Tanınmış folklorşünas alim vəfat edib
Tanınmış folklorşünas alim, şair-publisist, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Nizami Muradoğlu (Məmmədov) ömrünün 66-cı ilində vəfat edib.
Nizami Murad oğlu Məmmədov 1955-ci il aprel ayının 2-də Naxçıvan MR-nın Ordubad rayonunun Əylis kəndində anadan olub. 1972-1976-cı illərdə akad. Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.
1976-cı ilin oktyabr ayından 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olub.
1978-1986-cı illərdə Naxçıvan MR-da komsomol təşkilatlarında çalışıb. 1987-1994-cü illərdə təhsil sahəsində çalışıb.
1994-cü ilin may ayından 1996-cı ilin noyabr ayınadək Ordubad rayon icra hakimiyyətində icra başçısının müavini, 1996-cı ilin noyabr ayından 2002-ci ilin aprel ayınadək icra başçısı vəzifəsində işləyib.
N. Muradoğlu (Məmmədov) 2010-cu ilin noyabr ayından AMEA Folklor İnstitutuna elmi işçi vəzifəsinə qəbul edilib. 2013-cü ildə “Məmməd Araz yaradıcılığında folklor motivləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
2016-cı ildə folklorşünaslıq ixtisası üzrə dosent elmi adını alıb.
2019-cu ildə “Müstəqillik dövrü Azərbaycan şeiri və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin baş elmi işçisi kimi fəaliyyət göstərən Nizami Muradoğlu (Məmmədov) Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü idi. O, 20 kitab, 100-dən artıq elmi məqalə müəllifi olub.
N.Muradoğlu (Məmmədov) “Qızıl qələm”, “Vətən-media”, “Həsən bəy Zərdabi” mükafatları laureatı idi. Tanınmış folklorşünas alim, şair-publisist, gözəl insan Nizami Muradoğlunun (Məmmədov) parlaq xatirəsi onu tanıyanların və həmkarlarının qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!