Şeir yazmaq üçün sevmişdim səni... | MANERA.AZ
![]()
Hörmətli manera.az! Bu şeirlər dekabrın 31-də gəldi, Yeni ildən 2-3 saat əvvəl... Bir az qəribə, bir az nahamar... Köhə ilimizə bənzər... Ona görə də onlara “əl qaldırmadım”...
Atın, atın məni...
Ağrıyan dişləri çəkib atırlar,
Atılımalıydım... Nə yaxşı... atdın...
Şeir yazmaq üçün sevmişdim səni,
Sən məni atdın ki, şeirimi yazım?!
Gör haraya atdın... Lap uzaq yerə,
Ədəbi mühitə - lehməxanaya!
Sözdən özgə nə var bu gen dünyada,
Guya ki, bunların vecinə deyil...
Özləri bilərlər, öz işləridi...
Ölüm ilgiləndirir məni!
Sevgili ölüm...
Sən axı ağ rəngi heç sevməyirdin -
Orada qarşına necə çıxaram?!
Qorxuram sən məni yenə atasan,
Atasan, çıxam yenə Yerin üstünə...
... Məgər qucaqlamağa adamın yoxdu,
Soyuq dizlərini qucaqlamısan?!
Avtoportret
Bir az esseistəm, bir az “tənqidçi”yəm, bir az şairəm,
Bir az ağıllıyam, bir az ipləməyəm, bir az səfehəm...
Arvadım bağırır: Bir az ər ol, ər!
Uşaqlar qışqırır: Ata ol, ata!
Aldanış
Şütüyür illərim... Əzirlər məni,
Üzümdə, gözümdə təkər izləri...
Hava dolduranam bu təkərlərə,
Sonra da sancaqla deşib çıxaran...
Nə “yeni”, nə “köhnə”? Bu da aldanış! –
Aldanışın yenisi!
Budur əsas məsələ!
Absurd
Mənə tut arağı süz...
Tutum Tanrı ətəyindən,
Çəkim bir az aşağı -
Çatsın içməyənlərin əli...
Salam
Salam, ey Yeni il, qocaların qocası,
Yenə keçib gedərsən, əl ağacın qalacaq!
Gözüm səni gəzəcək, tapa bilmərəm, heyhat!
Onu atmağa da ürəyim gəlməyəcək...
Hər şey düşür... düşür...
Mənim axşamım düşür...
O, mənimdi...
O, mənim...
Mən də onun içindən bir zamanlar düşmüşəm...
O enir yerə, məni tutub aparsın,
Mən də tutmuşam anamın ətəyindən...
Əllərim paramparça...
Ətəyin didik-didik...
Gizlət məni, anacan, ətəyinin altında...
Sükut
Məni siz öldürdünüz! Qışqırıb eləməyin,
Qoy kirpiklərim rahatca öpüşsünlər...
Sizdən əvvəl də bu dünyada var idim,
Onlar da öldürdülər... Öyrəncəliyəm...
Gedirəm mən... Heç olmasa, dost olun,
Ey köhnə qatillərlə təzə qatillər!
MANERA.AZ