Götür ürəyini gəl bizə sarı - Elçin Mirzəbəylinin şeirləri

Manera.az tanınmış şair Elçin Mirzəbəylinin şeirlərini təqdim edir:
***
Bir gün mən olmasam...
Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
Bir küləkli axşam...
Ya qış gecəsi
Durub üşüyərsən soba dibində.
Onda boş qalacaq ömrün küçəsi-
...Kimsə fit çalacaq əli cibində.
Bir anlıq gözünü dikib güzgüyə
Sığalsız saçını qoxlayacaqsan.
Təzə bir xatirə tapasan deyə
Köhnə əl çantamı yoxlayacaqsan.
Ev səni udacaq əjdaha kimi-
Özünü min dəfə qınayacaqsan.
Soyuq otağında-boş kaha kimi-
Qalan günlərini sanayacaqsan.
Doğmalar səninlə bir olmayacaq-
Elə ümidlərin qıracaq səni.
Dərdini deməyə yer olmayacaq-
Qəbristan yolları yoracaq səni...
Bir gün mən olmasam...
Dəyişəcəksən...
Dərdin yandıracaq səni od kimi.
Bütün dünya ilə döyüşəcəksən,
Tənha qalacaqsan - son ümid kimi.
Məzarım üstündə güllər solacaq,
Sarmaşıq saracaq başdaşımı da...
Gündə neçə kərə gözün dolacaq-
Silən olmayacaq göz yaşını da.
... Bir gün mən olmasam... Qəribsəyərsən...
O qəmli gözlərin yaş tökərmi heç?
O mənsiz dünyadan nə istəyərsən?
O mənsiz gözlərin yol çəkərmi heç?
Bircə kəlmə payız
Sən demə heç yoxmuş həsrətin sonu,
Sən elə tənhaydın, mən elə təkdim...
Nə çəkdin, nə çəkdim,
Bilirəm bunu -
Sən eşqi, mən eşqin şəklini çəkdim...
Sil mənim adımı,
Sil...
Yenidən sil...
Sevgi qatarının son biletindən.
Qəlbimdə ilməsiz bircə yer qalıb
Dur as gözümdəki portretindən...
Son sözüm nə oldu?
"Uzaqmı yollar?..
Bircə kəlmə... susma, burcə kəlmə yaz".
Dilimin ucunda iki fəsil var -
Bircə kəlmə payız, bircə kəlmə yaz...
Sənə nə göndərim,
Payız, yoxsa yaz?..
Mənimçün fərqi yox, elə xəzandı!
Daha içimdəki ocaq alışmaz,
Sən öz gözündəki çırağı yandır.
...Düşdün ayrılıqlar köçünə, yenə
Yol deyil qayıdıb gələ biləsən...
Dərd deyil çəkəsən içinə, yenə...
Yurd deyil...
Uğrunda ölə biləsən...
Sən hardan bilirsən
tənhalıq nədir?
Sən
heç üşüdünmü
İsti yay günündə?
Alovu saçlarını qarsan soba dibində
Barmaqların soyuqdan
titrədimi?
Sahibsiz köpəklərlə bölüşdünmü
Əllərinin hərarətini?
Rühün süzüldümü
Nəhəng ticarət mərkəzlərinin
Basırıq dəhlizlərindən?
Reklam lövhələrində
Alın yazını oxudunmu heç,
Qızcığaz?
Sən hardan bilirsən tənhalıq nədir?
Sən
Heç
Sevgiylə qətl edildinmi?
Ruhunu asdılarımı
Özgə istəklərinin
dar ağacından...
Gözlərini açdınmı
Alnından süzülən
Soyuq tər damlalarının
Titrəyişinə?
Yas tutdunmu heç
Sevdiklərinin gəlişinə?
Sevə-sevə zorladılarmı
İçindəki məsum sevdaları?...
Doğmalar arasında özgə oldunmu?
Kölgə oldunmu
Ruhunu zorla daşıyan
Soyuq bədəninə?
Milyonların arasında
Tək qalmayasan deyə
Ruhunu
Zərrələrə
böldünmü heç?
Öz içində
Gündə yüz yol doğuldunmu,
öldünmü heç,
Qızcığaz?
Sən hardan bilirsən tənhalıq nədir?...
Sənsizlik
Gəl, gülüm...
Yetimdi bu qapı sənsiz...
Ayaq səslərinə təşnə dəhlizim.
Bəlkə bir an öncə getmisən, amma
Mən yenə sənsizəm...
Yenə sənsizəm.
Mən yenə sənsizəm...
Bu sənsizliyin
əvvəli ayrılıq, sonu ayrılıq...
Bir sevda böyütdük göz yaşlarıyla -
Nəfəsi ayrılıq, qanı ayrılıq...
Azdıq bu sevdanın dolanbacında?
Sola hellənəndə
Sağa çıxmışiq.
Bir nəfəs çəkmişdik ah çıxarmağa
Demə...
çəkdiyimiz aha çıxmışıq...
Qoy olsun...
Sevgidən doğan bir ahsa
Təpədən dırnağa bu aha bataq.
Sevilmək gunahsa,
Sevmək günahsa
Gəl gülüm...
Birlikdə günaha bataq...
***
Gecənin birində köçüb gedəsən...
Yox olub gedəsən, uçub gedəsən...
İtəsən gecənin qaranlığında,
İtəsən şəhərin burulğanında
Dünyanın dərdini içib gedəsən,
Nə varsa,
nə varsa geridə qalan
Bir göz qırpımında biçib gedəsən.
Bir qaya üstündən, bir dağ başından
Tutub göz yaşını çırpasan yerə.
Sıxasan ömrünü bir qurşun kimi...
Yorğun yaddaşını çırpasan yerə.
Sonra yandırasan bütün ömrünü,
Yana...
Közü keçə, külü keçməyə.
Bircə sətirin də, bircə sözün də,
Bircə xatirən də ələ keçməyə...
...Pəncərə-pəncərə tükənə ömrün,
Sonra qapı-qapı çıxıb gedəsən.
Durub ucurasan bütün yolları,
Bütün körpüləri yıxıb gedəsən...
Götür ürəyini gəl bizə sarı...
Üşüyür bu gecəm Ay işığında
Yürü, çək yükünü gündüzə sarı.
Baxışım açılmış yumaq kimidi
Di al, bir ucunu...
Ulduza sarı...
Alışdım yuvamda dərd böyütməyə,
Sonra dən-dən ovub...
dərd üyütməyə...
Bir ocaq çatmışam dərdi ütməyə,
Götür ürəyini gəl bizə sarı...
***
İlahi, dualarım qara sevda kimidi
Göy üzündən asılsa
Ciyəsi də tapılmaz.
Sənin hər sualına minlərlə cavab çıxar,
Mənim min cavabımın yiyəsi də tapılmaz.
Nə vermisən - yoxuşdu,
Nə almısan - enişdi...
Endiyim pillələrdən geriyə sayım da yox..
Sənin boşluq içində bir kainat payın var,
Mənim boşluq içində bir Tanrı payım yox.
Yerin cazibəsi kor, göyün cazibəsi lal,
Ömür sükut meydanı -
Sükutu duman kimi.
Bir ömür ömrümüzdən,
bircə yol qəbrimizdən
Süzülür vaxtın qanı -
Qapqara, qətran kimi...
Qaç vaxtın dərgahından, qurtul əsarətindən
Kibrit əqrəbləriylə yandırıb saatları!
Xilas ol tanrıların muzdlu ədalətindən -
Atıb ayaq altına...
Sındırıb saatları...
Bir nəfəs ver, İlahi, bir nəfəs al mənim tək...
Bircə udum hava da bu canda əzab çəkir.
İlahi Yer üzündə mələk də qəribsəyir,
İlahi, göy üzündə seytan da əzab çəkir...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.