manera.az
manera.az

Ömür bəxt yüküymüş, tale oxşamaq - Şeirlər

Ömür bəxt yüküymüş, tale oxşamaq - Şeirlər
MANERA.AZ Zaur Ərmuğanın şeirlərini təqdim edir.

Qədər

Tanışdır, tanışdır bizə
Ovcumuzun içi qədər.
Dəyəri yox bu dünyanın
Bir axsaq, kor keçi qədər.

Kiçilib dünya, kiçilib,
Bir bardaq sudur, içilib.
Keçilib, neçə yol keçilib
Keçdiyimiz küçə qədər.

Çıxıb, çıxıb neçə üzdən,
Düşüb, düşüb gözümüzdən.
Bezikmişik özümüzdən
Çölümüzdən içə qədər.

Əlacsızdır dərd-sərimiz,
Nədir xeyrimiz, şərimiz?
Boynumuzda kəndirimiz!
Sayaq birdən üçə qədər!

Hanı tərəzisi daşın?
Daşın tərəzisi çaşıb!
Dünya cızdan uzaqlaşıb,
İtib, bitməz ölçü qədər.

Daha təsəlli yeri yox,
Yol o yanadır, bəri yox,
Bu dünyada bir diri yox,
Ölülərik köçə qədər.
9 iyul 2025

Yalan sırıyır dünya

Qum saatından axır,
Süzülür qum dənəsi.
Ağzı qızıb dünyanın,
Baş aparır çənəsi.

Zaman ömrün cəzası,
Hər başın bir qəzası.
Tale alın yazısı,
Yazılarmı yenisi?!

Yalan sırıyır dünya,
Nağılına kəm uya.
Gerçəyini kim duyar,
Ağlar dərddən sinəsi.
28 mart 2025

Ömürdən yadigar

Mən elə bilirdim, dünyaya gəlmək,
Doğulmaq, yaşamaq üçün olurmuş.
Mən elə bilmirdim, bir gün də ölmək
Ömürdən-ömürə gedən yoluymuş.

Ölmək üçün imiş demə yaşamaq,
Ölüm də bir qismət, pay imiş, demə.
Ömür bəxt yüküymüş, tale oxşamaq
Bu həyat odunda qoyulmuş dəmə.

Yüz pozan götürsə, bircə əlimiz
Alın yazısını pozan ki deyil.
Əlacı duaya çatan dilimiz
Bəxt dilər, yazını yazan ki deyil.

Ölüm bu ömürdən sonrakı qapı...
Ömrün sonundakı bir dayanacaq...
Vaxt elə yüyürür, dördnala çapır...
Bir gün bu dünyadan bağ qırılacaq...

Sınaq körpüsüdür ömrümüz bizim,
Əbədi dünyaya üz tutub bu yol.
Qala, barı qala bir zərrə izim
Ömürdən yadigar... Arzum! Əməl ol!
23 noyabr 2025


Baxış sayı - 55 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728