Tale elə oyundu ki... - Arif Abdullazadənin şeirləri

MANERA.AZ "Unudulmazlar" rubrikasında şair, filoloq Arif Abdullazadənin şeirlərini təqdim edir:
Bilməyəcək bu dünya
Bu dünyanın çölü dolu, içi boş,
bu dünayanın içindən də çölü xoş,
istəyirsən zar-zar ağla,
istəyirsən çağla-coş,
dünya sənin olmayacaq, igidim.
Bu dünyanın havası bol, suyu bol,
bu dünyanın yollarında quyu bol,
istəyirsən suya qarış,
istəyirsən göyə dol,
dünya sənlə dolmayacaq, igidim.
Bu dünyada yamanlığın sonu yox,
əyriliyin düz dünyaya yönü yox,
istəyirsən meşələr yax,
istəyirsən dağı yıx,
dünya yenə solmayacaq, igidim.
Bu dünyanı qarış-qarış gəzəsən,
həyatını zər-zibzyla bəzəsən,
istəyirsən doxsana çıx,
istəyirsən yüzə sən,
dünya sənsiz ölməyəcək, igidim.
Bu dünyada bir dünyalıq olmasan,
zaman olub zamanına dolmasan,
istəyirsən ərşə bağır,
istəyirsən oda yan,
dünya bunu bilməyəcək, igidim.
1986
Tale elə oyundu ki...
Dünya elə dünyadı ki,
bəzən heçdən
əyriyə düz, düzə əyri
tale yolu seçib gedir.
Tale elə oyundu ki,
qapısını
arxasında düşüb qalan
sınaqları göstərmədən
açıb gedir.
Tanrı elə tanrıdı ki,
damarlara zaman-zaman
öz qanından qan calayır,
bir yandan da bu saf qanı
qətrə-qətrə içib gedir.
Həyat elə bağbandı ki,
bir tərəfdən ömrümüzə
ay, il əkir,
bir yandan da
bu ayları, bu illəri
biçib gedir.
Səadət elə nurdu ki,
bir ömürə bircə dəfə
bircə zərrə saçıb gedir.
Ömür elə günəşdi ki,
qürubuna çatar-çatmaz
yaşımıza özü boyda
kölgə salıb uçub gedir.
Sevgi elə günahdı ki,
qəlbimizin yollarını
damar-damar ölçüb gedir.
Gənclik elə qüsurdu ki,
ayla, illə keçib gedir...
1987
Dərd bir olsa...
Səhərin arzunla bir oyansa da,
Zəfər bayrağıtək al boyansa da,
Gündüzün günəşlə qoşa yansa da,
Bir şey tapacaqsan dərd eləməyə.
Axşamın evinə nurla dolsa da,
Qucağın naməhrəm sirlə dolsa da,
Qanında bir qaynar qan durulsa da,
Bir şey tapacaqsan dərd eləməyə.
Gecənin qoynundan günəş axsa da,
Yuxuna göylərdən ulduz yağsa da,
Səadət gözünə qonub baxsa da,
Bir şey tapacaqsan dərd eləməyə.
Ərzin gur çayları kürləşsə belə,
Qəlbinə kainat yerləşsə belə,
Bütün Türk dünyası birləşsə belə,
Nəsə tapacaqsan dərd eləməyə.
Ey tale önündə balaca Arif,
Ey adı özündən çox uca Arif,
Ey uşaq, ey cavan, ey qoca Arif,
Sən bir şey taparsan dərd eləməyə.
1992
Dönmək həvəsi
Elə bezmişəm ki, mən bu dünyadan,
bir də bu dünyaya dönməyim gəlir.
Onunla üz-üzə, göz-gözə durub,
son dəfə ucadan dinməyim gəlir.
Axı nə əkdim ki, nə də bitirəm,
boşluqdan asılıb, göydən bitirəm,
ömrə başlamamış gördüm bitirəm,
bir təzə taleyə enməyim gəlir.
Dünyaya nə verdim, nə də aparam,
ona nə yapdım ki, nə də qoparam,
dönsəm, öz yolumdan izmi taparam,
bu izə quş kimi sinməyim gəlir.
Bu zərrə nədənsə qopan qanaddı,
özünü səmada yoxdan yaratdı,
indi cilovunu itirmiş atdı,
atılıb belinə minməyim gəlir.
Elə bezmişəm ki, mən bu dünyadan,
ona bir də dönüb başdan-binadan,
keçirib ömrümü bu lal röyadan,
sonra həmişəlik sönməyim gəlir.
1968
Bulud ömrüm
Elə dolmuşam ki, daşdan keçərəm,
Bölünüb bir gilə yaşdan keçərəm,
Gözlərim tutulsa, qaşdan keçərəm,
Dəryanı damlaya yığa bilmirəm.
Heçliyə bürünüb tale savaşı,
Bir məzar üstündə qoşa başdaşı,
Kişisən bu yükü tək əllə daşı,
Nəfəssiz şimşəyəm, çaxa bilmirəm.
Bir ildə atadan, anadan oldum,
Yaramı doğmalar qanadan oldum,
Ömrümə bu yaşda yetim doğuldum,
Körpəyəm, özümə baxa bilmirəm.
Dan yeri saralan ümid kimiyəm,
Qürubda qaralan bulud kimiyəm,
Tufandan əvvəlki sükut kimiyəm,
Sinəmə dolmuşam, yağa bilmirəm.
Dünən axan yoldu, düzləri vardı,
Torpaqda kök atan izləri vardı,
Dünyanı qərq edən gözləri vardı,
Hey əl-qol atıram, çıxa bilmirəm.
Bu izlər cüt ömrü yeriyib itdi,
Iki yay günündə əriyib itdi,
Bu gözlər dünyanı bürüyüb itdi,
Təkəm, iki günə sığa bilmirəm.
Biri son əzabı yıxa bilmədi,
Biri bu itkini boğa bilmədi,
İlini də başa çıxa bilmədi,
Neynim ki, bu çayla axa bilmirəm.
Ömrün qürubuna çatan kimiyəm,
Həyatı ölümə qatan kişiyəm.
Özü öz səsində batan kişiyəm,
Gözümün yaşını sıxa bilmirəm.
1997
Pakizə Əliyevanın təqdimatında
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.