Üşümürsən, Qar çiçəyi? - Nazim Hüseynlinin uşaq şeirləri

MANERA.AZ Nazim Hüseynlinin uşaq şeirlərini təqdim edir.
QAR ÇİÇƏYİ
Heyrət ilə dayanmışam
Qarşında mən, Qar çiçəyi!
Ləçəklərin çox zərifdir,
Üşümürsən, Qar çiçəyi?!
Boylanırsan qar içindən,
Sənin anan qarlı qışmı?!
Şaxta səni qorxutmur heç,
Qar donunda halın xoşmu?!
Qışa meydan oxumağın
Valeh edir hər görəni.
Bahar eşqin qoruyurmu
Şaxtasından qışın səni?!
Çiçək açıb gətirmisən,
Budur, artıq gözəl yazdır.
Uşaqların kefi kökdür,
Araları sənlə sazdır.
İki fəsil arasında
Çiçəklərin ən göyçəyi...
Heyif, ömrün çox qısadır,
Qar çiçəyi, Qar çiçəyi!
ŞƏHİDLƏRİ YAD ETMƏK...
Dəstə-dəstə düzülüb
Güllüyündən baxçanın
Tər gülləri qopardıq.
Şəhidlərin yatdığı
Dağ döşündə yerləşən
Xiyabana apardıq.
Yağılarla döyüşüb
Azad edib şəhidlər
Torpaqları, elləri.
Qəhrəmanlar uyuyan
Qəbirlərin üstünə
Düzdük bir-bir gülləri.
Vətənini qorumaq
Hər igidin, əsgərin,
Hər qoçağın borcudur!
Şəhidləri hörmətlə
Yad etmək hər insanın
Hər uşağın borcudur!
DAĞ ÇAYLARI
Dağ çayları lal axmaz,
Səsi onun nəğməsi.
Qulaqları batırar
Gurultusu, nərəsi.
Yatağından ayrılar,
Öz yükünü götürər.
Söküb dağın qəlbini,
Çınqıl, qum, daş gətirər.
Yolun gözlər həsrətlə
Yaşıllıqlar, yarpaqlar.
Su sevdalı insanlar,
Heyvan, quşlar, torpaqlar.
Cumur gedir irəli,
Azmı, çoxmu arzusu?!
Dənizlərə yetişmək,
Qovuşmaqmı arzusu?!
DÜŞMƏNİ ÖLDÜRƏRLƏR
Uşaqlar bir yaz günü
Həyətdə oynayırdı.
Cücülər, qarışqalar,
Torpaqdan qaynayırdı.
Seyfəddin istədi ki,
Əlinə daş götürsün,
Ziyansız varlıqların
Ömrünü tez bitirsin.
Qardaşı Orxan ondan
Beş-altı yaş böyükdü,
Çox kitab oxumuşdu,
Ağıllı, həm ayıqdı.
Önünə keçib onun
Əlindən daşı aldı.
Başını tumarlayıb
Yaxşıca başa saldı:
-Qardaşım, nə edirsən,
Onların günahı nə?
Nə pislik eyləyibdi,
De görüm onlar sənə?
Dünyada öz yeri var
Bir otun, budağın da,
Hər quşun, qarışqanın,
Hər çiçəyin, yarpağın da.
Təbiət qəniminə
Həddini bildirərlər.
Vətənə hücum edən
Düşməni öldürərərlər!
SƏMƏNİ
Buğdaları analar
Təmizləyir, artlayır.
Suya qoyur, tezliklə
Onlar şişir, partlayır.
Göyərdikcə səməni
Ümidimiz göyərir,
Torpaqlarda toxumlar,
Ürəkdə söz göyərir.
Müjdəçisi Baharın,
Səməni, ay səməni.
Saflıq səsi Baharın,
Səməni, ay səməni.
Boy at, böyü , səməni,
Diləyimiz çin olsun!
Gələn hər bir günümüz
Bərəkətli gün olsun!
MANERA.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.