Oxuya biləydim alın yazımı - Şeirlər

MANERA.AZ Osman Fərmanoğlunun şeirlərini təqdim edir:
ALIN YAZISI
Bir qaça biləydim tale deyəndən,
Oxuya biləydim alın yazımı.
Pişik balasını istədiyindən
yeyirsə, hardadı istək yozumu.
Ömrü yazağzına düşən bənövşə
Soluxur canına isti dəyincə.
Ağaclar çiçəklər üzü günəşə
Boy ata bilmirlər istədiyincə.
Hər dağın,dərənin əriş-arğacı,
Hər ömrün özünün daş atanı var.
Bir dili şirin var, bir dili acı,
Yaxşının, pisin də yaşadanı var.
Əlində zamanın daş tərəzisi,
Alandı,satandı, yeyib –yatandı,
Düzlüyə çağıran baş tərəzisi
Əyriyə çəkəndə əllər utandı.
Ruzu istəyirik quru torpaqdan,
Zibil maşınları çörək daşıyır.
Çörək gəzənin də, tullayanın da
Sinəsinin altda ürək yaşayır.
Çox şeyin üstündən keçirik, qağa,
Çox şeydən keçirik gözü yumulu
Eh elə adamlar ağlına ağa,
Elə kişilər var cibinin qulu.
Baş aça biləydim tale deyəndən,
Oxuya biləydim alın yazımı.
Onda qiyamətə qalmazdı, bəlkə,
Alardım zamandan öz qisasımı.
22 avqust 2017
YURDUNDAN UZAQ DÜŞƏN ADAM
Yurdundan uzaq düşən adam
yatar üzü yurduna sarı
Kirpikləri olar
oğulsuz qoyub gəldiyi
evin hasarı.
Yollara boylanar
atası, anası
halına yanası
Bənövşə adamlar ...
Bitişməz həsrət yarası
ha ovut,
ha sarı.
... Vaxt keçər
Köz-közünə qovuşar,
Od oduna.
Yurdundan uzaq düşən adam
bir qərib bayatıya bükülü
tabutda qayıdar yurduna.
22 avqust 2018
ÖMRÜMÜ
Sürütmə eylədim dağda, aranda
Ayaqlar altında yetim ömrümü...
Qorxulu--qorxulu alatoranda
Şehli çiçəklərə sərdim ömrümü.
Düzlərin düzündə qalan alaçıq,
İstəsə yadına salar azacıq...
Gəzib binə--binə ayaq, baş açıq
Təntiyib əynimə geydim ömrümü.
Həyat gün gəzəni dumana çəkdi,
Dedilər, darıxma Tanrı da təkdi...
Biletimə düşən qara çörəkdi,--
Yavanlıq edərək yedim ömrümü.
Bəlkə, haqqı vardı ağaca, xanca,
Pişiyin başını saxlamaz xonça...
Özümə düşəni qoyub saxlanca,
Daşıdım meymunun, itin ömrünü.
Üstündən karvanlar keçəsi yoldum,
Osman, qul olana gəlib qul oldum...
Bir ömür özümü havayı yordum,--
Çox asan itirdim çətin ömrümü.
18 avqust 2019
DEYƏLİM
Sizin olammadım, a qarlı dağlar
Uzaq diyarlara hədər deyəlim
Qayalar üstündə dumanlar ağlar,
Gözümdən tökülən kədər deyəlim.
Əllərim yetişməz o döşə kimi,
Meşə görməmişəm o meşə kimi.
Kol dibinə sinən bənövşə kimi
Gələnlər vədəsiz gedər deyəlim.
Uzaqlar adama yüz oyun bilər,
İndi qurd biləni hər qoyun bilər.
Fürsət fələkdədi ömrü yun bilər
Darayar əlçimlər didər deyəlim.
Osmanın önündə dərdin çoxusu,
Yaşamaq qorxusu, ölmək qorxusu
Əldən çıxanlara axıb gedən su,
Başa gələnlərə qədər deyəlim.
19 avqust 2015
***
Özü- özünə zülm edir,
Ömür də tükdən asılır.
Bilmirsən istəyi nədir-
Yük gəlir yükdən asılır.
Demə ki, dünya naşıdır,
Çox kişiyə daş daşıdır.
Gözdən qopan göz yaşı da
Düşür, kirpikdən asılır.
Kim sındırar bu tilsimi,
Ovular evlərin himi.
Meyvə kimi, yarpaq kimi
Uşaq böyükdən asılır.
Ömür qısa, ömür uzun
Kəsəri yox ağlımızın.
Gedilməyən yolumuzun
Dərdi ürəkdən asılır.
Hər dodaqda neçə avaz:
“Göyə qaldır”,”başından bas”
İlgəyə gəlməyən boğaz
İndi çörəkdən asılır.
19 avqust 2015
Tural Adışirinin təqdimatında