manera.az
manera.az

Zamanın yaddaşına çevrilən ömür... - Fəzail İbrahimli - 75

📅 12.04.2026 15:21

Zamanın yaddaşına çevrilən ömür... - Fəzail İbrahimli - 75
Zaman hər kəsin üzərindən keçir, hər ömür isə zamanın yaddaşında iz buraxa bilmir. Elə ömürlər var ki, illərlə ölçülmür, cəmiyyətin yaddaşında qazandığı yer ilə dəyər qazanır. Belə ömürlər haqqında yazarkən söz daha məsuliyyətli səslənir. Çünki burada bir insanın həyat yolu təsvir olunmur, burada bir düşüncənin, bir mövqenin, bir mənəvi xəttin tarixlə qovuşması təqdim edilir.

Azərbaycanın elmi fikrində, müəllimlik ənənəsində və ictimai-siyasi həyatında bu yükü ləyaqətlə daşıyan simalardan biri – professor, Milli Məclisin deputatı Fəzail İbrahimlidir.

12 aprel 1951-ci ildə Yardımlı rayonunun Çanaqbulaq kəndində dünyaya gələn Fəzail İbrahimli həyat yoluna sadə mühitdən başlayaraq mənəvi ucalığa yüksəldən ziyalılardandır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində aldığı ali təhsil onun gələcək fəaliyyətinin möhkəm əsasına çevrilib. Əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlayaraq düşüncə formalaşdıran pedaqoq, ziyalı kimi tanınıb.

Onun həyatında xüsusi yer tutan məqamlardan biri öz sözləri ilə ifadə etdiyi bu fikirdə əksini tapır: “Mən 1982-ci ilin may ayında Bakı Dövlət Universitetinə müəllim təyin edilmişəm.” Bu cümlə bir fakt olmaqla yanaşı, bütöv bir ömrün istiqamətini müəyyənləşdirən başlanğıc kimi dəyərləndirilir. Həmin mərhələdən etibarən fəaliyyəti auditoriyalardan başlayaraq elmi düşüncənin formalaşmasına, gənc nəslin dünyagörüşünün zənginləşməsinə xidmət edən geniş müstəviyə yayılıb.

Uzun illər Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent və professor kimi fəaliyyət göstərən Fəzail İbrahimli yüzlərlə tələbənin yetişməsində, onların milli düşüncə ilə formalaşmasında mühüm rol oynayır. Onun müəllimlik fəaliyyəti peşə çərçivəsini aşaraq bir missiya kimi davam edib. Bu missiyanın mahiyyəti tarixə yalnız keçmişin hadisələri kimi yanaşmamaq, onu milli yaddaşın və dövlətçilik təfəkkürünün əsas dayağı kimi təqdim etməkdən ibarətdir.

Elmi fəaliyyəti də bu xətt üzrə inkişaf edib. O, 100-dək elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi kimi tarix elminin müxtəlif istiqamətlərində sanballı tədqiqatlar aparıb. Onun əsərlərində tarix cəmiyyətin inkişaf qanunauyğunluqlarını əks etdirən canlı bir sistem kimi təqdim olunur. Bu yanaşma dərin təfəkkürün və geniş dünyagörüşün göstəricisidir.

İctimai-siyasi fəaliyyətində də eyni prinsipial mövqe ilə seçilib. Uzun illər Milli Məclisdə təmsil olunaraq parlament həyatında fəal iştirak edib, müxtəlif dövrlərdə məsul vəzifələr daşıyıb, parlament rəhbərliyində yer alıb. Bu gün də deputat kimi fəaliyyəti dövlətçilik maraqlarına sədaqət, milli dəyərlərə bağlılıq və ölçülü çıxışlarla yadda qalır.

Onun çıxışlarında aydın hiss olunan əsas xətt sözün məsuliyyətidir. Hər fikir məntiqə, təhlilə və dövlətçilik düşüncəsinə söykənir. Bu xüsusiyyət onun ictimai nüfuzunu formalaşdıran başlıca amillərdəndir.

Fəzail İbrahimlinin ifadə etdiyi kimi, “ziyalı olmaq cəmiyyət qarşısında məsuliyyət daşımaqdır.” Bu fikir onun həyat yolunun əsas prinsipinə çevrilib. Müəllimlik fəaliyyəti, elmi tədqiqatları və ictimai mövqeyi bu prinsipin canlı təcəssümü kimi çıxış edir.
Onun ömür yoluna nəzər saldıqda diqqəti cəlb edən əsas məqamlardan biri daxili bütövlükdür. Müxtəlif sahələrdə fəaliyyət göstərməsinə baxmayaraq, şəxsiyyətində alimlik, müəllimlik və vətəndaş mövqeyi vahid bir sistemdə birləşir. Bu sistem səmimiyyət, məsuliyyət və mənəvi dayanıqlıq üzərində qurulub.

Belə ömürlər cəmiyyət üçün mənəvi dayaq rolunu daşıyır. Zamanın dəyişən şərtləri fonunda sabitlik gətirir, dəyərlərin qorunmasına xidmət edir və gələcək nəsillər üçün istiqamət müəyyənləşdirir.

Bu yazını burada bitirmək çətindir. Çünki Fəzail müəllim haqqında söz açdıqca qəlbindəki münasibətin səsi də eşidilir.
Uzun illərdir sizi yaxından tanıyaraq həyatımın müxtəlif məqamlarında yanımda doğma bir nəfəs hiss etmişəm, Fəzail müəllim. Bu doğmalıq illərin sınağından keçərək mənəvi bağlılığa çevrilib. Sizi düşündükcə qəlbimdən keçən ilk fikir belə formalaşır: bu ölkənin dayaq nöqtələri məhz sizin kimi aydın insanların çiyinlərində dayanır.

Sizdə müəllimin təmkinini, alimin dərinliyini, ata qayğısını və səmimiyyəti bir arada görmüşəm. Bu böyük şəhərdə yolumu aydınlaşdıran, sözü ilə istiqamət verən, bəzən bir baxışı ilə insanı düşüncəyə çəkən bir şəxsiyyət kimi yaddaşıma əbədi həkk olunmusunuz.

Bəzən insan həyatında elə məqamlar yaranır ki, bir söz, bir münasibət, bir diqqət onun yoluna işıq tutur. Sizin varlığınız mənim üçün məhz belə bir dayaq, belə bir istiqamət mənbəyidir.

Bu gün – doğum gününüzdə qəlbimdən gələn dua aydındır: Uca Tanrı sizə möhkəm can sağlığı, aydın təfəkkür, güclü ruh və uzun ömür nəsib etsin. Elmdə, müəllimlikdə, ictimai fikirdə və parlament həyatında qazandığınız sanbal yeni nəsillərə örnək olaraq yaşasın, yolunuza işıq saçmaqda davam etsin.

Çünki bəzi ömürlər yaşanıb bitmir…bəzi ömürlər zamanın yaddaşında işığa çevrilir…və o işıq illər keçdikcə daha uzaqlara yol göstərir.

Aygül Bağırova,
Manera.az


Baxış sayı - 162 | Yüklənmə tarixi: 12.04.2026 15:21
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930