manera.az
manera.az

Xatırla ayrılıq illərini də - Yəhya Paşazadənin şeirləri

Xatırla ayrılıq illərini də - Yəhya Paşazadənin şeirləri
MANERA.AZ Yəhya Paşazadənin şeirlərini təqdim edir.

Payız gözləyir...

Mən olsam, biryolluq bağışlamazdım,
Bilmirəm, bəs niyə sən bağışladın?
Ömrümün dumanlı xəzan vaxtında
Elə bil, sən mənə çən bağışladın...

Onsuz da bezaram çiskin əlindən,
Çıxıb yaz havası başımdan mənim.
Adınla bağlanan hər günüm, ayım
Addımlar payıztək qarşımdan mənim...

Payızda işartı qalır sevgidən,
Soyuğu çoxalır eşq-məhəbbətin.
Xatirə ağacı yarpaq tökdükcə
İzləri görünmür heç məhəbbətin...

Hər səhvdə şərikik, tənik, bəlkə də,
Düzdə də səninlə yarılıqdayıq.
Görüşə gəlsən də, vüsal saymaram ,
Elə zənn edərəm, ayrılıqdayıq...

Gecikdin həyatda etirafını,
Düşünmə, qəlbimdə ocaq közləyir.
Dayanıb həsrətin pilləkanında,
Səni də mənimtək payız gözləyir...

Elə dərd də var ki, çəkəni yoxdur...

Hərənin bir dərdi vardır həyatda,
Taleyin oxunu zaman sərt çəkir.
Hər kəs öz dərdini çəkmir, bəlkə də,
Kiminsə yerinə kimsə dərd çəkir.

Sinələr od tutsa, alışar aləm,
Dərdlilər dillənmir ahın dərdindən.
Fərq qoymur əzəldən dünya heç kimə,
Qul dərdin az edir şahın dərdindən.

Kim qaça bilir ki, dərd əzabından,
Hər canda bir dözüm məkanı yoxdur.
Elə dərd çəkən var, bilinmir dərdi,
Elə dərd də var ki, çəkəni yoxdur...

Çiyinlər əyilir, tab gətirməyir,
Yetənə hər dərdi ağır yük olur.
Adam var, dərdindən böyükdü özü,
Adam var, özündən dərd böyük olur...

Ömür-gün yaşanır bir minnət ilə,
Hər şərtin ardından elə şərt gəlir.
Dərd çəkən çəkir ki, dərdi azalsın,
Hər yerdən dərdinin üstə dərd gəlir.

Kim qaça bilir ki, dərd əzabından,
Hər canda bir dözüm məkanı yoxdur.
Elə dərd çəkən var, bilinmir dərdi,
Elə dərd də var ki, çəkəni yoxdur...

Sən məndən başla...

Xatırla ayrılıq illərini də,
Saçımı ağardan hər dəndən başla.
Bir eşqdən aldanan ürək istəsən,
Gəl, elə əvvəlcə sən məndən başla.

Gəl, elə əvvəlcə sən məndən başla,
Özgənin oduna min ah eləmə...
Nə günah edirsən, özün bilərsən,
Mənim də yerimə günah eləmə...

Danışma keçmişdən, bir az nəfəs al,
Hər həsrət səddini söz yara bilmir.
Xatırla, nə qədər xatırlayırsan,
Xatirə zamanı qaytara bilmir...

Hünərin alınıb, səbrin tükənib,
Bəlkə də, möhnətə çox qatlanırsan.
Sevincin içində çəkirsən əzab,
Əzabın içində rahatlanırsan...

Sevginin ömrünə möhür vurmağa,
Bir imzan qalmayıb, qolun qalmayıb.
İrəli getməyə bacarsan, belə,
Geriyə dönməyə yolun qalmayıb.

Danışma keçmişdən, bir az nəfəs al,
Hər həsrət səddini söz yara bilmir.
Xatırla, nə qədər xatırlayırsan,
Xatirə zamanı qaytara bilmir.

Halaldır sənə!

Bir belə zillətdən, həsrətdən sonra,
Qismətdir bu büsat, bu şadlıq, Vətən!
Hər bir övladına yaraşdığıtək
Sənə çox yaraşır azadlıq, Vətən!

Bağırıb almışam mən bu haqqımı,
Açılıb səsimdə lal azadlığım.
Qəlbimdə eşq olub, gözümdə işıq,
Dilimdə, sözümdə, bal azadlığım.

Sərhəd yox hisslərə, düşüncələrə,
Ürək də azaddır, baş da azaddır.
Çox şükür, rahatdır vicdanımız da,
Hər qarış torpaq da, daş da azaddır.

Qartala göylə tən olan azadlıq,
Balıqçın bir dəniz qədər deyilmi?.
Torpaqdır insanın azadlığı da,
Torpaqsız ömür-gün hədər deyilmı?.

Quşu da sevməzsən qəfəsdə qalsın,
Hər qəfəs bir dərddir, məlaldır sənə.
Tarixim veribdir halallığını,
Ay Vətən, azadlıq halaldır sənə!

Ayrılıq sözündən xoşum gəlməyir...

Bu qədər xatirə qoyub,gedirsən,
Saniram,yenə də az qalır mənə.
Payız da görürəm, qış da görürəm,
Həyatda tək səndən yaz qalır mənə...

Bəlkə də yaşıdıq,birik,bəlkə də,
Demirəm, mənası çox dərin çıxır...
Hər dəfə ovcumu açıb, baxıram
Əlimin içindən əllərin çıxır...

Qarşında yollardır ayrılıb, gedən,
Bilirəm, ayrılan özün deyilsən.
Ayrılıq sözündən xoşum gəlməyir,
Ayrılaq sözünü özün deyirsən.

Bağrıma basdıqca ruhumu yaxır,
Bir oddur, alovdur qucağın sənin.
İllərdən bəridir, sinəm sönməyir,
Qəlbimdə közərir ocağın sənin.

Ay sevgi, mən səndən gileylənmirəm,
Adına həsrətdən çəkmirəm ara.
Ancaq ki, nədənsə qibtə edirəm.
Vaxtında səninlə ayrılanlara...

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 773 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031