Qar çiçəyi - HEKAYƏ / Manera.Az

NARINGÜL
-1-
Telefondakı səsin sahibi elə hey danışır, israrla görüşmək istədiyini deyir.
Son vaxtlar ancaq telefon vasitəsilə əlaqə saxladığı kişidir. Elə telefon vasitəsilə də tanış olublar. O qədər gözəl, məntiqli danışır ki, səsinə vurulub, daha doğrusu, əməlli-başl danışığına alışıb.
Səsin sahibindən əvvəl sevgilisi vardı. Birlikdə çox xoşbəxt idilər. O qədər xoşbəxt idilər ki, sözlə təsvir etmək mümkünsüzdür. Yaman inanırdı ona. Indi də inanır, gələcəkdə də inanacaq... İnanmasa, ölə bilər! Sonra isə hər şey tamamilə darmadağın oldu. Sevgilisi itib getdi. O da müvazinətini itirdi, dayaqsız, sərgərdan qaldı. Sevgilisi son dəfə ona “ qar çiçəyimsən” yazmışdı. Bir daha yazışmamışdılar. Heç görüşməmişdilər də... Üç gün- üç gecə oturub ağlamışdı. Hərdən sevgilisiylə çox xoşbəxt olurdu, amma nə işdisə, dərhal da əvəzini ödəməli olurdu. Ürəyində kök salmış “axmaq” bir arzusunu sevgilisinə bildirərdi:
İstəyirəm birlikdə ölək, əl-ələ tutaraq birlikdə intihar etmək istəyirəm!
Sevgilisi :
-Axı niyə ölək ki? Beləcə xoşbəxt yaşasaq nə olar ki?! – deyə etiraz edərdi.
- İstəyirəm sevgimiz belə bitsin, sonda ayrılıq olmasın!.. Yaxşı, istəmirsən, onda mən özüm ölərəm...
- Sən olmasan, elə mən də ölmüş olaram. Nə fərqi var hansımızın ölməyinin?!
Bir vaxtlar belə deyirdi sevgilisi...
Hələ də yadına salanda göz yaşlarını güclə saxlayır. İndi bütün düşüncələri qarmaqarışıqdı, içində burulğandı. Nə istəyir, heç özü də bilmir.
Amma istəyir, yenə nəsə istəyir. Özü də bu an yalnız telefondakı səsin sahibinə inanıir, güvənir, ona sığınmaq istəyir. Qadındır da... Kiməsə inanmasa, güvənməsə, gərək onda heç qadın olmaya!
Səsin sahibi:
- Mənə sevgilindən danış, -deyə durmadan israr edir.
Hiss edir ki, sevgilisindən danışanda səsin sahibi biruzə verməsə də, onu qısqanır. Bəzən özü qəsdən danışıb qıcıqlandırmaq istəyir, sonra ürəyi dözmür, vaz keçir. Bir iş də var ki, səsin sahibinə heç kimə danışmadıqlarını danışa bilir. Əcəb sirr ortağı tapıb özünə. Yaxşı dost ola bilərlər. Ovuda bilir onu, ürəyini isidir, unutdurur hər şeyi.
Səsin sahibi deyir ki, istəyirsən gəl mənim evimdə görüşək, istəyirsən başqa yerdə... Daha uşaq deyilik ki, küçələri ölçək!
Amma o, görüşməyə tərəddüd edir.
– Nədən qorxursan?!
– Nə bilim, vallah!.. Düzgün deyil axı...
– Qorxma, gəl! Fikir vermə ətrafa, adamlara, cəhənnəm olsun hər şey!
– Yox, yenə də olsun. Ətrafdakılar, tanışlar...
– Ölürəm səninçün.
Bədəni gizildəyir. Düşünür ki, əslində, getmək də olar... Bu görüş onun həyatını dəyişə bilər. Bəlkə yaxşılığa doğru bir dönüş olacaq. Bəlkə də uğursuzluq yaradacaq, düşündüklərini, sahmana salmaq istədiklərini bir andaca dağıdıb atacaq. Kim bilir... Bəlkə, getsin?.. Yox, hələ hazır deyil...
Qarşısında dayandığı güzgüdə uzun-uzadı özünü süzür. Saçlarını əli ilə yuxarı qaldıraraq sancaqlayır. Sonra əlini saçlarından çəkir, sarışın saçları üz-gözünə səpələnir. Payıza bənzədir özünü.
– Onda özün bilərsən. Deyəsən, çox yalvardım axı... Bilirsən?.. Hər yer doludur qadınla! Amma gəlsən, çox yaxşı olardı. Səndən yaman xoşum gəlirdi.
“Xoşum gəlirdi”, indi gəlmir. Sanki göydən yerə enir. Susaraq telefondakı səsin sahibinin daha nə deyəcəyini gözləyir. Artıq heç nə danışmaq olmaz! Hər şey bir anda pozula bilər! Nəyinsə yerini dəyişməklə azıb yolda qala bilər, çıxışı tapmaz. Hər şeyin bir anda dağılmağı fəlakətdir.
Heç nə söyləmir, səsin sahibi də susur.
Susmaq işə yarayır, deyəsən. Telefondakı səs yumşalır, tonu xeyli aşağı düşür:
– Özün bil, uduzmazdın məncə,– fikrinin gerisini anlatmaq üçün pauza verməli olur, hiss olunur ki, tərəddüd edir,- sənə hədiyyə də almışdım. Sən çox şeyə layiqsən. Biz öz həyatımızı yaşayırıq. Hər şeyin gözəldir, ürəyimcədir. Bircə, xahiş edirəm, əxlaq dərsi keçmə mənə!
– Yox, nə əxlaq dərsi, müasirəm.
– Müasirsən, onda gəl!..
Səs yenə də hökmlü görünür. Səsin sahibi onsuz da hakimdir ona, eyni zamanda, doğmadır. Hərçənd ki, səsinin tonu bu dəfə açmır onu. “Nə cavab verim? Adam deyir ki, gəl! İsrar edir. Hələ o biri tərəfi də var, hədiyyə-filan... “Diqqətlidir sənə, dəyər verir! Get! Həm də müasir deyilsən, deyir...”
Amma o, həmişə müasir olmaq istəyir. Eyni zamanda, həyatını qazanmaq istəyir: işində, sənətində, karyerasında. Hərçənd ki, abırsızlıq edən, hər şeyi əldə etməyə çalışan qadınları da xoşlamır, onlardan uzaq gəzir. Ürəyində abırlı olduğuna çox inanır, özünü inandırır. Bəs necə olsun, görəsən, harda dolaşdı həyatının xətləri?
– Payıza oxşadıram özümü...
Səsin sahibi artıq onun belə əlaqəsiz və “gördəndüşmə” söhbətlərinə öyrəşib, odur ki, təəccüblənmir.
–Sənin əsl sevilməli vaxtındır, – söyləyir, – görüşsək, xoşbəxt olarıq!
Qeyr-ixtiyari üz-gözünə təbəssüm yayılır. Sevgilisi deyərdi ki, sənin təbəssümündən yoxdur. Bu tərifdən sonra üz-gözü elə işıqlanardı ki, elə bil günəş doğardı.
-Gəlirəm!
İçindəki həvəsə təslim edir özünü, qərara alır ki, getsin. Sırf qadın marağından doğan “hədiyyə-filan” söhbəti də təsir edir deyəsən, qərarını təsdiqləyir. Adam həyatına rəng qatacaq!.. Onsuz da həyatı bombozdur. Ürəyi uçunur.
Böyük və izdihamlı bağın ətrafında bir xeyli gəzişir. Bu harda qaldı, görəsən? Zəng etməyə ürəyi gəlmir. “Qoy özü axtarsın. Elə başa düşsün ki, hələ gəlməmişəm, yüngüllük olmasın”. Səsin sahibi isə görünmür.
Bağın kənarında fırlanaraq yoldan keçən qadınları başdan-ayağa süzən, gözlərindən cin yağan kişilərdən biri ona yaxınlaşır:
– İstəyirsən gedək, yaxınlıqda tanış ev var, danışaq, razılaşaq.
Key-key kişiyə tərəf baxır, bir şey anlayammır. Bu an üzünün ifadəsi o qədər laqeyd və mənasızdır ki, deyəsən, heç kişi də ondan bir şey anlayammır, ayağını sürüyə-sürüyə aralanır. Dayandığı yerə hələ indi nəzər salır. Bura fahişələrin toplaşdığı bağın yaxınlığıdır. Bir dəfə yazı yazıb bu bağdan.
Gözaltı kişinin arxasınca baxır: “Adamını tanımır, axmaq!” Bir qədər kənara çəkilib gəzişir, sonra ürəyində kişiyə gülür. “Yəqin, elə məni də öz adamına bənzədib”.
Dözməyib yenə zəng edir. Səsin sahibinin telefonu söndürülüb. “Nə olub görəsən? Gələcək, əlbəttə, gələcək. Oyuncaq deyiləm ki?.. Özü görüşə çağırıb, nə vaxtdır yalvarır...”
O tərəf- bu tərəfə gəzişə-gəzişə, yenə də ürəyində xəyallar qurur. Bir müddət əvvəl, daha dəqiqi, sevgilisindən ayrılandan sonra, elə hesab edirdi ki, qanadları qırılıb, heç nəyə yaramır.Tamamilə mənasız olmuşdu həyat. Amma indi səsin sahibi vardı. Ürəyi indi-indi ovunurdu. Çox isti və məhrəmdi hər şey. Sevgi və ehtiras vardı ortada. Bu da belə... Görüşə çağırıb, amma itib batıb... Yenə harda səhv etdi axı?.. Düşünür ki, əgər görüşsələr, çox yaxınlıq verməyəcək. Müvazinəti itirmək olmaz! Kodları əldə saxlamaq gərəkdir, sonra gec olar. Bir qədər də uzaqda dayanmaq lazımdır.
“Gərək gəlməzdim”. Özünü danlayır. “Amma ürəyimə, ruhuma yaxın idi axı! İncitmək istəmədim. Niyə oynamalıydım ki... Bir- birimizdən xoşumuz gəlirdi. Bəlkə, qisas alır, əvvəl çox soyuq davrandım axı”. Hər şey beynində qarışır. “Ələ salıb məni. Bu da sənin ruhun, arzun... Havaya sovurdun hər şeyi. Yox, bu artıq uduzmağa bənzəyir”.
Ağlamır. Ağlamaq zəiflikdir. Zəif olmağa nifrət edir. Onsuz da saman çöpündən yapışana bənzəyir. Səsin sahibi dirçəltmişdi bir az, ruhlandırmışdı, hər şeyə maraq yaratmışdı, inandırmışdı. Deyəsən, hamısı boşa gedir.
Təkrar zəng edir. Telefondan səs gəlmir.
Geri qayıtmağa qərar verir.
Evə çatıb paltarını dəyişəndə zəng gəlir. Odur! Səsin sahibi! Telefonu açmaq istəmir. “Daha nə zəng, əməlli-başlı təhqir etdi məni”.
Dözməyib telefonu açır. Səsin sahibi üzrxahlıq edir:
– Çox təcili işim oldu, gələ bilmədim, bağışla! Telefonum sönmüşdü.
– Yalan deyirsən. Qurtardı hər şey!
– Yalan demirəm! İnan!
Söz tapmır deməyə. Hər şeyi darmadağın etməyə də ürəyi gəlmir, barışmaq da istəmir. Yumşalmaq məğlub olmaqdı, özü də qələbənin bir addımlığındaykən... Qalib olacaqdı! Özünə, hisslərinə, ətrafdakılara qalib gələcəkdi...
- Səni istəyirəm, gözəlim!
“Sevirəm yox, istəyirəm”. Acı- acı gülür.
- Məni istəyən çoxdur. Sevgi istəyirəm mən.
“Niyə dedim axı bunu? Dilənçi deyiləm ki... Nə olub, o qədər sevənim var, elə biləcək acizəm”. Yenə də məyus olur, birdən-birə sönür.
Səsin sahibi dil tökməyə başlayır. Ürəyində bir ümid cücərsə də, ürəyindəki təlatüm tamam çəkilmir.
–2–
-O qızın yazıları daha perspektivlidir,-redaktor onun əynindəki tarım paltarda bir qədər də incə görünən bədənini başdan-ayağa süzür,- o gənc qızı deyirəm. Bağışla, səni deyil onu seçməli olduq. Bizə elə kadr lazımdır ki, birbaşa həyatın nəbzini tutsun. Onlar həm də açıq-saçıqdırlar, görünə bilirlər. Kompleks- filan burda işə keçmir. Özün bilirsən də, indi insanların içinə nüfuz etmək lazımdır, quzum! Sən bir az çəkingənsən!
Üzünə kölgə qonur. “Demək, iş məsələm yenə də qaldı. Bu dəfə də alınmadı. Yaman da çəkingənəm. Öz tutumum qədər varam, bundan artıq olmayacağam ki?.. Bundan artıq neyləməliyəm ?..”
– Səni onsuz da tanıyırlar, yazıların-filan... Hara getsən, yaşıl işıq yanacaq.
“ Yaşıl işıq-zad yoxdur. Hələ də işsizəm. Allah kəssin belə yaşıl işığı”.
- Sən də pis deyilsən. Ancaq...
“Lazım deyil sənin işin, işləməsəm də olar ”.
Səsin sahibi zəng edir. Redaktordan üzr istəyib dəhlizin o başına çəkilir.
- Nə olub, gərginsən, həm də yorğun görünürsən ...
- Hardan bilirsən?
- Bilirəm. Səni mənim kimi duyan yoxdur...
- Doğru deyirsən.
- Onda bu gün görüşək. Bu dəfə mütləq görüşək! Nə oldu, danış, nə fikirləşirsən?
Əslində, heç danışmağa sözü də yoxdu. Qeyri-ixtiyari beynində dolandırdığını dilinə gətirir:
- Bu gün kəşf etdim. Şöhrət də, tanınmaq da boş şeydir, sabun köpüyü kimidir hamısı. O tərəfindən baxırsan, bu tərəfi görünür. Neynirəm ki, şöhrəti?!
- Bəs istədiyin, inandığın nədir? – səsin sahibi onu çözələyərək içinə nüfuz etməyə, onu “oxumağa” çalışır,– bir halda ki, sevdiyin adam da səni aldadıb, laqeyd olub sənə. Nə vaxtdır atıb gedib səni... Nə istəyirsən?
Yenə də kövrəlir. Amma səsin sahibi doğru deyir. Bəlkə də, sevgilisi amansızlıq, qəddarlıq edib ona. Bəlkə də, günah elə onun özündə olub, bilmir. Daha heç nəyi aydınlaşdıra bilmir.
Səsin sahibi bir qədər əsəbi görünür.
–Sizə də etibar yoxdu,- deyir- xəyanət edə bilirsiniz istədiyiniz vaxt. Xislətiniz belədir!
Dodaqları qaçır. “Xislətiniz” sözünə gülməyi gəlir. Düz deyir, bəlkə də elədir. Bəs sevgilisinə necə? Xəyanət edərdimi? Yox, ona xəyanət etməzdi! Dünya dağıla, etməzdi! Amma sonda etdi! Etdi! Ondan əli üzüləndən sonra etdi! Necə olsa da, sonunu gözləyə bilmədi. İradəsi çatmadı, gücü qalmadı. Qurtardı hər şey!
Səsin sahibi:
-Bu həftə mütləq görüşək!- deyir. Özün də fikir çəkmə! Hər şey əla olacaq!
Səsin sahibi israrla deyir ki, uğur qazanacaqsan, uğur və qələbə sənindir, xoşbəxt olacaqsan. Kim bilir, bəlkə də, doğru deyir, xoşbəxt olacaq. Hansında? Sənətində, yoxsa həyatında? Bəlkə, yeni dönüş başlanacaq.
Heyf! Sonda hər şeyi olacaq. Bəlkə də, səsin sahibi onu çox sevəcək. Görüşüb xoşbəxt olacaqlar. Dəqiqləşdirmək çətindir gələcəyi. Amma bu dəqiqdir ki, sevgilisi həyatında olmayacaq! O, məhz o, olmayacaq! Bu dəqiqdir! Yenə gözləri dolur.
-3–
Yenidən redaktorun otağına qayıdır. Şöbənin uşaqları redaktorun başına toplaşıblar.
Redaktor əli ilə balaca qlobusu stolun küncünə itələyir. Yenə də üzünü ona tutur.
– Uşaqlar texnikanı yaxşı bilirlər– yazı texnikasını deyirəm. Əsas texnikadır! Nə ictimai nüfuz? İctimai nüfuz nədir? Sənin yazmağın elə ictimai nüfuzundur da... yaz getsin! İstəyirsən, siyasətdən yaz. Səndə alınır, əslində, sən hamısından yaxşı yazırsan. Amma siyasətdən yazanda da fahişə kimi yazmaq lazımdır... Heç nədən çəkinmədən!
Sonra ayağını- ayağının üstünə aşırıb əlavə edir:
– Heç yazmaq da bir peşə deyil, əslində. Gedin özünüzə iş tapın!
Redaktor bu sözü hər dəfə təkrarlayır və hər dəfə də şöbədəki uşaqlar əsəbləşirlər. Dodaqaltı mızıldanırlar: “Sənin nə vecinə!Yazdığını yazmısan, filan qədər aylıq maaşını da alırsan, kef çəkirsən!”
Redaktor gözünü onun üzünə dikir.
– Sənə sürprizim də var, sevinəcəksən... Səni səyahətə göndərirəm!
Redaktor sevgilisi yaşayan şəhərin adını çəkir.
– Yox, yox! O şəhəri istəmirəm. Başqa yer olsa, çox sevinərdim. Amma ora yox... Artıq fikrimi dəyişmişəm.
Redaktorun heyrətdən gözləri böyüyür:
Redaktora necə desin ki, orada- o şəhərdə onu sıxan çox şeylər var. Ora gedən kimi sevgilisini xatırlayacaq. O şəhərin hər qarışında onun ruhu var, nəfəsi var, dəli edər o yerlər. Məhv olar! Yox!!!
–Dünənə kimi səyahət- filan olanda mənə təklif edin deyə yalvarırdın, indi nə oldu? Özün bil! İş məsələsinə görə sənin ürəyini almaq istəyirdim... Mükafatlandırırdım səni. Hmm... qadınsan da... Nə istədiyinizi bilirsiz ki...
Redaktorun kinayəli səsi qapını o biri üzə adlayanda gəlib çatır ona.
“Guya sən kişi olub neyləmisən ki?!” - Ürəyində qeyzlənir.
Geri qayıdıb cavab vermək də olar. Həvəsi gəlmir, həm də lazım bilmir.
Üzündəki gərginliyi boğub küçəyə çıxır. Yağış yağır. Bu gün bir saatlıq məruzəsi də var. “Bədii yaradıcılığın xüsusiyyətləri” barəsində danışacaq. Kitabxana işçilərinin qarşısında çıxış edəcək. Adamlar maariflənəcək, faydalanacaq. Belə deyirdi redaktor.
Yağış damlaları getdikcə güclənərək arx suyuna çevrilir, küçə aşağı axmağa başlayır. Əynindəki paltar tamamilə islanıb bədəninə yapışıb, saçlarının ucundan axan su üz-gözünə damcılayır. Görkəmi özünə çox romantik gəlir bu an. Kaş belə bir şəkil çəkdirəydim, - deyə ürəyindən keçirir.
– Bu yollara bir əncam çəkmirlər- şəhərin yaşlı sakinlərindən biri üzünü küçədən axan suya tutub söylənir.
Göllənib qalmış suya baxır, birdən-birə ürəyində bahar çiçəklənir. Addımlarını yeyinlədir. Bilmir, hara tələsir...
–4–
Küçənin kənarındakı zibil qutusunun içinə başını soxub nə isə axtaran səfillər öz işlərindədirlər. Deyəsən, ər-arvaddılar. Kişi arvadı çağırır, görünür, zibil qutusunda “işə yarayan” əşya tapıb. Əlindəkini sevinərək qadına göstərir. Geyimlərindən, hərəkətlərindən ağıllarını itirmiş olduqları hiss olunur.
“Hər şeydən yazmaq olar,– deyirdi redaktor, - zibildən də konfet kimi yazmaq olur... Peşəkarlıq budur... Gərək heç nəyi gözdən qaçırmayasan”.
“Bunları danışdırıb, əla bir yazı yazacam. Görək, nə alınır?..” Səfillərə yaxınlaşır. Hürkmüş kimi görünürlər. Qadın təəccüblə ona baxır, kişi isə qəzəbli görünür. Qadın öz aləmində hansısa mahnını zümzümə etməyə başlayır. Gülümsünərək onları başa salır ki, qorxmasınlar. Cibindən xırda pul axtarır, kişinin ovcuna basır. Qadın cəld pulu götürüb əlindəki torbanın içinə atır. Hiss olunur ki, kişini o, idarə edir. Puldan sonra deyəsən, bir az isinişirlər ona. Fürsətdən istifadə edib onları danışdırmaq istəyir. Elə qarışıq danışırlar ki, nə danışdıqları başa düşülmür. Bir neçə dəfə cəhd etsə də, heç nə alınmır. Kişi zibil qablarının birini onu qarşısına itələyir. Yəqin, demək istəyir ki, bunu sənə verdik, qurdalan! Bir- birlərinə dəyə-dəyə aradan çıxırlar.
Qarşısındakı zibil qabı ilə üzbəüz qalır. Adamların diqqətini çəkmədən zibil qutularından aralanmağa tələsir.
Tələm-tələsik irəli addımlayır. Redaktorun qarasınca söylənir: “Bu da sənin çılpaq həqiqətin, zibil, konfet məsləhətin...”
Başını qaldırır. Qarşıdakı ağappaq divarla üz-üzə gəlir. Bir az yuxarıda iri və əyri hərflərlə divara yazılmış elan adamın gözünə girir: “Bura keçid deyil!” Deməli, buradan da yolu dəyişmək lazımdır!
Səsin sahibi zəng edir:
– Haradasan, nə edirsən, indi nəylə məşğulsan?
Qeyri- ixtiyari, uca səslə dillənir:
– Heç bir şey! Yenə də yolumu dəyişirəm. Yolumu dəyişirəm...