manera.az
manera.az

Kitab düşmənləri yoxsa biblofobiya? - MANERA

Kitab düşmənləri yoxsa biblofobiya? - MANERA

Cəmiyyətin və onun fikirləri gah nala, gah da mıxa vuran çəkicdən başqa bir şey deyildir. Önəmli olan insanın özüdür.
Xəyal Abdullayev

Əslində bu məqaləni çoxdan yazmalıydım. Çünki belə deyək bu mövzu ölkəmizin, cəmiyyətimizin bəlkə də ən mühüm mənəvi problemlərindən biridir. Kitab düşmlənlərimi yoxsa biblofobiya?! Söhbət cəmiyyətimizin kitaba yanaşmasından, kitaba olan ikrahedici münasibətindən gedir. Bu ölkədə kitabdan oxumaqdan daha çox digər məqsədlər üçün istifadə edilir. Kimisi qışda sobada yandırmaq üçün, kimisi “semiçka” tumu tökmək üçün, kimisi də ayaqyolunda tualet kağızı kimi, kimisi də düz dayanması üçün soyuducunun altına qoymaq üçün və s. bu kimi məqsədlər üçün istifadə edir.

O ki, qaldı kitabdan sözün əsl mənasında mütaliə edib savadlanmaq, biliklərini artırmaq məqsədi ilə istifadə edənləri heç demirəm. Onların vəziyyəti daha acınacaqlıdır. Onlar rəsmən əzab çəkirlər. Cəmiyyətin iyrəncdolu olan baxışları onları hər gün daha da çox narahat edir. Məsələylə bağlı başıma gəlmiş bir əhvalatı sizə nəql etmək istərdim. Günlərin birində metroda idim, dərsə gedirdim. İş günü və üstəlik də səhər olduğundan metroda da xeyli adam varıydı. Hardasa 20 yaşında olan bir qız oturacaqda əyləşmişdi, əlində də kitab varıydı. Böyük maraqla kitabın səhifələrini sürətlə oxuyur və onları bir-bir çevirirdi. Bu zaman vaqonda olan hər kəs nədənsə o qıza qarşı çevrilmişdi. Qəribə situasiya yaranmışdı metroda. Vaqonda olan sərnişinlər qəribə və xor baxışlarıyla qızı süzür, onun barədə ağızlarına gələni danışırdılar. Yanımda 45-50 yaşlarında olan 3 kişi həmin qız haqqında öz aralarında danışırdılar, daha doğrusu deyinirdilər:

“Buna baxınee, qardaşlar, görün özün necə də göstəriree. Kitab oxumaqla özünü gözə soxuree əməlli başlı. Hamısı saxtadır. Artistlik eliyirləreee bunlar. Yalandan da əlinə kitab alıb ki, oturmağı üçün əlində kozuru olsun və kimsə gələndə qalxıb heç kimə yer verməsin. Azərbaycanda belə səviyyədə olan gənc yoxdur. Biz o səviyyə gəlməmişik hələ” və s. bu kimi danışıqlarla hardasa bir yarım saat deyinərək öz aralarında çənə döydülər. Heç nə demirəm. Özünüz indi baxın və təsəvvür edin.Və yaxud da özünüzü həmin o qızın yerinə qoyun, çox yox 5-cə dəqiqəlik. Nə hiss edərdiniz?! Həəə?! İllərlə axtardığınız kitabı nəhayət böyük bir sevinclə bir gün tapırsınız və həmin o kitabı tez bir zamanda oxuyub qurtarmaq ehtirası sizi yandırıb yaxır. (Olur belə bir hallar kitabsevənlər arasında).İstəyirsiniz ki, kitabı tez bir zaman oxuyub bitirəsiniz. Belə hallar hamımızda baş verib təbii ki. Və belə bir halda ömründə əlinə bir dəfə də öz xoşuyla kitab alıb oxumayan hansısa dölbeyin sizə gəlib bu sözləri deyir. (bayaq vaqonda qıza deyilən sözlər) Adam dəli olmazmı??!! Baxın indi hər gün nə qədər insan ictimai yerlərdə və nəqliyyatda kitab oxuyarkən bu cür iyrənc və həqarət dolu olan baxışların qurbanı olur həmin o qız kimi ??!! İş elə gətirdi ki həmin gün elə bu hadisənin əksi baş verdi. Avtobusda gedirdim. Az sonra tıxac yarandığından avtobus da dayandı. Küçədə gedən “çeçenkalı qaqa” əlindəki 9-cu sinif Azərbaycan ədəbiyyatı kitabını cırıb vərəqlərini küçəyə səpələdi. Avtobusdakı sərnişinlər dəli olmuşdular bu hadisədən. Az qala avtobusdan düşüb həmin oğlanın başını kəsələr. Yəni həmin insanlar bu dərəcə rola girməyi bacarmışdılar. Kitab oxuyursan deyirlər ki, saxtadır, artistlik edir bu, özünü gözə soxur. Kitab oxumursan deyirlər ki, avaradır və ağılsızdır. İndi özünüz baxın görün kimdi artist. O qızmı, yoxsa həmin qızı artist adlandıraraq rola girən kütləmi-cəmiyyətmi??!! Hər halda yazının əvvəlindəki epiqrafı boş yerə yazmamışam.

Cəmiyyətimiz hələ tam bilmir ki, kitab oxuyan görəndə buna sevinsinmi, bundan həzz alsınmı yoxsa həmin adama xor baxıb nifrət etsinmi! Kütlənin, cəmiyyətin kitaba olan münasibəti çox aşağı səviyyədədir. Adamlar tanıyıram ki, evində 100-lərlə,1000-lərlə olan çox dəyərli kitablardan min cür məqsədlə istifadə edib, hər il Novruz bayramında tonqalda həmin kitablardan yaxşıca yandırıb, nə bilim sonra yumurta-nar büküb, təzəcə çıxmış cücələrin ayaqlarının altına sərib, ancaq çox əfsuslar olsun ki, bircə dəfə də olsun açıb həmin kitabların birini səhifələməyib ki görəsən yazıçı bədbəxt burda nə yazıb. Bax elə bircə dəfə olsun bu “görəsən” marağını və həvəsini özündə yaratmayan Məşədiibad təfəkkürlü insanların çoxluğundan və onların hər yeri sarmasından dolayı biz çox qabağa gedə bilmirik. Bunlar kitab görəndə elə bil qutuda ilan görürlər vallah. Cəmiyyətimizdə bu qədər kitabdan iyrənən insanlar var. Vallah ailələr tanıyıram ki, elə cür formalaşıblar ki, ailənin bir üzvü belə kitaba 1 qəpik belə xərcləməyə ərinir. Kitabxanaya gedib kitab oxumaq qırağa, heç book shopdan əlləri gəlmir kitab alsınlar, canları çıxır kitab almağa. 3 aylıq maaşını toplayıb 900 manata telefon ala bilirlər ama 9 manata kitab görəndə elə təəccüblənirlər, elə ağızlarını büzürlər ki, satıcı borclu çıxır və az qala desin ki, “Qardaş götür bu kitabı çıx get sən Allah, pul-zad da lazım deyil heç vallah. Halal xoşun olsun.”Heç 9 manat demirəm 5 manata kitab alsınlar oxusunlar bu belə kifayətdi. Nə kitab almağe?! Amma buraxasan bunları facebookda və ya hansısa sosial-analitik verilişin efirində özlərini ağıllı göstərib pafoslu – pafoslu danışsınlar. Bunlar hazır yonulmuş qəşəng roman obrazlarıdır əslində. Birbaşa götürüb əsərin içinə buraxasan, oxucunun sənin nə demək istəyini baş düşməsinə belə bəs edər.

Hardasa 2 ay bundan əvvəl bir jurnal məndən Molokan bağnda müsahibə almışdı. Bir çox suallardan sonra insanların kitab oxumağı ilə bağlı suallara gəlib çıxdıq. Jurnalist sual verdi ki, “indiki gənclər şikayətlənirlər ki, kitab oxumağa vaxt tapa bilmirlər, vaxtın az olmağından gileylənirlər. Bu məsələyə münasibətiniz necədir?”

Elə bil neçə ildi bu sualı kimsənin mənə verməsini gözlüyürdüm. Üzümdəki ifadə də bunu açıq biruzə verirdi.Açıq-aşkar söylədim ki, bu sadəcə tənbəl və hər şeyi asanlıqla əldə etmək və bilmək istəyən insanların uydurduğu çox gözəl ancaq təəssüflər olsun ki, eyni zamanda absurd bir bəhanədir. Bəli dostlar, nə qədər ki məsuliyyət və vicdanımın səsinə qulaq asıram bu fikirdə olacağam həmişə. Kimliyindən,vəzifəsindən, işindən, işlərinin ağırlığından və çoxluğundan, iş qrafikindən, düşdüyü mühitdən və ortamından, çevrəsindən asılı olmayaraq kim bu sözü deyirsə yəni kitab oxuya bilməməyini “Vaxtım yoxdur”bəhanəsiylə üstələməyə çalışırsa onu bilin ki, bu ancaq və ancaq bəhanədən başqa bir şey deyildir. Qısa və konkret. İnanmırsınızsa Müqəddəs bildiyiniz nə varsa gətirin onların hamısına bir-bir and içərəm ki, bu tər-təmiz bir bəhanədir. “Kitab oxumağa vaxtım yoxdur” deyənlər ya tənbəllikdən, ya da kitab oxumaq istəmədiklərindən bu sözləri deyirlər və onu deyim ki, bunu deyərkən çox da qeyri-səmimi görünürlər. Halbuki bir azca səmimi olub “tənbələm, kitab oxumağa ərinirəm” ya da “mən praqmatik insanam, ümumiyyətlə kitab oxumaq istəmirəm” söyləsələr daha dürüst və səmimi görünərlər. Yoxsa ki, durub “Vaxtım yoxdur” demələri çox gülünc görünür vallah. Ən çox da bu sözü iş qabiliyyətini itirmiş və pensiyaya çıxmış nəslin nümayəndələrinin işlətməsi biabırçılıqdır lap. Necə olur ki, bütün günü başı siyasətə və dövlət məsələlərinə qarışmış işüzar insanlar o qədər tökülüb qalmış işinin içində hər gün kitab oxumağa vaxt tapır, hər gün 100-lərlə səhifə oxuya bilir, sizsə deyirsiniz ki, vaxtım yoxdur kitab oxumağa??!! Ey kitab oxumağa vaxtım yoxdur deyən və bütün günü kafelərdə oturub nəyi var içəndən sonra bütün siyasətçilərin hərəsinə bir quş qoyan dayılar onu bilin ki, bəyənmədiyiniz Stalin belə hər gün azı 300 səhifə kitab mütaliə edərdi. Siz hara gedəcəksiniz bu sentimental və irrasionalist düşüncəylə ki, arxanızca gələn nəsli də özünüzlə ora aparasınız??!! Yaxud da mason deyib pislədiyiniz Atatürk o qədər gərgin işin içidə ömrü boyu 3937 kitab oxumuşdu.Onlar hər nə idilərsə öz işləridir. Məqsədim onları tərifləyib gözə soxmaq da deyil. Bunları ona görə yazdım ki, görəsiniz ki, dünyada ən məşğul və işgüzar insanlar belə kitab oxumağa vaxt tapıblar. Bu şəxslərin kitab oxumağa vaxtım yoxdur deyənlərdən bu işdə əsas fərqi onların bu işi – yəni oxumağı ürəkdən istəməkləri və bəhanə gətirməmələridir.

İstəyən adam həqiqətən də bir günə irihəcmli bir roman da oxuyub bitirə bilər. Mən özüm kitabı ən çox oxuduğum yerlər ictimai nəqliyyat – avtobuslar, metrolar olur. İnsan yol boyu minimum 30-35 səhifə kitab oxuya bilər. İstəyən lap çox da oxuya bilər və oxuyurda. Əgər həqiqətən gün boyu vaxtınız çox azdısa və işiniz çoxdusa heç olmazsa avtobusda, metro vaqonlarında gedəndə çox yox, azı 10-15 səhifə mütaliə edin. Zatən bu vaxtı bundan başqa bu qədər əhəmiyyətli və insana faydalı şey qazandıracaq bir fəaliyyət də yoxdu ki deyim ki bununla məşğul olun. Ən yaxşı variant kitab oxumaqdır. Kitab oxumaqla insan əgər həqiqətəndə dərk edə bilsə ki, o nə qədər irəli düşür, o, gündə minimum 50-100 bəlkə də bundan da çox səhifə kitab mütaliə edər. Siz bir kitabı (romanı) 4-5 günə rahat oxuyub bitirə bilirsiniz, ancaq bilmirsiniz ki, müəllif-yazıçı onu yazana qədər nə qədər çətinlik və əzab-əziyyət çəkir, gərginliklər yaşayır.Belə deyək ortaya çıxardığı məhsul – yəni kitab onun illərinin (bəzən hansısa romanın yazılması prosesi 10 illər boyu davam edir) məhsuludur, yazıçı normalda roman yazarkən 1 ilin içində aylarla, həftələrlə hər gün sanki ölüb-dirilir, sizsə onun bu məhsulunu rahatlıqla divanda uzanaraq və yaxud da istədiyiniz şəkildə maksimum 1 həftənin içində oxuyub öyrənmiş olursunuz. Ən çox da bu baxımdan kitab həqiqətən də çox dəyərli bir əşyadır. Bunun nəyi pisdir axı??!!

Həəə, indi bütün bu arqumentlərə qarşı nə deyə biləcəksiniz??!! Bilirəm bəziləri yenə öz cılız və dəxli olmayan əsassız arqumentlər qoyacaq ortaya. Nə bilim masonlar imkan vermir mənə oxumağa, ya da ki, ikinci variantda mütləq atacaqlar bunu dövlətin – cəmiyyətin üstünə. Qardaşım sən birdən ki, gedib kitab aldın əlinə başladın oxumağa masonmu yoxsa prezidentmi gəlib sənə mane oldumu ki kitab oxuma??!! Nə deyim vallah, məsuliyyətsiz və problemlərini heç vaxt özündə görməyən adamlardı bunlar və belələrindən nə hoqqabaz söz desən gözləmək olar.

Mənim bu yazını yazmaqda məqsədim heç kimi cırnatmaq filan da deyil. Məqsədim sadəcə beyinlərdə kitaba olan klassik yanaşmaları, kitaba qarşı olan nifrət-antipatiyanı qırmaq və kitaba sevgi yaratmaqdır. Yazıda tənqid olunanlar bilmirəm özlərini görüb hansı hissləri keçirəcəklər. Amma önəmli olan insanın öz mənfilərini görüb onları düzəltməsi və bir daha təkrar etməmək səviyyəsinə gəlib çıxmasıdır. Tənqid olunmaq pis şey deyil, həmişə söyləmişəm. Tənqid inkişafa aparır, onun altında elə bir inkişaf dayanır ki, bunu vaxtında dərk edən və bilən ağıllı insanlar kifayət qədər tənqid olunmaq, öz mənfilərini bilib onu tezliklə aradan qaldırmağa çalışırlar. (Bu barədə də bir yazım var bir gün yayımlayacağam) Bacarırsınızsa məni tənqid edin ama haqqına tənqid olsun mən də baxıb mənfilərimi görüm və nəticə çıxarım. Ancaq tənqid olunmaqdan qorxan, utanan və qaçan insan bilsin ki, əslində o tərəqqidən və inkişafdan qaçır.

İndi əbədi minisovkalar durub deyəcəklər ki, Xəyal baltanı kökündən vurur. Xeyr, əzizlərim, mən heç də baltanı dibindən filan vurmuram.Min kərə şükürlər olsun ki, bu gün ölkəmizdə kitab oxuyanların, mütaliə edənlərin sayı əvvəlki illərə nisbətən artmışdır. Necə ki, indi mən bu yazını milli kitabxanada oturub yazıramsa, eyni zamanda ətrafımda 100-dən çox gənc başını aşağı salıb öz mütaliəsini etməklə məşğuldur. Həftə sonları ümumiyyətlə mən bu boyda nəhəng kitabxanada oxucuların və mütaliəli gənclərin əlindən yer tapa bilmirəm oturum 5 dəqiqə kitab oxuyum. Bunu sevincdən yazıram vallah. Kimsə elə bilməsin deyinirəm. Xeyr, buna sevinmək lazımdır, çünki bu həqiqətən də fəxr olunası və seviniləsi bir durumdur. İnanmırsınızsa gəlin milli kitabxanaya özünüz görün vəziyyəti və sözün əsl mənasında avropafikirli və tərəqqipərvər müasir gənclərin kitaba-mütaliəyə olan marağını özünüz görün. Bunları heç vaxt dana bilmərəm. Sonra heç vaxt kimsə deməsin ki, Azərbaycanda gənclər kitab oxumur. Artıq ictimai nəqliyyatlarda -metrolarda, avtobuslarda, parklarda kitab oxuyanlara əvvəlki illərə nisbətən daha çox rast gəlmək olar. Hər il kitab flashmobları da keçirdilir. Bunlar hamısı çox yaxşıdır. Ümid edirəm axra qədər yaxşılığa doğru gedərik inşallah.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031