manera.az
manera.az

Nəfəsin isitsin üşüyən gülü - Şakir Xanhüseynin şeirləri

Nəfəsin isitsin üşüyən gülü  - Şakir Xanhüseynin şeirləri
MANERA.AZ Şakir Xanhüseynin yeni şeirlərini təqdim edir.

AĞIL ilə HİSSİN şeiri

qoşa görmək lazım ağılla hissi,
duyğular incədi,
ya ağıl incə;
kaş hissin də yolu ağıldan keçə...

amma ki ağıl
düşünər bu çayı necə keçməli,
vurub çayı keçər- hiss ki bir dəli;
hiss bir yol tanıyır, ağılsa iki...

bir arada
tutula bilərmi ağıl ilə hiss,
hiss qışqırıq salır,
ağılsa səssiz...

hiss var xeyli dərin- ağıldan ötə,
olur,
ağıl durur hissin üstündə...

hiss nə, ağıl nədi ayrı-ayrı, tək,
onların suları bir arxda gərək...
aprel 2025

HEÇ KİM DEMƏSİN Kİ...

heç kim deməsin ki, yaxşıyam, ya pis,
üzündə ay doğsun, gözündə günəş...
kiminsə qəlbində oturan iblis
gah ocaq söndürür, gah yaxır atəş...

hər kəs yetə bilmir bir ucalığa,
qaranı çıxarır, ağı geyinir...
özünü oxşatma, döndər çırağa,
qoy hamı tanısın nur kimliyini...

nəfəsin isitsin üşüyən gülü,
dağın yıxılmasın, bağın solmasın...
elə görəsən ki, kim isə gülür,
bir ürək ovcundan düşüb sınmasın...

torpaq ot bitirmir get-gedə, baxsan,
dəyişib elə bil yaşamın yönü...
sən yeri hədəflə göyə də baxsan,
açmağa cəhd elə bir kor düyünü...

SƏNİN ÜÇÜN

ulduzları gözümdə söndürdün,
odu ürəyimdə...
min illərin izidi,
qamçı yerləri hələ də göynəyir kürəyimdə...

şaxta isitməyə çalışır məni,
gün soyutmağa...
yatmaq elə gözəldi ki,
kaş heç kəs heç kəsi oyatmaya...

qar yağdı başımdan yer ağardı,
sən allah, o kəpənəyi qoyma gülləri şillələsin,
əli ağırdı...

xarabalıqlar qədər
insanın nostalji hisslərini oyadan bir şey yox,
düşünsən əgər...

solumdan çıxdım sağıma,
yoluma tanrı güc-qüvvə versin ki,
davam edim ayağıma...

hamı bir-birinin tərs üzünü sevir, hamı,
mən də
səndən çox, sənin əksini sevirəm, hə...

SƏN, AXI, TƏKSƏN

Əsl sevdiyinə kim qovuşur ki...
düşün ki, o hələ doğulmamışdır,
nə də doğulacaq, sən isə onun
O gözəl, sevimli üzünü heç vaxt
yadından çıxara bilməyəcəksən;
əlini əlindən ayırma əsla,
bax a,
sən, axı, təksən...

Elə xəyallara dalıb gedəcək,
qəlbinin səsini eşidib, ancaq
özündən gizlənmək istəyəcəksən...
Doğma bir nəfəslə həmnəfəs olmaq
şirin bir diləktək qalsa gözündə,
"kirpiyim ucunda nəm leysan yağış"
deyib için-için inləyəcəksən,
sən, axı, təksən...

Bir də qabağına süfrə sərəndən--
soyuyan çayını isidənindən
ruhuna bir qüvvət verən sözləri
eşitməyə ümid bəsləyəcəksən...
Doğrundan yalanı arındırmağa
ən əvvəl Özünü dinləyəcəksən,
sən, axı, təksən...

Fikrə gedəcəksən əli qoynunda,
sonra ətrafında baş verənləri
ağıl süzgəcindən keçirmək üçün
çox-çox uzaqlara göz dikəcəksən;
adi bir məntiqlə yaşamaq çətin...
O zaman söykənib uçuq bir dama
dağıntılar altda qalmamağına
bir çarə tapmağa gecikəcəksən;
sən, axı, təksən,
sən, axı, təksən!

ÖNDƏ NEÇƏ İLİN...

Öndə nə qədərin var nə biləsən,
əriməz başında qar, nə biləsən...

yollar çiliklənir ayağındaca,
eh, sən nə biləsən, bildiyin nə ki...
sırğasan bir gülün qulağındaca,
şeh, sən nə biləsən, bildiyin nə ki...

köntöy bir baxışdan əzilər çiçək,
ləçəyi qanayar, biz ki görmərik...
bir daşa kədərlə əllərini çək,
ürəyi qanayar, biz ki görmərik...

səsində bir qəm var, amma çox səssiz,
iti addımlarla gəlir dərd asta...
evin divarında mismarlardan iz,
özünü demirəm, paltonu as da...

gözlərində yatıb yuxu ki sənin,
getdiyin yerlərdən qayıdışın yox.
ürəyin o qədər yuxa ki, sənin,
tufana gərməyə qaya döşün yox...

GEDİR SAÇLARINDAN ASILMAĞA O

Gizlənir, qaçınır gözdən elə bil,
burulur gah sola, gah da sağa o;
Görəsən, bu gözəl hansı divindir,
gedir saçlarından asılmağa o...

Təzəcə açılmış bir güldü- təmtər,
bir əl uzandısa, min bir əl dərər...
Bir həris göz ilə neçə göz görər,
batar bir addımla yüz günaha o...

Şərin ta özüdü güddüyü xeyir,
günü gün altında bir gün də deyil...
Bir yuva axtarır, fərqində deyil
çox erkən başladı quş olmağa o...

Eşqə düşməliykən nə yola düşmüş,
ayağı dərin bir çuxura düşmüş...
Həyatı bir acı nağıla dönmüş,
varmıdır qəfildən daş olmağa o?!

Tural Adışirinin təqdimatında..






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI