Elçin Məhərrəm - Saçlarından assınlar məni

MANERA.AZ Elçin Məhərrəmin şeirlərini təqdim edir.
Təpəgöz arzuları
Atan çobanıydı, anansa huri,
Nə atadan yarıdın, nə də anadan.
"Zülm et hər yetənə, hər addımbaşı",
Taleyin bu cürə yazmış Yaradan.
Bəlkə istəmisən bir igid olmaq,
Yapıncı qurşanıb atın səyirtmək.
Oğuzun içində sən Buğac kimi,
Buynuzdan yapışıb öküz böyütmək ?
Bəlkə istəmisən saz oynatmağı,
Təzənə köksünü şan-şan edibdi.
Qırx incə belli də günbəgün sənin,
Yanından eyhamlı, ötkəm keçibdi.
Sənin arzuların çatmaz Basata,
O ki, doğulmayıb bircəcə gözlə.
Cüyür də oxunun üstünə qaçır,
Şahmaran çıxarır yuvadan sözlə.
Sənin arzuların çatmaz Basata ,
Dədəsi tapşırıb istidi yeri.
Kor qalmış gözünü götür əlinə,
Yollan uzaqlara- Oğuzdan yeri.
Saçlarından assınlar məni
Saçlarından assınlar məni
küçə lampasının soyuqdan
çatladığı bir axşamçağı.
Qoy, kirpiklərin kölgələməsin
yanağına dartılan
cod dodaqlarımı.
Mən yağış istəyirəm sən ki, bilirsən
bir-iki damcı,
bir-iki acı
göz yaşı yağdır
kaktuslara qohum dilimə.
Mən alqış istəyirəm sən ki, bilirsən
bir-iki çəpik,
alqış tut
səhrada "Son simfoniya"sını
çalan Betovenə yoldaş əllərimə.
Təzədən, təzədən gözəl qadın,
saçlarından assınlar məni
plana düşmüş cavan albalı bağında
bir axşamçağı...
Sağlar ölümümə fərmanı vermir
Saray şairi deyiləm əzəldən
Qorudum nəfsimi şər, bəd nəzərdən.
Yenidən bitəcəm quru xəzəldən,
Bağlar ölümümə fərmanı vermir.
Əzəldən xarabdı duz, mayaları,
Vərəqələr üst-üstə söz tayalarım.
Dikilib qənşərə köz qayaları,
Dağlar ölümümə fərmanı vermir.
Suçluyam, günaham, tabu yasağam,
Özüm-öz yarama məlhəm, qaysağam.
Düy vurun aləmə hələ ki, sağam,
Sağlar ölümümə fərmanı vermir.
Taksi
Dünən qazandığım son quruşumu
qoydum, solğun üzlü
taksi sürücüsünün
suluq tutmuş ovucuna.
Apar məni taksi !
Çatdır məni
kəpənək qanadındakı
sakit dünənlərə,
içdən gülənlərə,
məktubum var, ölənlərə...
Apar məni taksi !
Mən bilirəm, sən də bil
Mən bilirəm, sən də bil.
İşıq salmır daha
dar küçənin fənərləri
dirəklərə söykənmişlərə.
Boyları yox, arzularının
gödəkliyindən
qızına bilmir insanlar
fənərlərin közərtisində.
Mən bilirəm, sən də bil.
Pişiklər- təhna qadınların keysəriyyə ilə
doğduğu uşaqlarıdı.
Miyoldamaq - "ana" kəlməsi
quyruq oynatmaq "acmışam" deməkdi
anaların gözündə.
Mən bilirəm, sən də bil.
Qart xoruzun boğazını
üzmək kimi çətindi
siqareti tərgitmək ,
içkini azaltmaq ,
zəng vurmamaq
və buraxmaq
xatirələrin qabarlı əllərini.
Mən bilirəm sən də bil .
Şairlərin köynəklərinə
yağışlardan çox, qadınlar
naxış salır
göz yaşlarıyla...
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.