Bircə məhəbbətə qalıb inamım – Ağalar Mirzənin şeirləri
![]()
MANERA.az «Unudulmazlar» rubrikasında mərhum şair, alim Ağalar Mirzənin şeirlərini təqdim edir:
***
Durnalar uçub gedir,
Dalısınca səsləri.
Dalısınca gözlərim,
Yox olunca gözləyir.
Durna köçür-payızdı,
Durna gəlir-bahardı.
Həsrətin, məhəbbətin,
Durna oxşarı vardır.
Yağdı bahar ömrümə,
Yağdı həsrətin qarı.
İndi uçur ömrümün,
Vəfasız durnaları.
***
Yarpaqlar atılır budaqdan,
Düşür budaqların dişi.
Hərdən sarı yarpağa da,
Düşür adamın işi.
Atılır budaqdan, yıxılır,
Payız qaldırır, öpür.
Düşən yarpağın axırı,
Alışan kibrit çöpü.
O düşür çiynimə, neyləyim,
Çiynimdə bir körpə əli.
Beləcə, gəlirəm evimə,
Əliboş, çiyni körpəli.
***
Yağışlar da yağır
Yarpaqlar da...
Yağır göz yaşları
Yarpaqlar yağanda.
Bəlalı sevgilərə
Yağır payız yağışı
Yağır kirayənişin
Qalanların evinə..
Bəxti gur adamların
Nə vecinə yaz, payız?
Güclə gözləri gülən
Mən yazığın gözünə
Yağır payız amansız.
Dünən səni yuxuda
Görmüşəm..
Bəxtimə bax,
Onda da aramıza
Qondu bir sarı yarpaq.
Dünyada adamlar var
Dünyada adamlar var
Baxırsan hamısının
Başı, ayağı.
Amma birinin başı var,
O birinin baş aparmağı.
Birinin sözü bütövdü,
Çörəyi para.
Üzü ağdı, günü qara.
O birinin üzü qaradı,
Günü ağ.
Əməli xəstədi, canı sağ.
Dünyada başlar var
Quruca əlini dolandıra bilmir
Əllər var baş dolandırır,
Dünyada baş var –
Bir eli qoruyur, girləyir.
Dünyada adamlar var -
Baş girləyir.
Nəsə, dünyadan
Adam, badam iysi gəlir.
***
Mənim bir ümidim bu sevgiyədi,
Olmayan olacaq dinib “ol” desə.
Necə ki, insanı Məcnun elədi,
Necə ki, bülbülü saldı qəfəsə.
Bu dünya bir papaq-başıma dardı,
Qəlibi qarsıyır ayaqlarımı.
İnamsız dünyası olan yarımır,
İnamım var idi dostlar apardı,
Götürüb apardı dayaqlarımı.
Bircə məhəbbətə qalıb inamım,
Nə vaxtsa o məni adam eyləyib.
Çəkib süfrəsinə dadlı dünyanı,
Ala gözlərimi badam eyləyib.
Mən onda tanıdım çürüyü-safı,
O vaxtdan pas atır qəzəbim “qında”.
Mənimçün mələklər seçib insafı,
Alnıma məhəbbət yazılıb onda.
Bu günün eşqinə açılır sabah,
Sevgi qul önünə çəkir şahı da.
Deyirsən hər şeyi yaradan-allah!
Məhəbbət yaradır bir allahı da.
***
Ayrılıq azalır görüşəndə biz,
Bağlı qapı açan bir günahımsan.
Ayrı yaşayırıq bir ürəklə biz,
Köksümün altında uzaqlığımsan.
Gedirsən..təkliyə düşüb batıram,
Bilirəm ürəyin qaldı sənin də.
Mən indi vağzala gələn qataram,
Düşürsən ömrümün pilləkənindən.
Gəlirəm görüşə, gedirəm işə,
İnam bir şeyədi, güman min yerə.
Mən sənə o qədər isinişmişəm,
Bir də bu dünyaya öyrəşəmmərəm.
Paxıl qara yaxır paxıllığından,
Sevə bilməyənlər yazıqlaşırlar.
Bəlkə, sənə sonsuz yaxınlığımdan,
Dostlarım bir ucdan uzaqlaşırlar.
Getdin
Getdin, sən də getdin, bahar da belə,
Məni tənha qoyub yağışla-qarla.
Gedən qışla gedir, yağışla gedir,
Durna qatarında gəlir baharla.
Mənim ünvanımda bir yazın adı,
Taleyim sevginin suçəkənidi.
Bu yazın sevinci səninlə olsun,
Mənə o payızın dərdini gətir.
Mənim o illərdə məzarımı qaz,
Gəzirəm, gülürəm, demə ki, sağam.
Məni bu sevgisiz yazda dəfn elə,
Sevgili payızda qayıdacağam.
Dəyərsən mənim xətrimə
Dəyərsən mənim xətrimə,
Xatirəmi də daşlarsan.
Bir gün düşüb qəfil ölsəm,
Yəqin məni bağışlarsan.
Ölüb getdim, unutmadın,
Yoluma işıq tutmadın,
A gözləri bulud qadın,
Xatirəmi yağışlarsan.
Yazıb Bisituna adın,
Öldü bu eşqin Fərhadı.
Sən də öz başını qatıb
Təzə sevdalar başlarsan.
Sevdalar dərin olmasa.
Ölsəm, xəbərin olmasa,
Qalmağa yerin olmasa,
Gəlib gözümdə qışlarsan.
Unutma
Mən gedirəm uzağa,
İzim, məni unutma.
Bezdim özümdən daha,
Dözüm, məni unutma.
Ölüb gül kimi bitsən,
Gələn yaza ümidsən...
İşdi, oğlum unutsa,
Qızım, məni unutma.
Baxmağa göz vermisən,
Əcəli tez vermisən...
Sən mənə söz vermisən,
Sözüm, məni unutma.
Bu sevda bir solan güldü
Mən gedirəm, sən qalırsan,
Sənə məndən zülüm olar.
Başın qoyub baş daşıma
Kim ağlasa, gülüm olar.
Daha öldüm, barışarsan,
Dost-tanışa qarışarsan.
Məndən deyib danışarsan,
Dinən dilin dilim olar.
Bu sevda bir solan güldü,
Çiçəklər gözünü sildi.
Mən bir yol ağrıyıb öldüm,
Sənə hər gün ölüm olar.
Tural Adışirinin təqdimatında
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.