Dərdlərim çiçəkləyib böyüklük çənbərimdə - Yeni İmza

MANERA.AZ "Yeni İmza" layihəsində Fərqanə Səfərlinin şeirlərini təqdim edir.
Mənim ümidlərim
Mənim ümidlərim nağıl kimidi,
Biri var olanda, biri yox olur.
Gözütox, könlütox ağıl kimidi,
Göyün üç alması ona çox olur.
Mənim ümidlərim yarpaq kimidi,
Baharda cücərir, payızda solur.
Həm də bir az kövrək uşaq kimidi,
Anasın görməsə, gözləri dolur.
Mənim ümidlərim qarğış kimidi,
Bəzən tutur, bəzən məndən yan ötür.
Üstümə tökülən yağış kimidi,
Yağdıqca gözümdən ömrümə yetir.
Mənim ümidlərim yalan kimidi,
Yalançı şahidlik edirəm ona.
Soyuqda istiyəm, istidə sərin,
Özüm ondan ötrü girirəm dona.
Mənim ümidlərim naxış kimidi,
Hörülür qəlbimin divarlarına.
Mən ona məhbusam, o mənə məhbus,
Öləndə azadlıq verəcəm ona.
Yenə
Yenə durna qatarı,
Yenə sazaq bir hava.
Yenə könlüm yön alır
O isti uzaqlara...
Yenə gün batımını
gözləyir qamış səsi,
Bir də həsrət qoxuyan
Kədərimin naləsi...
Yenə günəş gedəcək
Öz doğma ocağına.
Yenə düşər qaranlıq
Yerin kor bucağına.
Yenə...
Yenə burda mən,
Bir də azğın ümidlər -
Həm məni, həm özünü
Xəyallara kilidlər.
O dünyaya sözüm var
Bu həyata bəs etməyir bir ömür,
Hardasa əlavə ömür izim var.
Yəqin, zaman oralarda ölçülmür,
Bu dünyadan o dünyaya sözüm var.
Cənnətləri payızında solursa,
Ağrıları yara kimi qalırsa,
Həyat da bir ölüm sonlu nağılsa,
Bu dünyadan o dünyaya sözüm var.
Yüz atəşə dəyişmədim külümü,
Xəyallarımdan çəkmədim əlimi.
Qoy cəhənnəm lap yandırsın dilimi,
Bu dünyadan o dünyaya sözüm var.
Balaca qız
Mən balaca qız idim:
Zaman sola qaçırdı -
Ay tezdən görünürdü,
Günəş gecə saçırdı.
Soldan sağa çevrildim
Yaş üstə yaş gəldikcə.
Geriyə addımladım
Dərdin üzün gördükcə.
Çiçəkləyən arzular
Payızlaşdı günbəgün.
Olmadı bu ağacdan
Cücərəni bircə gün.
Yasəmən itkisi
Baharın bir üzündə
Min rəngi var həyatın.
Arzusu çiçəkləmir
Qiyam çəkir bayatım.
Zaman elə qaçıb ki,
Uşaqlıq xatirəmdən.
Dərdlərim çiçəkləyib
Böyüklük çənbərimdə.
Yaz gələndə qoxurdu
Niyyətimiz vətəndə.
Ona ninni oxurdum:
Xəyalları nazəndə.
Böyümək asan oldu,
Böyüklüksə bir zülm.
Ona yamaq tikməyə
Görmədim vaxtdan lüzum.
O xallı böcəyə də
Daha inanmıram mən.
Bir vaxt tutmadı sözün,
Gətirmədi yasəmən.
Beşləçəkli yasəmən
Axtarırdım həmişə.
İnancım da qocaldı,
Lənət dedim keçmişə.
Sevgi formulu
Elə gözəl sevirsən,
Sənin sevgi formulun
Mənim hesabım olur!
Elə isti baxırsan,
Gözlərindəki işıq,
Həyat çırağım olur!
Elə narın gülürsən,
Qucaq açıb dərdimə…
Sənlə gülməyim gəlir.
Elə noğul qatırsan,
Gerçəklər yalan olur…
Nağıl olmağım gəlir!
Elə fitnə – fəsadsan,
Həqiqətdə alt yazın…
Dilsiz qalmağım gəlir!
Elə güclü duasan ,
Allahdan utanıram…
Dinsiz olmağım gəlir!
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.