Ürəyimi üşütdü qəfil qışa dönməyin - Yeni şeirlər
MANERA.AZ Saqif Qaratorpağın yeni şeirlərini təqdim edir.
* * *
Bu da yol ayrıcı...
Dedin: - Ayrılaq...
Doğmaydıq, bir anda çevrildik yada.
Nə fərqi, nə zaman, necə görüşdük?
Dünən - salam dedik, bu gün - əlvida...
Demək belə olur qəfil gedişlər,
Bir göz qırpımında, nə var, heç olur.
Heyif, çox asanmış bir sözü demək,
Peşiman olanda yaman gec olur.
Bəlkə bu qədərmiş bu eşqin ömrü,
Bəlkə hələ bitmir...təzə başlayır.
Elə ki əllərin əldən üzülür,
Ürəyin bir başqa sözə başlayır.
Udqundun, karıxdın, gözlərin doldu...
Gedirsən, bilmirsən dönərsən haçan?
Bir kövrək körpünü bir söz uçurdu,
Bir sevgi dastanı bitdi çox asan...
Getsən də qəlbinin acısı dinməz,
Sağalmaz bu yara, sağalmaz bu dağ.
Getsən də yadından çıxan deyiləm,
Çətindi... çətindi məni unutmaq.
* * *
Mən sənə inanmışdım, güvənmişdim...çox heyif...
Yenicə susdurmuşdum qəlbimdə bəlkələri.
Nəfəs aldıqca batır ürəyimin başına,
İndi əlinlə sınan ümidin qəlpələri.
Uzanıb gözlərimin altındakı kölgələr,
Çat düşüb üzümdəki təbəssümə dünəndən
Daha bir əl də yoxdu, yıxılanda tutmağa,
Daha umub - küsmərəm nə kimsədən, nə səndən.
Ürəyimi üşütdü qəfil qışa dönməyin,
Göz yaşalarım əritməz sözlərinin buzunu.
Elə susub içimdə o sevdiyin bayatı,
Havalanıb oxumaz “bu dərənin uzunu”.
Gör neçə qəm gizlənib üzümdəki qırışda,
Ürəyimdən nəm çəkən hər misradan su damır...
İnnən belə gözlərim hər sevincə səyriməz,
Getməz dodaqlarımdan bir sevdanın şor tamı.
Bilirsən ki, inadam, yaman olur susmağım,
Gəlib qapı axtarma uçurduğun divarda.
Deyim, xəbərin olsun, bizim küçədə qışdı,
Dönüb yolu azarsan, tapammazsan bu qarda...
* * *
Mən çətin adamam, mənim yanımda
Hünərdi sonacan dözüb dayanmaq.
Bir eşqin oduna səssiz - səmirsiz,
Hər gün korun - korun gizlicə yanmaq...
Mən çətin adamam...yaz havası tək,
Bir anda əhvalım dəyişə bilər.
Ürəyim kəpənək qanadı kimi,
Bircə acı sözdən xal düşə bilər.
Nə olar, aldanma şeirlərimə,
Kövrəlmə kədərli misralarımdan.
Mənim günlərimin baharı ötdü,
Nəfəsin buz tutar qəfil qarımdan.
Məndə sevincin də tamı başqadı,
Sarılma qüssəyə, batma qəmə, gəl!
Dayanma, bilirəm, yolun uzaqdı.
Dərdimi özünə yük eləmə, gəl!
Hələ kül altında gizlənən közəm,
Demə tüstüləyib sönər bu ocaq.
Mən çətin adamam...üzüm dönməsin,
Dönsə, barışmağım müşkül olacaq...
03.03.2024
* * *
Mən unuda bilmirəm başıma gələnləri,
Ürəyim unudulmuş xatirə qəbristanı.
Yaddaşımdan boylanır aynəbədli bir daş ev,
Bir də hələ bitməyən bir sevdanın dastanı...
Xəzəl olmuş ömrümün illər sarı yarpağı,
Öz əlimlə qoparıb göz yaşımda axıtdım.
Ha dolandım, ha gəzdim yaxın, uzaq yolları,
Tüstüsü burum - burum bir ocağa qayıtdım.
Ürəyimi üşüdür o apreldə yağan qar,
Çiçəyini don vurmuş qoca ərik ağacı...
Səfil küçə ititək qapımızdan qovmuşduq,
Tutub qar topasına biz onda ehtiyacı.
Qarı deşib çıxmışdı novruzgülü eşqimiz,
Xəbəri yoxdu hələ ayrılığın qışından.
Üçgünlük ay kimiydi o vaxt uşaq ürəyim,
Beşdaş yığan vaxtımdı küçənizin daşından.
Güzgülənir gözümdə indi neçə xatirə,
Gölgə kimi izləyir məni hayana qaçsam.
Bəlkə elə yuxudu bir ömür gördüklərim,
Bəlkə elə nağıldı...bitməz bir qış danışsam...
* * *
Sən gələndə gec olacaq, yaman gec...
Görəcəksən, qar basıbdı yolları.
Bağlayıbdı bizə gedən cığırı
Topa-topa böyürtkən kolları.
Soruşarsan, çoxu deyər bilmirəm,
Biri dəyər, keçən payız görmüşəm.
Bir dəli də gülə-gülə söyləyər:
- Dünən yolda ona salam vermişəm...
Pəncərəmdə hörümcəklər tor qurub,
Bağlı qapım susub elə haçandan.
Biri deyər, köçüb gedib deyəsən,
Neçə vaxtdı çörək almır dükandan.
Neçə aydı bəlkə yanır beləcə,
Söndürən yox eyvandakı lampanı.
“İndi gələr, qoy bir az da gözləyim,
Hələ məni yanıltmayıb gümanım.”
Axşam düşər, gediş-gəliş kəsilər,
Axşam düşər, başın üstə ay doğar.
Əl-ayağın buza dönər soyuqdan,
Buz bağlayan kipriklərin yumular...
Ağ nərgizlər çiçək açar yuxunda...
Ya yatmısan, ya da elə donmusan...
Bir doğma səs səni qəfil ayıldar:
- Gedək evə, burda niyə durmusan?!
Tural Adışirinin təqdimatında..