manera.az
manera.az

Həsrətini ürəyimdə bəslədim - Mayis Səlimin şeirləri

Həsrətini ürəyimdə bəslədim - Mayis Səlimin şeirləri
Manera.az şair Mayis Səlimin şeirlərini təqdim edir:

Mən çəmən çiçəyi deyiləm axı

Deyəsən, qarğıyıb fələklər məni,
Hamının gözündən itdim beləcə.
Döydü səhər-axşam küləklər məni,
Bir qaya dibində bitdim beləcə -
Mən çəmən çiçəyi deyiləm axı!

Həsrətdən, qüssədən solub-saraldım,
Səhər şehli-şehli dərilmədim mən.
Gözlərdən uzaqda tək-tənha qaldım,
Bir nazlı gözələ verilmədim mən –
Mən çəmən çiçəyi deyiləm axı!

Kimsəyə yetmədi səsim- harayım,
Nələr çəkdiyimi duyan olmadı.
Əzildim içində daşın, qayanın,
Evində güldana qoyan olmadı –
Mən çəmən çiçəyi deyiləm axı!

Düşsəm də çətinə, dara, dözürəm,
Tufanda, boranda çətin əyiləm.
Yağışa dözürəm, qara dözürəm,
Bir az kor-kobudam, zərif deyiləm –
Mən çəmən çiçəyi deyiləm axı!

Ləçəyim üşüyür, hərdən donuram,
Niyə soraqlayıb gəzənim yoxdur?
Elə kövrəlirəm, elə yanıram,
Bircə yol əyilib üzənim yoxdur –
Mən çəmən çiçəyi deyiləm axı!

Deyəsən, qarğıyıb fələklər məni,
Hamının gözündən itdim beləcə.
Döydü səhər-axşam küləklər məni,
Bir qaya dibində bitdim beləcə -
Mən çəmən çiçəyi deyiləm axı!

Aldana-aldana

Baxma ki, altmışı haxlayıb yaşım –
Aldana-aldana gedirəm elə.
Daha ağarıbdır saqqalım, başım –
Aldana-aldana gedirəm elə.

Bu yazın gəlişi aldadır məni,
Çiçəyin gülüşü aldadır məni,
Fələyin gərdişi aldadır məni –
Aldana-aldana gedirəm elə.

Kəsdiyim çörəyə-duza inanıb,
Gözümə zillənən gözə inanıb,
Deyilən hər şirin sözə inanıb –
Aldana-aldana gedirəm elə.

Yalvarıb-yaxarıb dil tökənlərə,
Xeyirin gözünə mil çəkənlərə,
Boğazdan yuxarı and içənlərə
Aldana-aldana gedirəm elə.

Birinin üzündən üzüm utanıb,
Əyrinin yanında düzüm utanıb,
Abrıma qısılıb, özüm utanıb –
Aldana-aldana gedirəm elə.

Bu sovxa dünyaya, palan dünyaya,
Hamını toruna salan dünyaya,
Əvvəli-axırı yalan dünyaya
Aldana-aldana gedirəm elə.

Mən belə bilməzdim

Yaxşını yamandan seçə bilmədim,
Söz verdim, sözümdən keçə bilmədim,
Getdi əziyyətim heçə, bilmədim –
Mən belə bilməzdim,
Bilməzdim belə!

Yanıram, közümün dəyəri yoxmuş,
Dinirəm, sözümün dəyəri yoxmuş,
Sən demə, özümün dəyəri yoxmuş –
Mən belə bilməzdim,
Bilməzdim belə!

Çiçəklər saralar, gül quruyarmış,
Bulaqlar kor qalar, sel quruyarmış,
İlham da lal olar, dil quruyarmış –
Mən belə bilməzdim,
Bilməzdim belə!

Gedənlər getdilər, qalanlara bax,
Satanlar satdılar, alanlara bax,
Üzümə çırpılan yalanlara bax –
Mən belə bilməzdim,
Bilməzdim belə!

Bilirdim, ay dönər ilə, bilirdim,
Bilirdim, dən düşər telə, bilirdim,
Eh, elə bilirdim.... Elə bilirdim...
Mən belə bilməzdim,
Bilməzdim belə!

Dil açıb

Sən gedəndə yollar haray saldılar,
Getmə,- deyə yalvardılar dil açıb.
Saçlarını üz-gözünə dağıtdı,
Söyüdlərin örpəyini yel açıb.

Səndən sonra çeşmələrdən içmədim,
Səndən sonra çəmənlərdən keçmədim,
Hər havanı ciyərimə çəkmədim,
Hər havaya oynamadım əl açıb.

Ümidimi itirmədim, gözlədim,
Səhər-axşam elə səni səslədim,
Həsrətini ürəyimdə bəslədim –
Pardaxlanıb gör nə gözəl gül açıb,
Qayıt deyir, bax, o gül də dil açıb!

Gəlmisən

Hardan belə uçub gəldin, pərvanəm,
Niyə belə gecikdin, ay bir dənəm?
Ümidlərə məzarlıqdır bu sinəm –
Bəxtin üzü dönən vaxtı gəlmisən.

İllər ötür, yaş üstünə yaş gəlir,
Əl açıram, daha göydən daş gəlir,
Payız gedir, yavaş-yavaş qış gəlir-
Gün axşama çönən vaxtı gəlmisən.

Unuduldum, ürəklərdə adım yox,
Hay verəsi bircə dostum-yadım yox,
Daha səni yandırmağa odum yox –
Çırağımın sönən vaxtı gəlmisən,
Bəxtin üzü dönən vaxtı gəlmisən!

Bu dərd

Mən dərdin süd qardaşıyam.
(Dərviş Cavanşir)

Anadan bir doğulmuşuq,
Əkiz qardaşımdır bu dərd.
Tez-tez sancan ürəyimdir,
Ağrıyan başımdır bu dərd.

Anamın dümağ saçıdır,
Dizinə döyən bacıdır,
Sinəmdə ağrı-acıdır,
Gözümdə yaşımdır bu dərd.

Soruşmayın ki, nəyimdir,
Yaraşığım, bəzəyimdir.
Bu dünyada hər şeyimdir,
Zərim, daş-qaşımdır bu dərd.

Yalquzaqdır, gözü acdır,
Hey qovurur, qızmar sacdır,
Hələ ki, başımda tacdır,
Ölsəm, başdaşımdır bu dərd.

Sevmişəm

Bircə biləydin, səni
Necə, necə sevmişəm!
Gülün ləçəyi kimi
İncə-incə sevmişəm!

Bir kərə dindirmədin,
Könlümü güldürmədin.
Kimsəyə bildirmədim,
Lap gizlincə sevmişəm.

Barı dön üzümə bax,
Rəhmə gəl, sözümə bax.
Yuxusuz gözümə bax –
Gündüz-gecə sevmişəm.

Sızıldadım kamantək
Köz üstündə yanantək,
Bir ümidtək, gümantək
Sən gəlincə sevmişəm.

Eh, daha can üstəyəm,
Çarəsizəm, xəstəyəm.
Gəl, axır nəfəsdəyəm,
Bil, ölüncə sevmişəm!

Dirilim

Qız, mən sənin dərdindən
Ölüm, yenə dirilim.
Yandır məni, soyusun
Külüm, yenə dirilim.

Necə səndən əl çəkim,
Bu sevdadan vaz keçim?
Dolsun sevginlə içim,
Çölüm, yenə dirilim.

Oldu, bitdi-desinlər,
Vardı, itdi-desinlər,
Heyif, getdi-desinlər,
Gəlim, yenə dirilim.

Görüm, kim ağlayacaq,
Yasımı saxlayacaq,
Kim qara bağlayacaq-
Bilim, yenə dirilim.

Gəl, göz yaşını silim,
Sənə uzanıb əlim.
Dözə bilmirsən, gülüm,
Gülüm, yenə dirilim?

Ümidim

Yerdən üzdüm əlimi,
Güman göylərə qaldı.
Eh, daha özüm kimi,
Ümidim də qocaldı.

Gör necə də solubdur,
Tər bənövşə ümidim.
Çilik-çilik olubdur,
Zərif şüşə ümidim.

Gözləyirik səbirnən-
Əcəl nə vaxt gələcək?
Bu – ümidim, bu da mən –
Görək kim tez öləcək?

Sevgimiz

Nəğmə idi, oxundu,
Həzin bir səsdi, keçdi.
Tellərinə toxundu,
Yel kimi əsdi keçdi.

Necə unudum, necə,
Mənə dağdır ölüncə.
Bəlkə, sənə əyləncə,
Bir xoş həvəsdi, keçdi?

Yadımdadır sözlərin,
Sinəmdədir közlərin.
Ümidimi gözlərin
Bıçaq tək kəsdi keçdi.

Getmisən, dönmə bir də,
Yerin yoxdur bu yerdə.
Yazdığım son şeir də
Axır nəfəsdi, keçdi.

Təqdim etdi: Tural AdışirinБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930