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi ilə Qazi Universitetinin birgə əməkdaşlığı çərçivəsində rəsmi sertifikatların təqdim olunacağı bildirilib.

Məhəmməd,
Manera.az





Baxış sayı - 70 | Yüklənmə tarixi: 19.06.2026 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930