Ürəyin qübarı nə yaman olur - Sevinc Məmmədovanın şeirləri

Manera.az şair, jurnalist Sevinc Məmmədovanın şeirlərini təqdim edir:
GET
Gedəcəksən, getmə desəm, nə fərqi,
Son ümidi bir gümana çaxıb get.
Yığ ardınca mənə gələn yolları...
Dön, qoyduğun “viranəyə” baxıb get...
Get, ardınca günahların boylansın,
Son gecəmdən son ulduz tək axıb get.
Əyilməyən, alçalmayan eşqimi,
Gözlərinə eynək kimi taxıb get.
Ümidini təpər eylə dizinə,
Bu yollarda qürurunu yıxıb, get.
Güc eyləyib xatirəmi özünə,
Yaşla dolu gözlərini sıxıb, get.
Mən bu eşqi ləyaqətlə yaşadım,
Sən də elə ləyaqətlə çıxıb get.
Addımların çəkməsə də “yükünü”,
Ürəyimi yandırıb get, yaxıb get.
SÜKUTUN SƏSİ
Rəva görmədiyin baharın qışı,
Keçib getmədiyin yolun, izinəm.
Bəxtinə zamansız yazılan yazı,
Susub danışmayan dilin, sözünəm...
Ürəyin qübarı nə yaman olur,
Nə yaman göynəyir hər axşam, səhər,
Susub qızıl olmaq bir şey deyilmiş
Susub yelə verdik bir ömrü hədər.
Dünyanı günahkar tutdum bu səsə -
Duman da günahkar, çən də günahkar,
Ay canım, olmazdı bu qədər susmaq
Bu eşqi yaşadım mən də günahkar…
Sənin sükutuna bələndi ömrüm,
Kökləndi nəğmələr bu sükut üstə.
Nağıllar uydurdum, şeirlər yazdım,
Yuxular toxudum bu sükut səsdə.
Dünyanın ən böyük sevgisi olar,
Bir ömrün bitməyən nəğməsi, sözü!
Mənə yaşanmamış ömür borcludur
Səni yaşatdığım sükutun səsi...
BİR ZAMAN MƏNİM DƏ BİR EVİM VARDI
Bir zaman mənim də bir evim vardı...
Arzuyla doluydu bağçası, bağı.
Düzüb bəzəmişdim xəyallarımla,
Günəşə baxırdı qonaq otağı.
Ay, ulduz qonardı pəncərəsinə,
Gecələr sevgiylə aşıb-daşardı,
Diləklər döyərdi hər gün qapısın,
Bu evdə arzular qoşalaşardı.
Bir zaman mənim də bir evim vardı.
Sərsəri küləklər tapmazdı yolun,
Kandarı gül-çiçək açardı hər gün,
Fələk qurmamışdı hələ min oyun.
Hələ də bilmirdim zalım dünyanın,
Zər daşı altında əqrəblər yatır.
Bəzən ən səmimi, saf arzular da,
Ünvanın səhv salıb günaha batır.
Mən hardan biləydim illər ötəcək,
Dönüb bu xoşbəxtlik xəyal olacaq.
Dönəcək ün yetməz xatirələrə,
Yolunda, izində mamır bitəcək.
Bağçasın xar basdı, yellər taladı,
Bir zaman mənim də bir evim vardı…
MƏN ELƏ BİLİRDİM
Mən elə bilirdim, nağıllar gerçək,
Şirin yuxular da doğru olurmuş.
Demə, doğmaları alırmış bizdən,
Vaxt, zaman ən qəddar oğru olurmuş…
Asıb kürəyimdən məktəb çantamı,
Guya ki, hər səhər dərsə gedərdim,
Dırmaşıb çıxardım tut ağacına,
Nənəmdən gizlicə fürsət edərdim.
Doyunca yeyərdim bal kimi tutdan,
Mənə hər şey belə şirin gələrdi.
Nənəm əl qatardı görcək özünə:
"Bu qız heç bilmirəm sərçədir, nədi?"
Ən uca budağa qonardım quş tək,
İlişib durardım nazik şivlərə.
Eynimə gəlməzdi enmək qorxusu,
Meydan oxuyardım “yatmış divlərə”...
Qoymazdım budasın budaqlarını,
Dayımı yorardım suallarımla.
Söhbətə tutardım, üzü gülərdi,
Dum-duru, körpəcə xəyallarımla.
Ocaq çatılanda şax-şulax ilə,
Çörəkdən, yuxadan küsüb durardım,
Oxşayıb könlümü alardı nənəm,
Qısılıb böyrünə boyun burardım.
Quşlara yetərdim hər səhər tezdən,
Nadinc sərçələri xoşlardım yaman.
Nənəm hay-küy salıb hey deyinərdi,
Düyü bankasını boş görən zaman...
Min xəyal qurardım bağ-bağçamızla,
Güllərlə açardı arzu-muradım.
Xallı kəpənəyin düşüb izinə,
Əzməyə qorxardım incə qanadın.
Alıb qanadına uçurdu illər,
Nənəli, babalı günlər ötüşdü.
Eh, bitdi nağılı bu qızcığazın,
Göylərdən payına üç alma düşdü…
ÜRƏK HƏSRƏTİNƏ DAYANMIR DAHA...
Başımı qatmağa nə vardı bir vaxt,
Dilim dəyməmişdi dilinə sənin...
Əllərin əlimi oxşamamışdı,
Gözü dolmamışdı dumanın, çənin...
Başımı qatmağa nə vardı bir vaxt,
Bala batmamışdı eşqin dodağı...
Lalə tək qızarıb allanmamışdı,
Sığaldan utanıb çiçək yanağı.
Bir sevgi yaşadıq göylər tək təmiz,
Sonu tuş gəlməyə günaha, aha...
Başımı qatmağa nə vardı bir vaxt,
Ürək həsrətinə dayanmır daha.
XATİRƏLƏR BİR ÖMÜRDÜR...
Yenə bir axşamın şəri qarışır,
Gecə bardaş qurur köhnə taxtına,
Gəzib yorğun düşür göylərdə səhər,
Çatır sevdalılar vüsal vaxtına...
Köz düşür göylərin ulduz payından,
Gözümdə ocaqlar çatılır yenə,
Gündüzlər sınmayan məğrur qürurum
Gecə xatirənə satılır yenə...
Adınla bir nağıl başlayır göylər,
Yorğun xəyalımı qovur sübhədək.
Son ulduz sönüncə çəkib aparır,
Zaman ötüşdükcə üzülür ürək.
Sevincim, kədərim qarışıq düşüb,
Gerçəyim, nağılım – var olan nədir?
Bəlkə xatirələr elə ömürdür,
Bəlkə ömür özü bir xatirədir...
SƏNİN ŞEİRİN...
Nə vaxtdı gəzirəm başı havalı,
Gülöyşə gül açıb könlüm nar gəzir.
İz salıb ömürümün bağına payız,
Amma dəli könlüm ilk bahar gəzir...
Düşmüşəm yenə də səndən aralı,
Könlüm nalan gəzir aranı, dağı.
Bir sevən olmasın eşqdən yaralı,
Bu sevən ürəyim bəxtiyar gəzir.
Ətrini, rəngini dəyişib güllər,
Unudub yenə də çəmən mehrini.
Bağın cəh-cəh vuran bülbülü susub,
Verməz bir naşıya, yada sirrini…
Uzanıb getdikcə bu intizarın,
Vaxt, zaman nə yaman bağrımı dəlir,
Son görüş yerimiz çəkib əlindən,
Hər gün xəyalımla görüşə gəlir…
DARIXMAĞIN ŞEİRİ
Sənin ad günün idi,
göylər günəşli, aydın,
Məndən erkən qalxmışdı
yeyin qolum, qanadım...
Bu qədər sevməmişdi,
saçlarım sığalını,
Nə güllərim şövqünü,
nə gecəm nağılını...
Gözlərinin rənginə,
bələmişdim hər yanı,
Qoxunu səpələyib
bürümüşdüm dünyanı...
Bir köynəyə bükmüşdüm,
sənə olan sevgimi,
Boynuna bənd arzular
bahar kimi, yaz kimi...
Payız - nəğməsi idi,
yollar dostu, simsarı,
Xoşbəxt idi əllərim,
uçurdu sənə sarı...
SEVMƏ MƏNİ
Sevmə məni bunca daha,
Qoy yaşayım özüm üçün.
Sənə qaçan yollarımı,
Qoy qatlayım dizim üçün...
Gözüm gözündən aralı,
Sözlərim küsüb dayansın.
Zənglər, görüşlər, məktublar,
Zamanı üzüb dayansın...
Ara verib sevgimizə
Bir də çəkək, gəl sınağa.
Aldatmayaq bu sevdanı
Aləm çəkməsin qınağa...
Təqdim etdi: Tural Adışirin