Sinəmdədir ocağının izləri - Yeni şeirlər

Valeh Qocadan yeni şeirlər..
***
Mən səni günah edib, necə sevdim bilmirəm,
Eylədiyim günahlar savabın altındadır.
Sən oruc tutan biri, namaz qılan birisən,
Mənim ömrüm, həyatım şərabın altındadır.
Mən harda qoxladım ki, hörmədiyim saçını,
Gözlərimin üstünə sərmədiyim saçını.
Harda sevdim bilmirəm görmədiyim saçını,
Axı sənin saçların hicabın altındadır.
Gəlmişəm həyatına, həyatına yaxşı bax,
Vaxtına, zamanına, saatına yaxşı bax.
Qaldır mənim ömrümü bir altına yaxşı bax.
Bəlkə də xoş günlərim əzabın altındadır.
Qulaqlarım əlvidanla doludu
Qulaqlarım əlvidanla doludur,
Dodağımın dodaq yeri boşdu boş.
Sarılıbdır bir-birinə qollarım,
Qollarımın qucaq yeri boşdu boş.
Mənim qəlbim bir yiyəsiz məzardı,
Bu məzarı sənsizliyim qazardı.
Mənim ömrüm adam dolu qatardı,
Bu qatarın qabaq yeri boşdu boş.
Düşünürəm, daşınıram sabahdan,
Gah qoxunu dilənirəm otaqdan.
Evimizdə bir beşik var o vaxtdan,
O beşiyin uşaq yeri boşdu boş.
Mən beləyəm, sən də məni belə bil,
Bu halıma ağlaya bil, gülə bil.
Elə sınıb qol budağım, elə bil,
Mən ağacam, budaq yeri boşdu boş.
Sinəmdədir ocağının izləri,
Ürəyimdə bıçağının izləri.
Silinibdir ayağının izləri,
Yollarımın ayaq yeri boşdu boş.
Aç qapımı
Nə olar, bir dəfə gəl aç qapımı,
Bir dəfə dərdimi dağlayım, qayıt
Demirəm ömürlük nəfəs ol mənə,
Səni bir nəfəslik qoxlayım, qayıt.
Bir köç də qoşuldu ömür köçümə,
Daha gərək yoxdu başqa seçimə.
Şirin gülüşünü çəkim içimə,
Özüm öz içimdə çağlayım, qayıt.
Ayağın toxunan yolu sevmişəm,
Olsa da qar, yağış, dolu, sevmişəm.
Bilirsən, saçını sulu sevmişəm,
Gətir saçın üstə ağlayım, qayıt.
Bir az nağıl danış, Dəlin böyüsün.
Sənə gül əkmişəm, gülün böyüsün.
Bir az qal yanımda, telin böyüsün,
Sonra da küləyə bağlayım, qayıt.
Gəl, amma gətirmə o boş qüruru,
Sənin də sevginin odur qüsuru.
Qəlbindən sevgini, gözündən nuru,
Əlindən istini saxlayım, qayıt.
Kəsmə saçını
Ömrümdən qoparıb qara günləri,
Saçının üstünə atıb gəlmişəm.
Gözüm gözlərinə ilişib, amma,
Özüm saçlarından tutub, gəlmişəm.
Kəsmə saçını.
Onsuz da səbirsiz olmuşam bir az,
Bir az da telində səbrim kəsilər.
Ömür yollarımdı sənin saçların,
Saçını kəsərsən ömrüm kəsilər,
Kəsmə saçını.
"Ay uzun hörüklüm, ay qara saçlım"
Deməyə dodağım, dilim öyrəşib.
Qısa saçlarında ac qalar əlim,
Uzun saçlarına əlim öyrəşib.
Kəsmə saçını
Günəş gözlərinə düşəndə birdən,
Saçın kölgə salır, gözünü örtür.
Sən mənlə barışsan alnını açır,
Sən məndən küsəndə üzünü örtür,
Kəsmə saçını.
Nə olsun tacın var, saçın kəsilər,
O uca başına tacın bəs etməz.
Birdən ürəyindən atarsan məni,
Özümü asmağa saçın bəs etməz.
Kəsmə saçını.
Hardasa körpələr ac yatıb, durur.
Susmağın özü də bir çağırışdır,
Kimsə bu sükuta hay verə bilmir.
Təbiət özünü öyməsin gərək,
Bir quş dimdiyindən dən oğurlayıb,
Bir yetim uşağa pay verə bilmir.
Hardasa körpələr ac yatıb, durur.
Var-dövlət içində aclıq əlindən,
Özünü Allahdan asıbdı dünya.
Bircə ac uşağın bir çörək boyda,
Yoxsul arzusundan kasıbdı dünya.
Hardasa körpələr ac yatıb, durur.
Olmasın bayramlar, toylar, büsatlar,
Heç kəs bir-birinə ürək açmasın.
Ağzı sulanmasn ac-göz torpağın,
Gərək ağaclar da çiçək açmasın.
Hardasa körpələr ac yatıb, durur.
Zülmət gecələrə bu ağrı, bu dərd,
Körpələr ac duran səhərdən düşüb.
Elə bil cahanı silkələyiblər,
Hansısa qanadı başını əyib,
Hansısa budağı bəhərdən düşüb.
Hardasa körpələr ac yatıb, durur.
Dağlar da özünü uca tutmasın,
Başından nə duman, nə çən tökülsün.
Sular gözümüzdən lap damcı-damcı,
Taxıl zəmiləri dən-dən tökülsün
Hardasa körpələr ac yatıb, durur.
Nə olar bir az da iman verəydi,
Tanrı bu ürəyi daş adamlara.
Nəfəs də verəydi, ağız, burun da,
Lap yerə gələndə var da verəydi,
Tamah verməyəydi kaş adamlara,
Hardasa, körpələr ac yatıb, durur.
Bütün tay-tuşları atlanıb-düşür,
Onlarda nə təpər, nə diz qalıbdı.
Bu yerin, bu göyün sahibi Allah,
Körpələr önündə aciz qalıbdı.
Hardasan körpələr ac yatıb, durur.
Səhrada bitən tək ağac
Sən necə bitmisən tək bu səhrada?!
Sənin də hamıtək anan ki, yoxdur.
Saçları yamyaşıl necə qalmısan?!
Dünyada sənin tək yanan ki, yoxdur.
Bilirəm keçmişi xatırlamırsan,
Sənin nə yadın var, nə yaddaşın var.
Qum dolu tufanla tək savaşırsan,
Nə baban, nə atan, nə qardaşın var.
Sən necə gözəlsən, niyə gözəlsən?!
Hüsnünü bir dənə baxış ki, tutmur.
Hardan su içirsən, necə içirsən?!
Sən olan tərəfi yağış ki, tutmur.
Nə bilim bəlkə də öz məzarınsan,
Özün öz yerində şəhidsən bəlkə.
Azıb o səhraya düşənlər üçün,
Bir həyat işığı, ümidsən bəlkə.
Heç sən də pis olma təkliyin üçün,
Bir azca hər şeydən qıraq yaxşıdı.
Bəlkə də yox idin, yox idin indi,
Elə adamlardan uzaq yaxşıdı.
Ağlayıb gözündən su içən ağac,
Həsrətin gözünü qurulandırar.
Sənin saflığındır, sənin təkliyin,
Təklik ürəkləri durulandırar.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.