Həsrətin boyunu sevmə bu qədər - Mirzə Əsgərovun şeirləri

MANERA.AZ Mirzə Əsgərovun şeirlərini təqdim edir.
HARDASAN
Düzüb yaddaşıma xatirələri
Səni axtarıram, gülüm, hardasan?
Sənsiz keçən günüm əzab, əziyyət,
Hər gecəm məşəqqət, zülüm, hardasan?
Həsrətin ünüdür səsim, qulaq as
Məndən nəyə görə alırsan qisas?
Nə görüş istəməm, nə yaxın təmas
Sadəcə yerini bilim, hardasan?
Yoxluğa tablaşan ürək gərəkdir.
Nədən incimisən, demək gərəkdir.
Bəlkə bir dərdin var kömək gərəkdir
Söylə ünvanını gəlim, hardasan?
Qalmışam qəmlərin inhisarında
Yazın yağışında, qışın qarında.
Düşüb boğuluram intizarında
Heç yana yetməyir əlim, hardasan?
Ya sən də dərdlisən Mirzədən yana
Açıb, ağartmağın ar gəlir sana.
Onsuz da borcluyuq hərə bir cana
Gəlim qabağında ölüm, hardasan?
Səni axtarıram, gülüm, hardasan.
VARMI
Dərd də zəmanədən paydır insana
Onu öz canında sınıyan varmı?
Qılıncı sivrilən baş vurur indi
Zalımın zülmünü qınıyan varmı?
Göylər susuz qalıb, bulut tanımır
Əsən boz küləklər səmt tanımır
Dünyanın qapısı kilit tanımır
Kim gəlir, kim gedir, sanıyan varmı?
İlləri ömürdən sovurdun yelə,
Səpdiyin tumlar da cücərmir hələ
Yazırsan, pozursan ay Mirzə lələ
Səni şair kimi tanıyan varmı?
YOLLARDAN YIĞIŞ
Unut o gözəli, daha gözləmə,
Yol çəkdin, ağ gəldi qara gözlərə.
Səndən uzaqlaşıb gedən izlərə,
Neçə il qar yağıb, neçə il yağış-
Yığış ay gözlərim, yollardan yığış.
Narahat yuxuna uzun gecələr,
Ya hicran qonaqdı, ya qəm, ya kədər.
Həsrətin boyunu sevmə bu qədər,
Alın yazısıyla, qismətlə barış,
Yığış ay gözlərim, yollardan yığış.
Həyatın dərsini az oxumadın
Şahları aldadıb məhluqə-qadın,
Sənin o mənasız, yersiz inadın,
Alnına töhmətdi, başına qaxınc,
Yığış ay gözlərim, yollardan yığış.
Kədərdən yaxa çək, gülüşə boylan,
Qırqovul yaşayan küləşə boylan,
Dağı aşıb batan günəşə boylan,
Varmı vaxt deyənin əlindən çıxış,
Yığış ay gözlərim, yollardan yığış.
Yığış ay gözlərim, yollardan yığış.
DÜŞÜNCƏLƏRİM
Xəyalının aynasını toz tutub,
Fikirlərim su üzündə taxtadı...
Sahilləri görükməyən zəkamın,
Dalğaları öləziyib, yoxdadı.
Boz gəlibdi istəyimin gözünə,
Arzuların cücərməyi bəxtədir,
Ətəyimdən od almışam özümə,
Sönməyimin icazəsi haqqdadı.
Yuxularım "isax-musax" quşudu,
Səmalarda bacısını axtarır.
İqbalımı qiyamətə atacam,
Tuşlamışam, yay ucunda, oxdadır.
Çirmələnib sevdalara cummadım,
Şəhvətlərim yıxdı məni, tapdadı.
Zəmanədən bir yaxşılıq ummadım,
Bilirəm ki, ömür olan saxtadı.
Ömür boyda yol gəlmişəm, yoruldum,
Əzabımın günahları Nuhdadı.
Şeir adlı bir "gözələ" vuruldum,
Onda bir az gözüm-könlüm toxdadı
SON GÖRÜŞ
Son görüşümüzə Tanrım səninlə,
Bir gül ağacını şahid eylədi.
Sənin sevgimizə atdığın güllə,
O gül ağacını, şəhid eylədi.
Son görüş, son vida, sonuncu savaş,
İzi ürəyimdən itəsi deyil.
Sənin güdazına getdi,o ağac,
O ağac bir daha bitəsi deyil.
Sən get, öz ədanla ömür eylə birgə,
Mən öz ümidimin tumunu çərtdim.
Sevgi bağlarında özümə bəlkə,
Bir gül ağacı da əkib, göyərtdim.
Ayrılıq acısı qalmasın canda,
Sən də peşman ol, qayıt gəl, indi...
Bəslə o ağacı mən olmayanda,
O mənim, eşqimdən qalan yetimdir.
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.