manera.az
manera.az

Sən mürgülü sevgimi, yuxusundan oyatdın - Şeirlər

Sən mürgülü sevgimi, yuxusundan oyatdın - Şeirlər
MANERA.AZ Bəhmən Cabbaroğlunun şeirlərini təqdim edir.

* * *
Yağır doğum günümə,
fevral, yenə qar yağır.
Qalıb qarın altında,
ömrümə gedən cığır.

Göy üzü ağ çiçəkli,
xəyallar qış yuxulu.
qar üstə Mələk izi,
həyat Cənnət qoxulu.

Sönür bəyaz ümidlər,
ağ dənəciklər kimi.
Çox qorxulu nağıldır,
qışın, qışa hökümü.

Fevral, Yenə qar yağır,
qəlbimdə şaxtası var.
Ömrün o başı bahar,
bu başına yağır qar


* * *
Bir sevgi yaşadırsan,
göz yaşları içində.
Sevinirəm sən gəlib,
xəyalımdan keçəndə.

İndi başqa bir qəlbə,
nur saçan çıl-çırağsan.
Sən ürəyimdə gizli,
sirr kimi qalacaqsan.

Adın dilimdə susur,
baxışım baxışında.
Hüsnünün gözəlliyi,
lillənir göz yaşında.

Hamıdan gizli sevgi,
göz yaşları içində
Ruhumda köçüb gedib,
Xəyalların köçündə.

Hardan gəldin ömrümə,
ox tək könlümə batdın.
Sən mürgülü sevgimi,
yuxusundan oyatdın.


* * *
Soruşma ünvanımı,
Vətəndə axtar məni.
Şəhidlə bir zirvədə,
üşüdür vüqar məni.

Başımın üstə qürur,
qəlbimdə köç hüzünü.
Yağışlar yuyub sərir,
payızın boz üzünü.

Süpürür əsən külək,
yayın son izlərini.
Üşüdür xəyalımda,
qızınan sözlərimi.

Günəşin şəfəqləri,
zirvələr üstə yatır,
Üzlərdə köç nisgili,
Qəlblərə ocaq çatır.

Zaman dərir nəfəsin,
sükut yağır havadan.
Kim salıb köç həvəsin,
çop köçür boş yuvadan.

Sovrulur göyə günlər,
varlıq yox olub gedir
Kim geri qayıdacaq?
Kim əbədi köç edir.


* * *
Neçə bahar, neçə yay,
neçə payız qış oldu?

Dünənki xoşbəxt günlər,
bu günkü keçmiş oldu.

Kədərləndik, sevindik,
gözümüzdə yaş oldu.

Ömür yaşamadıq ki,
həyatla savaş oldu.

Sevdiyin əzizlərin,
gül qoyduğun daş oldu.

Eh neçə yaşadıqsa,
sonda hər şey kaş oldu.

Ölüm tapmazdı səni,
bəhanələr tuş oldu.


* * *
Söylədiyin hər sözün,
qayğısı var, nazı var.
Söz də övlad kimidir,
oğlanı var, qızı var.

Söz ruhunun aynası,
varlığıdır özünsən.
Dilinin açarıdır,
kəşf etdiyin sözünsən.

Xoş sözlərlə yuyulur,
dərdin üzgün baxışı.
Xoş sözlərlə duyulur,
üzdə sevgi naxışı.

Söz dildə alovlanar,
könüllərə od saçır.
Sözünün sahibi ol,
Söz də ağızdan qaçır.

Məhəbbət qarşısında,
zərifləşər, incilər.
Söz ana laylasıdır,
bəşər yatar dincələr.

Söz tarix salnaməsi,
zamanların sorağı.
Zirvələrdə hayqıran,
Azadlığın bayrağı.

Sən olmayan bu şəhərdə

Sənin ayaq izlərin var,
Mən gəzdiyim küçələrdə.
Hicran qonur pəncərəmə,
Sən olmayan gecələrdə.

Gecələrin gözü yaşlı,
Gündüzlərin üzü payız.
Ömrümün ağ zirvəsindən
Hara getdin ağsaçlı qız?

Dönüb üzüm haqqa tərəf,
Gəlirəm yolun sonudur.
Bəyazdır yer,günəş üfüq,
Geydiyim Tanrı donudur.

Mənə baxan gözlərin var,
Mən gəzdiyim küçələrdə.
Küçələrdən utanıram,
Sən olmayan bu şəhərdə.

Quba

Tural Adışirinin təqdimatında..


Baxış sayı - 622 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930