manera.az
manera.az

Çıx qatar yoluna... - Mehman Qaraxanoğlu yazır...

Çıx qatar yoluna... - Mehman Qaraxanoğlu yazır...
Rafiq Hüseynli dünyasını dəyişdi – bizim nəslin diktoru... O, “Günün ekranı”ndan təkcə xəbərləri çatdırmırdı, həm də bir azcana qıyılmış mənalı baxışlarıyla düz kasıb komamızın içinə baxırdı...

Yaşadığı epoxa ilə onun səsi arasında çox dərin bir boşluq vardı, mən və qardaşlarım hələ bizə bəlli olmayan o boşluğun üzərindən o yan, bu yana atılarkən onun ağır, zəhmli səsi elə havadaca tutub saxlayırdı bizi. O boşluğu, sən demə, ”Ələmdən nəşəyə” “keçən” bir ölkə diktorunun səsindəki gizli hüzn yaradırmış. Bunu lap sonralar anladım. O sanki bizi də nəyəsə hazırlayırdı. Və çox ustalıqla edirdi bunu.

Rafiq Hüseynlini, o zamankı gənclərin kumiri olan fransız aktyor Alen Delonla müqayisə etmək olar. O da Alen Delon kimi kişi gözəlliyinin mücəssəməsi idi. Dahi fransız ondan on bir il böyük idi. Qadınlar ona dəlicəsinə vurulurdular. “Mənə 10 il lazım oldu ki, insanları, sadəcə, gözəl üzü olan yaraşıqlı biri olduğuma inandıra bilim. Mən bacardım”. Alen Delonun fikirləridir. Bizim diktorumuz isə ekrana çıxan andan təkrarsız səsi və yaraşıqlı boy-buxunu ilə insanları valeh etdi.

Alen Delon öz temperamentini boğmurdu. İçərisində qəddar senzor oturmamışdı. Ona görə də o, 60-80-ci illərin simasına çevrildi. Rafiq Hüseynlidə isə bir az başqa cür idi; o, Arxipelaq-Qulaqla qulaq yoldaşı idi, çox zaman ona yazılı şəkildə verilmiş yalanlarla qarşımıza çıxır, dünyanın özü qədər qosqoca və müdrik səsini o yalanların qırmızılığında gizlətməklə məşğul olurdu. Amma bizi daha çox o yalanlar deyil, evimizə bir həlimlik, mülayimlik gətirən o səsin bitib tükənməyən istiliyi, əvəzsiz tembri, müstəsna aramlılığı özünə çəkirdi. Bu səs Bakını evimizin içərisinə dartıb gətirmək gücündə idi və gətirirdi də.

Rafiq Hüseynli həmişə xoşbəxtlik axtarışında olub. Dörd dəfə ailə həyatı qurub. O sanki Alen Delonla “yarışa girmişdi”. Alen 52 yaşında özündən 32 il kiçik olan Hollivud ulduzu ilə (bu, onun beşinci evlilik idi), Rafiq Hüseynli də özündən 31 il kiçik olan tələbəsi ilə evlənmişdi. Bunların üstündən, bəlkə də sükutla keçmək olardı. Amma nəzərə alın ki, bu faktın özü də Rafiq Hüseynlinin Şərq kişilərinə çox da bənzəməyən azad və sərbəst ruhundan xəbər verir. Bəlkə də elə həmin ruhun sayrışmaları idi ki, 1967-ci ildə ay yarımlıq Moskva diktorluq kursunda oxuyarkən onu kurs nümayəndəsi seçirlər. Üstəgəl, onu cidd-cəhdlə Moskva televiziyasında saxlamaq da istəyirlər. Cənubun çox istedadlı və yaraşıqlı Kişisini orada saxlamaq istəyənlərin içərisində rus gözəllərinin də olması istisana deyildir.

1990-cı ildə ölkədə bir-birini sürətlə əvəz edən siyasi proseslərin fonunda yalan xəbərlər oxumaqdan bezən Rafiq Hüseynli işindən ayrıldı. Televiziyaya yenidən qayıdış düz 15 il çəkdi. Amma o, yenə də Rafiq Hüseynli olaraq qalmışdı.

Mübaliğəsiz demək olar ki, Rafiq Hüseynlinin səsi bütövlükdə mənim ədəbi nəslimin səsidir. Bu səs bir-birinə qarışmayan iki dənizin suyu kimidir; ondakı səssiz, ağrılı dramatizm heç bir zaman epoxanın qırmızı pafosuna qarışmadı – Z.Məmməd, N.Əbdülrəhmanlı, V.Əyyub, D.Abdullayev, Farzuq, Hacı, Şakir, Hüseyn, Aqil, Adil və başqalarında olduğu kimi...

Yer üzündə hər kəsin bir Səs Yolu vardır. Amma bu Yolu tapmaq xeyli çəkir. Rafiq Hüseynli lap sonda özünə, sevdiyi qadına “Çıx qatar yoluna” dedi. Çünki qatar yolu naməlumluqdan məlumluğa uzanan bir Yoldur...

Mehman Qaraxanoğlu,
MANERA.AZ

Çıx qatar yoluna... - Mehman Qaraxanoğlu yazır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31