Sevgi qəlbə zinət imiş - Zaur Ərmuğanın şeirləri
MANERA.AZ şair Zaur Ərmuğanın şeirlərini təqdim edir:
Ömrü səma dərinliyi
Əridərək qarı, buzu,
Sevdim nurlu bir ulduzu.
Həsrəti yaramda duzu,
Vüsalı bal şirinliyi.
Bahar olsun, ya payız, qış,
Arzularım qanadlı quş.
Duyğuların havası xoş,
İçimdə su sərinliyi.
Sorma, nədir sonu, ilki,
Qayəsində uca dərki.
Bu, elə bir bütöv sevgi,
Ömrü səma dərinliyi.
28 may 2017
Gecəyə bax, gecəyə
Gecəyə bax, gecəyə bax,
Gülüm, görüş vaxtımızdır.
O sahildə tənha qayıq
Bizim sevgi taxtımızdır.
Gecənin süd ağlığında
Eşqimiz də nağıllanıb.
Könlümüzün nəğməsiylə
Sevgimiz də sığallanıb.
Gəl gecəni kainatın
Əllərindən alaq indi.
Gəl gecənin işığında
Özümüzlə qalaq indi.
Bu gecədə buludların
Damcı-damcı qoxusu var.
Dənizin də canı yorğun,
Qayatək daş yuxusu var.
Elə bil ki sevincimiz
Ulduzlardan axıb gəlib.
Gülüşümüz həsrətlərin
Pəncəsindən çıxıb gəlib.
Gecəyə bax, gecəyə bax,
Gülüm, görüş vaxtımızdır.
O sahildə tənha qayıq
Bizim sevgi taxtımızdır.
28 may 2017
Düşüb
Sizin kənddə bir gözəl var,
Bizim kəndə gözü düşüb.
Bir yağışda buludlardan
Su pərisi özü düşüb.
Gülüşləri avazlanır,
Yeriyəndə pərvazlanır,
Baxışları ulduzlanır,
Gün sarıya üzü düşüb.
Çox bənzətdim günə, aya,
Bir aləmdir, gəlməz saya,
Əfsanəyə, bayatıya,
Nağıllara izi düşüb.
Dedim, bu bir nuri-həqdir,
Gözəllikdə gözəl təkdir,
Söz köksündə bir ah çəkdi,
Ürəyimə közü düşüb.
Zəhər, ya bal, ver, içəcəm,
Sevdim, ölüb diriləcəm,
Sevgi kimi seviləcəm,
Demə, eşqə yüzü düşüb.
Nə dövlət, nə var aşiqi,
Ərmuğan bir yar aşiqi,
Gözlərinlə gör aşiqi,
Ağızlara sözü düşüb.
17 dekabr 2015
Eşq içimdə sönən deyil
Göndərmişəm söz qatarı
Göy üzüylə durna-durna.
Sübh çıxmışam yar yoluna,
Yollar uzun, burma-burma.
Yamacının gülü titrək,
Qayasının quşu ürkək,
Göy suları göyçək-göyçək,
Dağ zirvəsi çalma-çalma.
Ömür ömrə qismət imiş,
Sevgi qəlbə zinət imiş,
Bu gözəl bir nemət imiş,
Yanaqları xurma-xurma.
Həsrət, ümid... Hey güləşər!
Cananıyla can görüşər.
Bir ürəkdən işıq düşər
Bir ürəyə damla-damla.
Çarə tapdım mən ahıma,
Qapı açdım sabahıma.
Bir bəndəyəm Allahıma,
Dualarım dünya-dünya.
Cünun olum, ya da səfil,
Mən aşiqəm, bu bir dəlil.
Eşq içimdə sönən deyil
Doğransam da qıyma-qıyma.
MANERA.AZ