manera.az
manera.az

İçimdəki impuls - Aytən Ağasıyeva

📅 24.07.2025 15:39

İçimdəki impuls - Aytən Ağasıyeva
Hər kəs içindəki Allaha sığınır. Hər kəsin Allahı onu sevir, onu qoruyur, onu bağışlayır, ona yol göstərir. İçimizdəki Allah bizim məsumiyyətimiz, bizim səmimiyyətimizdir.

Məsumiyyətimiz olmayanda yalan danışıb, özümüzü itiririk, səmimiyyətimiz olmayanda da rollara giririk, özümüz olmuruq.

Sonra da deyirik ki, mən axtarışdayam. Nəyin axtarışında? Tək cavab var.. Xoşbəxtlik.

Hər kəs öz xoşbəxtliyinin axtarışındadır. Axtarmaq onun hardasa itdiyi mənasına gəlmir ki.. Sadəcə o bizə bir azca uzaqdı və ya bir azca bizdən arxada qalıb.

Xoşbəxtlik uşaqlığımız kimi bir az arxada qalıb, xoşbəxtlik çatacağımız mənzil kimi bir azca uzaqdı. Amma xoşbəxtlik həmişə vardı.

Bəzən birimiz sevilmək istəyirik, birimiz anlaşılmaq istəyirik, bəzən də heç nə etməyim amma xoşbəxt olum istəyirik.

O heç nə etməyib, xoşbəxt olmaq istəyənlər öz səbəbini, impulsunu itirənlərdir. Sevilmək istəyiriksə, sevməliyik, anlaşılmaq istəyiriksə anlamalıyıq. Bəs yaşam impulsunu itirənlər necə?

Harda qopduqlarını bilirlər, amma o ipə düyün atdıqda belə, hər dəfə əli ora dəyəndə daha da incinirlər.

O düyünlərin sayı artdıqca ipin uzunluğu da qısalmağa başlayır. Nəticədə kimsə həyatına son verir, və ya buna dəfələrlə cəhd eliyir.

Amma bacarmır. İradəsinin bu qədər “zəif olması düşüncəsi”nə qarşı çıxıb, özünü həyatda tutur.

Heç kim bilməsin deyə gizlincə saxlayır hər şeyi.. Tək içindəki uşaq (allahı) bilir hər şeyi

Gecə yatanda heç kim yatağına pis insan olaraq girmir. Bəhanələr olur, bəhanələr tükənəndə səbəblər olur..

Özünə yalan danışan insan yalan dediyini desə belə, inadı ilə özünə haqq qazandırır, haqq qazandırmağı bacarır.

Bu an axtarışda olan insan heç itirdiyini belə fərqinə varmır.

Çox düşünəndə yaşamağı itiririk, itirdiklərimizə fokuslananda da artıq yaşayan ölü oluruq.

Sonra da xoşbəxtlik yoxdur deyirik. Hər kəs axtardığına məna yükləyir. Mən də xoşbəxtliyə məna yükləyənlərdənəm.

Bəlkə də mənanı o qədər çox yükləmişəm ki, ona toxuna, ona çata bilmirəm. Halbu ki, o elə mənimlədi.

Bir gün gözümü bu dünyaya aça bilməsəm, xoşbəxtliyin nə olduğunu onda anlayacam bəlkə də. Amma insan həmişə insandır, ona görə də yenə axtarır, tapdığında da itirdiklərini istəyir. İtirdiyi isə məsumiyyəti və səmimiyyəti olur.

Mənə görə axtardığın məsumluq və səmimilikdirsə sən xoşbəxtliyin özünə çevrilirsən.


Baxış sayı - 366 | Yüklənmə tarixi: 24.07.2025 15:39
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031