Alın yazımda adın olsaydı - Yeni şeirlər

MANERA.AZ Hüseyn Bağıroğlunun yeni şeirlərini təqdim edir:
Amma yenə bilmək olmur
Hansı bəndən axı səndən
Bir addım gendədi, Tanrım.
Amma yenə bilmək olmur
Kim hansı dindədi Tanrım.
Ömrü qüzeyə sərərik,
Hər nə dərsək kal dərərik,
Ay görərik, Gün görərik
Bilmərik gün nədi Tanrım.
Kim xəbər tutsa özündən,
Qorxub qaçarlar sözündən.
Dünya nadanlar üzündən,
Küt gedən kündədi Tanrım.
Fikir
Bir anda beynimə min fikir gəlir,
Fikir limanıdır beynim, elə bil.
Gör necə sıxlaşır, necə seyrəlir,
Fikir dumanıdır beynim, elə bil.
Allahsız bir fikir tufan eləyir,
Ürəksiz bir fikir aman diləyir.
Fikirlər bir-birin al-qan eləyir,
Döyüş meydanıdır beynim, elə bil.
Qalib gələn də mən, məğlub olan da,
Özüm öz əlimdə əsirəm belə.
Fikirdən kənara çıxa bilmirəm,
Mən fikir içində gəzirəm belə.
Fikir mənim, mən də fikir içində,
Hörüktək gör necə hörülmüşük biz.
İkimiz birləşib bu adamlara,
Fikirli adamtək görünmüşük biz.
“Min fikir bir borcu ödəməz” demə,
Bir fikir min borcu ödəyə bilər.
Fikir dumanında itib-batmayan,
Şair oxucuya nə deyə bilər?!
Min bir məna yatan ən incə söz də,
Nə göydən düşür, bax, nə yerdən çıxır.
Qəlbini oxşayan o uca söz də,
İnan ki, ən dərin fikirdən çıxır.
Fikirsiz ötən gün dərd olur, şair,
Çəkdiyim ahı da fikir aparır.
Yerdə fikirlərə qərq olur şair,
Göydə Allahı da fikir aparır.
Hər gələn misraya şükür
Hər gələn qonağa şükür.
Ramiz Rövşən
Göy üzündən min naz ilə,
Hər gələn misraya şükür.
Həm də minbir avaz ilə,
Tər gələn misraya şükür.
Hər gələn misraya şükür.
Ruhumuza bənzər olan,
Vaxt əlində bir zər olan,
Dilimizdə əzbər olan,
Dərd bilən misraya şükür.
Hər gələn misraya şükür.
Kəlmələri atəş kimi,
Bir bakirə öpüş kimi,
Süd qoxulu gülüş kimi,
Tər gələn misraya şükür.
Hər gələn misraya şükür.
Damarda qanı qaynadan,
Yeri yerindən oynadan,
Heç nəyə məhəl qoymadan
Gur gələn misraya şükür.
Hər gələn misraya şükür.
Şeytanın bağrın dağlayan,
Bu dünyaya gün ağlayan,
Yer üzün Göyə bağlayan.
Hər gələn misraya şükür.
Tər gələn misraya şükür.
Biz dönmərik qibləmizdən,
Tanrım alma bizi bizdən.
Qəmli gündə qəlbimizdən
Qəm silən misraya şükür.
Hər gələn misraya şükür.
İnsana insanı sevmək qalacaq
Sevməyənlər şeytan olub gedəcək,
Sevənlər əbədi mələk qalacaq.
Əvvəl-axır insan özü biləcək,
İnsana insanı sevmək qalacaq.
Tanrı nəfəsiylə dirilib bu söz,
Sevən ürəklərdə durulub bu söz.
Bir şair səsiylə dərilib bu söz, –
İnsana insanı sevmək qalacaq.
Bunu yetimlərin göz yaşı deyir,
Bunu məzarların başdaşı deyir.
Bunu bu dağların yaddaşı deyir, –
İnsana insanı sevmək qalacaq.
“İnsanlıq göyərən adayam”- deyən,
Şeytan səsləyəndə “burdayam” deyən.
Adam yeyə-yeyə adamam deyən –
İnsana insanı sevmək qalacaq.
Sevməyənlər şeytan olub gedəcək;
Bir ilahi meydən olub gedəcək;
Yerdən olub, göydən olub gedəcək,-
Sevənlər əbədi mələk qalacaq.
İnsana insanı sevmək qalacaq.
Alın yazımda adın olsaydı
Bu alın yazımda adın olsaydı,
Mənim alnım belə qırışmazdı heç.
Ürəyində bir az "yurdum" olsaydı,
Başım dərdə-qəmə qarışmazdı heç.
Çox şeylər ağlıma batardı onda,
Bu dünya könlümə yatardı onda,
Taleyim əlimdən tutardı onda,
Hər gün ayağıma dolaşmazdı heç.
Hər daşın üstündə bir gül bitərdi,
Daş da bülbül kimi dil-dil ötərdi.
Ürəyim ağlımla yola gedərdi,
Ağlım ürəyimlə dalaşmazdı heç.