Ömür dedikləri oyun-qumarmış / Allahverdi Aqil
![]()
MANERA.AZ Allahverdi Aqilin şeirlərini təqdim edir:
Bu dünya cəza yeri
Ömrümüzə sirr əkirik,
Biləni Allah olacaq.
Dəm çəkirik, qəm çəkirik,
Sonumuz bir Ah olacaq.
Bizik dərgahdan qovulan,
Tanrısından cəza alan.
Yol azdırdı bizə ilan,
Bilmədik günah olacaq.
Ərşdə qaldı məleykələr,
Gəlib yerdə gördük nələr...
Biz bilməzdik gecə gələr,
Bilməzdik sabah olacaq.
...Dünən günahim bir idi,
Min olub hələ diridi.
Bu dünya cəza yeridi,
Çətin ki, islah olacaq.
Dönən deyiləm
Xatirəndən sil dünəni,
Bu günəm dünən deyiləm.
Ha harayla- çağır məni,
Bir daha dinən deyiləm.
Bu dünyada bir olsan da,
Açılmayan sirr olsa da,
Bil, önümdə PİR olsan da
Səcdənə enən deyiləm.
Dönüyün dönük əhdinə
Lal ürəyim çətin dinə.
Göz yaşın təşnə qəlbimə
Az əndər sönən deyiləm.
...Çevrilib bir qurd olacam,
Sevgindən qisas alacam.
Bir obada yurd olacam,
Gedirəm, dönən deyiləm!
Ay günahım, hardasan?
Hardasan güman yerim,
Son pənahım, hardasan?
Küsgünəm, uman yerim,
Könül şahım, hardasan?
Olma belə ağrıdan,
Qıyma qalım bağrı qan,
Çat- çat olan bağrımdan
Qopan ahım, hardasan?
Təkim-- birim bildiyim,
Ovsun, sirrim bildiyim,
Ocaq-pirim bildiyim-
Səcdəgahım, hardasan?
Cismimdə can olanım,
Qəlbə sultan olanım,
İsmi pünhan olanım,
Rəbb agahım, hardasan?
Tükənir canımda tab,
Min sualam , tək cavab.
Sevmək sayılar savab,
Ay günahım, hardasan?
Mən bir vida şeiriyəm
Aradabir görünürəm,
Biləsən sağam- diriyəm.
Pünhanın gerçək olanı,
Aşkarın gizlin sirriyəm.
Gizlinim MƏN parasında,
Tapammazsan, arasan da.
Yerlə Ərşin arasında,
Ruhu dərbədər biriyəm.
Öz ruhuma daş atıram,
Bir oyundu, baş qatıram.
Sükutam, qulaq batıran
harayım çətin kiriyə.
Bir az ayrılıq rəngiyəm,
Hicranın qəm ahəngiyəm,
Alovu-odu səngiyən,
Közərən ocaq yeriyəm.
Ya Rəbb, görmür çoxu məni,
Qövsi-qüzeh toxu məni,
Naxış- naxış oxu məni-
Mən bir vida şeiriyəm.
Utanmadım
YA HAQQ dedim üzü göyə,
Səcdə etdim Xaliq deyə.
Ulduzlara balıq deyə,
Tilov atdım tutammadım.
Göy üzü güldü oyunuma,
Qəm-kədər doldu qoynuma.
Elə sarıldı boynuma --
Dərd yarımı atammadım.
Dərdi qəlbimə köçürdüm,
Can verdim, qanım içirdim.
Əlimə qələm götürdüm
Füzulidən utanmadım.
Arada qalan canım
Qalmışam arasında bu namərd əllərimin,
Biri qurub yaradır, biri çapıb talayır.
Əllərim yol getməyir, eşitməyir sol sağı,
Bir əlim ağac əkir, bir əlim baltalayır.
Bu necə yaranışdı, baş açmıram, İlahi!
Ayaq bağlı, qol bağlı- cəzamı , yoxsa, bələk?!
Yoxsa ömür sınaqdı, sınanmağa gəlmişik,
İçimdə dəli şeytan, çiynimdə bir cüt mələk...
Bir gözümdə toy- düyün, bir gözümdə qəhər- nəm,
Nədən qoşa yaranıb ömrümüzdə xeyir- şər?!
Allahım, bu nə sirdi- insan insana düşmən,
Göy çadırın altında nədən didişir bəşər?!
Ayrı düşüb göz niyə: sağ vardırsa, bu sol nə?!
Baş açmıram nə sirdi, doğru varsa, yalan nə?!
Bu ikilik nədəndir, əyri nədir, düz nedir?!-
" Dünya bir pəncərədir.". Gedən nədir, qalan nə?
Yaranışdan bu dünya qasırğalı bir dəniz,
Sularında yol azmış ömür, yelkənsiz gəmi.
YA RƏBB! sirrdi ömür də, olum nədir, ölüm nə?!
Nədən qoşa yaratdın cənnəti, cəhənnəmi?!
...Qalmışam arasında bu namərd əllərimin
Biri qurub yaradır, biri çapıb talayır.
Əllərim yola getməyir, eşitməyir sol sağı,
Bir əlim ağac əkir, bir əlim baltalayır...
Oyna balam, oyna
Ana döşündəki südə az isin,
Yırtıb bələyini oynamaq öyrən.
Oyna, çox oyna ki, bərkisin dizin,
Çırma biləyini oynamaq öyrən.
Olassan oyunda ömür sürəsi,
Oyun bacaranlar vaxtıdı, bala.
Üstündə durduğum bu yer kürəsi,
Şeytanın bir oyun taxtıdı, bala.
Gəldiyin bu dünya oyundu elə,
Biz də bu oyunun oyuncaqları.
Uduzan görəssən , uduzan ancaq...
Əlində qalassan bu "ancaq" ların.
Yırtıb bələyini oynamaq öyrən,
Çırma biləyini oynamaq öyrən.
...Birdə görəssən ki oyun içindən,
Bir gözəl qız çıxdı, görə- bilməzə
Aldı ürəyini oxşadı, qaçdı,
Ünün də yetməyən gedərgəlməzə...
Sonralar biləssən o Ayüzlünün,
Səndən də maraqlı oyunu varmış.
Özünü çox üzmə, özün biləssən,
Ömür dedikləri oyun-qumarmış.
Günəşin doğmasın, Ayın batmasın,
Oyun olmağına güləssən, bala.
Dünyaya gəlməyin, ölüb getməyin,
Oyun olmağını biləssən, bala.
... Hələlik oynamaq vaxtındı, oyna,
Oynamaq sənin də baxtındı, oyna,
Oyna balam, oyna.
Ruhum qopar məndən məni
Götür MƏNi çıxaq gedək,
Nəzər, göz olmayan yerə.
Həddi- səddi yıxaq gedək,
Qeybət, söz olmayan yerə.
Qoşulaq sərt küləklərə,
Vida edək ürəklərə,
Xəbər salaq mələklərə-
Gedək iz olmayan yerə.
Ərşdən uca, yerdən dərin,
Nəfəs olmaya bir dərim,
Məzar evindən də sərin-
Alov- köz olmayan yerə.
Yerdə qalsın qoy qəbrimiz,
Verilsin hesab- cəbrimiz.
Çatlamamış daş səbrimiz-
Gedək döz olmayan yerə.
Sorma nə xəbər, bu nə iş.
O yerə ki, yoxdu dönüş
Daha şeytan sevinməmiş-
Gedək üz olmayan yerə.
...Yerdə yer yox, bu nədəni,
Ruhum qopar MƏNdən məni.
Tərk edək bu leş bədəni
" Gedək biz olmayan yerə".
Adam içindən yıxılır
Könül, az oyna qəm ilə,
Köksümə qəhər tıxılır.
Ha üstə gəl, ha cəm elə,
Hər gün ömürdən çıxılır.
Tapammazsan qarasında,
Çıraqla ağ arasan da.
Bu YERlə GÖY arasında,
Didərgin RUHum sıxılır.
Sözmü qəhət sağ başına,
Qaysaqlı yara qaşıma.
Baxdıqca kor qardaşına,
Dilim- dodağım yaxılır.
...Gəl az çəkdir dağı dağa,
Güvənmə heç əl- ayağa.
Etibar yox bağ- dayağa,
"Adam içindən yıxılır".
MANERA.AZ