manera.az
manera.az

Sənə məhəbbətim tək, ayrılıq da yaraşdı - Yeni şeirlər

Sənə məhəbbətim tək, ayrılıq da yaraşdı - Yeni şeirlər
MANERA.AZ Əfsanə Rəvanın yeni şeirlərini təqdim edir:

Darıxsaydın gələrdin

İki yolun ayrıcında qalmısan,
Yoruldumu ümidlərin de, bilim.
Hərdən birdən yazırsan ki, "darıxdım"
Sözdür vallah deyirsən də, nə bilim.

Həsrətini məndən yaxşı çəkən var?
Sənin qədər sevilsəydim ölərdim.
Hisslərimdə yanılmıram biləsən,
Deyirəm ki, darıxsaydın gələrdin.

Bir də kimi sevərəmki sən qədər,
Bir də kimə aldanacaq ürəyim.
Qıymaram ki, gözlərini unudam,
Sən unutdun? sağ ol, var ol, nə deyim.

Ayrılıq da yaraşdı

Dərdə yol tanıtmısan,
Ayaq açıb bəxtimə.
Başıma nə gəlibsə,
Səndən gəlib, incimə.

Axı mən nə bilirdim,
Hicran harda yurd salıb.
Yazıq canım həsrətin,
Dərdin əlində qalıb.

Barı iz saxlayardın,
Qayıtmağa, dönməyə.
Bəlkə yadına düşdüm,
Üzün olsun görməyə.

Hələ yaran təzədi,
Zaman keçər, göynəyər.
Məndən sonra gələnlər,
Dilucu bir "can" deyər.

İndən sonra nə deyim,
Vallah ürəyin daşdı.
Sənə məhəbbətim tək,
Ayrılıq da yaraşdı.

İnanmaz oldun

Gözümü yumdum e, dərd etdi çimir,
Yol yar ayağının tozunda çimir,
Doğulmamış ölən körpələr kimi,
qınanmaz oldun...

Sənə qovuşmağa nicat gəzirdim,
Bəxtimdə varıydın rahat gəzirdim,
Ömrümü verməyə saat gəzirdim,
İnanmaz oldun...

Sinəmdə çırpınan ağrı sən idin,
Məni məndən alan, oğru sən idin,
Hər kəs yalan idi, doğru sən idin,
Sınanmaz oldun...

Tanrı da yox idi sənlə aramda,
Dərman idin, qan ağlıyan yaramda,
Gündə milyon kərə dedim, varam da,
Yaranmaz oldum.

Sən də ki, belə

Çox çətin dinlədi, dərk etdi məni,
Donan sevdalara, kürk etdi məni,
Hərə bir limanda tərk etdi məni,
Nə desən elə.

Həm dəli tufansan, həm də günahkar,
Həm məni öldürən, həm də xilaskar,
Qəzəbin od-alov, özün inadkar,
Gəlmirsən ələ.

Əzizim, əvvəllər belə deyildim,
Ürəyimə gəlmədin e, döyüldün,
Hayana döndümsə, sənə əyildim,
Sən də ki, belə...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 123456
78910111213
14151617181920
21222324252627
282930