manera.az
manera.az

Yumur günahımı göz yaşlarım da... - Şeirlər

Yumur günahımı göz yaşlarım da... - Şeirlər
MANERA.AZ Firudin Həsənoğlunun şeirlərini təqdim edir:

Təzə bizik dünyada...

(Atamla söhbət)

Elə öz gərdişində, elə fırlanmağında,
Elə zirvəsində qar, elə duman dağında,
Qəssabı piy axtaran, keçi can harayında...
Təzə bizik dünyada, dünya köhnə dünyadır.

Üzümüzə yağışı, bir az qarı azalıb,
Qarğası balalayıb, qartal, sarı azalıb,
İnsan bildiklərinin etibarı azalıb,
Təzə bizik dünyada, dünya köhnə dünyadır.

Qana qurd iştahası min illərdi qalandır,
Yenə aslan tülküyə enib səcdə qılandır,
Dünya nahaq dünyası, haqq yalandır, yalandır,
Təzə bizik dünyada, dünya köhnə dünyadır.

Bu gəl-gedişlərin üzü birdir, həməndir,
Bədzatlıq, nankorluq – o dövrandır, o dəmdir,
Yadlığa boyun əymək, tək-tək idi, çəməndir,
Təzə bizik dünyada, dünya köhnə dünyadır.

Bir vaxt şeytan tor qurub babamın babasına,
Balası qənim indi babamın balasına,
Toyuna yas tutmaqda, toy tutmaqda yasına,
Təzə bizik dünyada, dünya köhnə dünyadır.

Dədə-baba adətim, əzəl mərdliyim itib,
Xəyanətə sədd olan ərlik, sərtliyim itib,
Vətən, yurd təəssübüm, dönməz ərliyim itib,
Təzə bizik dünyada, dünya köhnə dünyadır.

Bu çək-çevir gərdişdə əllərdə qalıb yaxam.
Nahaqqı haqqı kəsən, əyrisi düzünə xan,
Həsənoğlu, dövrlər qaldıran, sökən, yıxan...
Təzə bizik dünyada, dünya köhnə dünyadır.
1980

Nənəmin qarğışı

Nənəm qarğış eyləyərdi:
“Yar yaxası açmayasan”.
Nənəm qarğış eyləyərdi:
“Bəy papağı tapmayasan”.

Nə müstəcəbmiş qarğışın,
Yar yaxası açıq, nənə!
Bəy papağı çoxdan itib,
Bəy yuxusu qaçıb, nənə!
O əzəlki adətimiz,
Yoxa çıxıb, uçub, nənə...

Çox dedilər...

Babalarla çox az oldu otur-durum.
Zaman-zaman dedikləri
xatirəmdə izin saldı şırım-şırım.
Dedilər ki, Vətəni sev gözün kimi,
uluların sevən kimi-özün kimi...
Dedilər ki, yurd adına atlanmağı bacar, bala!
Atlandınsa, ucalmağı bacar, bala!
Ar-namus bil, millət tanı, qeyrət tanı,
Bütövcə gör Azərbaycan vətəninin
o tayını, bu tayını.
İçindəki didişmədə, dartışmada
barışıq gəz.
Hər qaranlıq məqamlarda
bir işıq gəz.
Dedilər ki, öz nəfsinə üsyan elə,
İçindəki şeytanı qov, qula dönmə bilə-bilə.
Uca başın yad ayağa sürtmə, bala!
Özgələrin artığını gödəninə dürtmə, bala!
Adətləri müqəddəs bil, qoru, qoru!
Sızlamasın babaların sümükləri, qəbri, goru.
Tanrı sənə qoy yar olsun,
Duamıza nurun qatsın ulu günəş.
Papağını qoy qarşına,
yaxşı-yaxşı bir fikirləş!
Eh...! Nə qədər söz dedilər,
Sabah bütün olacağa “döz” dedilər.
Nə dedilər, düz dedilər!
Birliyə dönüş başlamış,
Yurd üçün döyüş başlamış,
Çox dedilər, eşitdim az,
Canım sıxdı çəkdiklərim…
Hayıf...! Bu gün qənşərimə qoyub bir az
Düşünməyə, papağım da yoxdu mənim!...

Hardasan?

Hardasan, göstər üzün, ey sirri-surət, hardasan?
Qalmayıb dünyanda ol əzəlki halət, hardasan?

Dərdi gör, dərmana bax, fəhm eylə ərzin halını,
Yer-göyün atəşdə, bir məzari-zülmət, hardasan?

Bir dünya, milyardlar ol dünyada qanda, qovğada,
Qan töküb, can ovlamaqmı ta şücaət, hardasan?

Təşnədir ruhum doğru bir insanə ki diz çökə,
Verdinmi heç doğruya aləmdə fürsət, hardasan?

Daha gün doğmur, sabah danında zülmət tülusu,
Halallıqdan qan damır haqqın xəcalət, hardasan?

Dost yalan, həmdərd yalan, dünya yalan dünyasıdır,
Namərd dostdan mərd düşmən min qat səlamət, hardasan?

Tək ümidə, tək sənə sığındı bu can, ey Tanrım,
Hər ümidin qisməti cümlə xəyanət, hardasan?

Dörd kitabın pənahıydı məzlumi-bikəslərin,
Hanı vədin, hanı bəs rəhmin, ədalət, hardasan?

Lövhü-aləmdən gələn o vədlərin kəsəri yox,
O da səndənmi “əta”, bəndənə “qismət”, hardasan?

Barı haqq üsyanımı fəhm eylə, ey Tanrım, yetiş,
Axı səndəndir gələn bu bəxtə, rislət, hardasan?

Nədən aldatdın, İlahi, niyə doğurdun məni,
Hardasan, bax, hər səxavətdə xəyanət, hardasan?

Bir kərə gözüm yaşarsa, varından yox sən idin,
Daha yox gözüm yaşı, ey ruha zinət, hardasan?

Sən ki bir Xızrım idin hər dara düşsəm, ey Xudam
Hanı vədin, hanı ol vüsali-şəfqət, hardasan?

Gör kimə satdın cahanı, gör insanı neylədin?...
Dünyaya şeytanlar, iblislər müsəllət, hardasan?

Sur susub, Sirat çöküb, Dəccal kəramətdən düşüb,
Yenə laməkan həqiqət, yox həqiqət, hardasan?

Haqqını iblisəmi qapdırdın, ey haqq carçısı?
Əgər qopmuşsa qiyamət, de “qiyamət!” hardasan?

İndi sən söylə Firudin Həsənoğlu neyləsin?
Üz tutub şeytanamı eyləsin beyət, hardasan?

Kim görər?

Hər yaranış bir ömür, ağın, qarasın kim görər?
Nədir bu can ilə ruh, əfsəl libasın kim görər?

Tikilmiş qəlbimdə haqdan bəmbəyaz sevdayi-qəsr
Orda Məcnuna saray, Leyli binasın kim görər?

Hər iki dünya ilə ruhumu diltəng eylərəm,
Könlümdə hurilərin pəri simasın kim görər?

Bətnimdə eşq atəşim min-min günəş misalıdır,
Göz görməz olan o nurda eşq ziyasın kim görər?

Gər zərrədən xəlq olunmuşsa canım, bu od nədir?...
Harda zühr eylər onun Turi Sinasın kim görər?

Zahirən bu aləmdə bir bəni-insanəm, gülüm,
Gər içim dinsə, onun şəri-bəlasın kim görər?

Tanrının nuru təcəlla eyləyər hər canda bil,
Kim ona merac edər, ərşi-əlasın kim görər?

Ey pəri, Həsənoğlu Firudindən ruhun dilə,
Min ildir ölmüş canın özgə nəvasın kim görər?

A dünya!

Özündən qaçıb utanmaq,
Bilmədin ayıb, a dünya!
Arın yamaq, gorun yamaq,
Görməyin qalıb, a dünya!

Ar, gor dedim bir göz atdım,
Gördüm sonu ta bir addım…
Abrın, həyan ətəyində
Ətək də tanımır zatın
Ta nəyin qalıb, a dünya!

Bu gün varsan, sabah yoxsan,
Sən bir hörümçək torusan.
Necə tor atdın bilmirəm.
Min yerindən yırtılmısan,
Ölməyin qalıb, a dünya!

İnsan ki var, sonun yoxdur,
Ta çılpaqsan donun yoxdur,
Özün özünün qənimi...
Minin gedib, onun yoxdur!
Getməyin qalıb, a dünya!

Soyunmusan çılım-çılpaq,
Sinən dolu yalaq, yaltaq.
Ta dünyan bataqlıq, çürük
Bu dərdləri kimə sataq?
Bitməyin qalıb, a dünya!

Ömrün insan ömrünə tən,
Bir gün gedəsidir gələn...
Bu yola milyonlar şərik.
Sənin də bu payda tikən...
Bölməyin qalıb, a dünya!

İnsanlara “ağıl” verdin,
Atom boyda nağıl verdin,
Əlli yerindən deşildin,
Həsənoğlunu eşitsən,
Gülməyin qalıb, a dünya!
Ta nəyin qalıb, a dünya?!

Yumur günahımı göz yaşlarım da...

Durnamı olmusan, ötən buludmu,
Mələksən uçmusan göyə, hardasan?
Həsrətin quzğuntək alıb üstümü,
Az qalır qəlbimi yeyə, hardasan?

İtib qismətimin sevinc payları,
Gündüzüm lal-dinməz, gecəm pərişan.
Daha nə günəş var, nə ulduz, nə ay,
Qayıt, qəlbim nuru, qayıt, hardasan?

Yumur günahımı göz yaşlarım da,
Sənsiz ta xəyallar üzümə durur...
Qayıt, gör nə gündə, yazım, qışım da,
Qayıt, haraylardan dilim yorulub...

Soyuyub ürəyim, bilinir yerin,
Gözümdə yurd salıb, gülər gözlərin.
Əlim saçlarına, ipək tellərin,
Toxunub üzümə dəyə, hardasan?

Durna qatarımın səfi dönübdür,
Daha həsrətinə dözüm qalmayıb.
Daha gözümün də dəfi dönübdür,
Göz yaşım sel olub, gözüm qalmayıb...

Di sən özün söylə, nədir istəyin?
Olmuşam dərdlərin suya danışan.
Ta içimin nuru səninlə gedib
İşıq salmaz bir özgəyə, hardasan?

Qarışıb duyğumda olub, qalanım...
Səbrim, qərarım da baş alıb gedib.
Sanki nəyim vardı elə səninlə,
O durna köçünə qoşulub gedib...

Günlərim sayalı, sayasız idi,
Daha günlərimdə qara, boz duman.
Yeri, göyü gəzib dolanan ruhum
Sənin həsrətinlə ölür, hardasan?

Nə var ətrafımda sükut içində...
Qapımı təkcənə küləklər açır...
Bir gün dönəsən nolar, dirilə ruhum,
Bu həsrət, hicranım, kədərim qaçar...

Kaş küləklər ruhun geri qaytara,
Görəm əzəlkitək öz qapındasan...
Sənə hər gün axşam xoş pıçıltıyla
Həsənoğlu dərdin deyə, hardasan?Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031