Akademik: "Ömür boyu öyrənməyə məhkumuq" _MANERA
Akademik qış məktəbinin iştirakçıları ilə görüşüb
MANERA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb.
Qış məktəbi iştirakçılarını salamlayan akademik müxtəlif ölkələrin müəllim, tələbə heyətini Bakıda görməkdən məmnunluğunu ifadə edib: “Biz sizin gəlişinizi uzun müddətdir ki, səbirsizliklə gözləyirdik. Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniya universitetlərinin tələbələrini səmimi qəlbdən salamlayıram. Portuqaliyadan gələn bizim əziz qonaqlarımız bir daha sübut elədilər ki, tələbəliyin ömrü, müddəti olmur. Biz ömür boyu öyrənməyə məhkumuq. "
"Azərbaycan Prezidenti İlham Əliyev ötən il keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin yekunları ilə tanış olandan sonra dedi ki, biz hökmən tələbələrimizi qış məktəbinə də dəvət etməliyik. Düşünürük ki, Azərbaycan haqqında nəzəri biliyə malik olduqdan sonra onu əyani şəkildə görmək o biliyə ciddi əlavələr etmək deməkdir. Mən burada xüsusilə yay məktəbinin iştirakçılarını da salamlamaq istərdim. Onlar artıq bir dəfə Bakıda olublar və mənə elə gəlir ki, biz növbəti yay məktəbində də qış məktəbinin bəzi iştirakçılarını görəcəyik. Azərbaycan multikulturalizmi fənni ilə tanışlıq bitəndən sonra da ümid edirəm ki, xarici tələbələrin Azərbaycandakı dostları ilə əlaqələri davam edəcək. Çünki bir azərbaycanlı təsəvvüründə dostluq bir ömür boyu sənə verilən nemətdir. Azərbaycan Prezidenti, dövləti, xalqı və cəmiyyəti həmişə çalışır ki, ölkəmizin dostları ilə əlaqələri bir az da möhkəmlənsin. Biz inanırıq ki, Azərbaycana olan marağınız məhəbbətə çevriləcək, Azərbaycana olan məhəbbətiniz isə eyni zamanda qış məktəbində təmsil olunan o biri ölkələrə də sevgiyə çevriləcək. Əsl məhəbbət heç vaxt birtərəfli olmur. Bugünkü dünyamızın isə əsl məhəbbətə, mərhəmətə, şəfqətə çox böyük ehtiyacı var. Azərbaycan Prezidenti 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edib. Bunun bizim üçün böyük əhəmiyyəti var. Əslində Prezident İlham Əliyev bununla dünyaya çox aydın bir mesaj göndərib. O, bu ili eyni zamanda insanların bir-birinə mərhəmət, şəfqət göstərməsi, bir-birinə münasibətinin xoş olması ili kimi qeyd edib. Bu istiqamətdə Azərbaycanda əsrlərdən bəri multikultural dəyərlər son dərəcə önəmli bir yer tutur. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edərkən məhz xalqımızın tarixi kökündə formalaşan və yaşayan möhtəşəm mənəvi, elmi, siyasi qaynaqlara əsaslanır. İnanıram ki, ölkəmizdə olduğunuz 8-10 gün ərzində Azərbaycan multikulturalizmi haqqında təsəvvürlərə əyani şəkildə malik olacaqsınız. Eyni zamanda qış məktəbinə xarici ölkələrdən gəlmiş müəllimlərimizi salamlayaraq onlara işlərində uğurlar arzulayıram. Qış məktəbi başladı və mən inanıram ki, bayırda qış olmağına baxmayaraq bizim ürəklərimizdə bahar istiliyi hökm sürəcək”.-deyə akademik əlavə edib.
Dövlət müşaviri görüşdə həmçinin BBMM-in nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında qış məktəbi iştirakçılarına ətraflı məlumat verib və bu nəşrin “Azərbaycan multikulturalizminin qaynaqları” seriyasından ilk kitab olduğunu deyib: “Bu kitabda Azərbaycan ədəbiyyatının bütün dövrlərində (1920-ci illərə qədər) yazıb-yaradan sənətkarların əsərlərində əksini tapan multikultural, tolerant dəyərlər beyt-beyt, qəzəl-qəzəl, abzas-abzas yığılıb bir kontekst daxilində toplanıb. Burada klassik şair və yazıçılarımızın yaradıcılığı tamamilə yeni bir rakursda təqdim edilir. Bu baxımdan kitabda ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir.
Kitabda söz sənətkarlarımızın ayrı-ayrı dinlərə, dillərə mənsub xalqlara, başqa xalqlara məxsus alimlərə, yazarlara, gözəllərə sonsuz ehtiramın təsviri, tərənnümü faktlarla öz təsdiqini tapıb. Bu gün xalqımıza xas olan tolerant, multikultural dəyərlər əsrlər boyu əcdadlarımızın canında, qanında yaşayıb. Bu isə Prezident İlham Əliyevin dediyi “Multikulturalizm Azərbaycan xalqına tarixən xas olan dəyərdir” sözlərinin əyani göstəricisidir."