manera.az
manera.az

Musa Yaqub: Qar yağır tərtəmiz, güldən də təmiz

📅 09.01.2023 07:33

Musa Yaqub: Qar yağır tərtəmiz, güldən də təmiz
MANERA.AZ Xalq şairi Musa Yaqubun qar mövzulu şeirlərini təqdim edir:

***
Ulduz tək üstümə səpələn ey qar,
Geyindir əynimə ağappaq donu
Sənin ki bu qədər təmizliyin var,
Bağışlamaq olar soyuqluğunu,
Ulduz tək üstümə səpələn, ey qar.
Belə təmizlikdə isinmək olar...

Bu qar

Bu qar yaman tutdu soyuq vaxtımı
Nə tez üst-başımı qara bələdi.
Soyuqluq belədi,
Soyuq belədi…
Bir sevgi istisi könlümə dolmaz,
Elə bil baxışım soyuq bir almaz,
Elə bil nəfəsim,
Həvəsim soyuq,
Elə bil çəmənəm qırovlanmışam,
Bir çox hisslərimi cilovlamışam,
Nə bilim, bəlkə də yorğunam bir az…

Bu qar yaman tutdu soyuq vaxtımı -
Tərtəmiz, gül kimi, güldən də təmiz,
Yağır aram-aram soyuğa həris.
Uzaqda üfüqdə qaşlar ağarır,
Əvvəl soyuq-soyuq daşlar ağarır.

Ağarır sahibsiz bir evin damı,
Qarı göydə udur sobalı damlar.
Buğlanır çinarın çılpaq əndamı,
Mamırlı budağın üstü gümüş qar.

O qızın yanağı dönübdür oda,
Qar od kirpiyinə ilişə bilmir.
Hardasa bir kəklik yuvasına da
Hələlik bu soyuq girişə bilmir.

Köhnə bir sobanın yanıq kərpici
Hasarın dibində qaralır hələ.
O qızıl külçəsi olsaydı əgər,
Onu qar tutardı qalmazdı belə.

Qoşa keçənlərin izi buğlanar,
Qarın nə hünəri yağsın o izə.
Bəlkə də dünyada qar adamı var,
Soyuqdular deyə çıxmırlar üzə...

Qar yağır tərtəmiz,
Güldən də təmiz,
Yağır aram-aram soyuğa həris.
Bu torpaq nə zaman günəşdən doyub?..
Köhnə ocaq yeri diksinir qəfil.
Könlümdə bir qərib ümid soyuyub
Qar onun üstünə yağır elə bil...

Bu qar yaman tutdu soyuq vaxtımı…
Yağır aram-aram qar, birəm-birəm,
Bir çox duyğulardan yoxdu gərəyim.
İlk dəfə…
Bilmirəm…
Nəsə bilmirəm,
Bu gün soyuqluqdan qorxdu ürəyim...

Musa Yaqub: Qar yağır tərtəmiz, güldən də təmiz

Buynuza qar yağır

Nəhəng ağ xəyaldır Babadağ baxır,
Buynuza qar yağır
Kef içindəyəm.
Bağlı cığırlarda izim darıxır,
Məxfi sənəd kimi seyf içindəyəm.

Ayazı, şaxtası heç sona yetmir,
Buynuza qar yağır,
Könlümə həm də –
Soyuq tənhalıqla heç yola getmir,
Gizli bir gizilti gəzir sinəmdə.

Buynuza qar yağır uyutsun məni,
Yəni dost unudan bivəfalardan
Yağır ki, biryolluq soyutsun məni
Göylərdən sirr dolu bir aləm yağır,
Bu yağan ruhdumu, yoxsa qəm yağır?..
Varmı göylərdə də ölən, doğulan,
Eh, dünya sirrini harda saxlamır?..

Açılmaz düyünüm bir kələfdəyəm,
Buynuza qar yağır,
yaman kefdəyəm -
Barmek tələsməsin,
var, işığım var,
Hələ işlətməyə qar işığım var.
Buynuza qar yağır,
hey aram-aram -
Mən varam… varam… varam…

Bir qış mənzərəsi..

Ormanda bax qırova,
Bəyaz budaqlar yuxuda…
Ağ duman, büllur hava,
Qalaylı dağlar yuxuda.
Qış özü bəndə salıb,
Çayları saxlar yuxuda.

Hər ağac qu quşudur,
Hər budağı gümüş qanad.
Sarmaşıq kəmərdimi,
Üstü dolu gümüş manat.
O büllur qəndilə bax,
Civələnir saat-saat.
Quzeydə mürgü döyür
O çılçıraqlar yuxuda.

Sərsəri yüngül duman,
Əlcim-əlcim, bəyaz-bəyaz.
Bəlkə də duman deyil,
Nəfəs alır şaxta, ayaz.
Bir güney zər şüanı
Aldı qəfil, güldü bir az,
Sanki əmzikdi əmir
Körpə dodaqlar yuxuda.

Təpələr qalay-qalay
İşıldadır başlarını.
Cığırlar ağ yazıdır,
Gəl oxu yaddaşlarını.
Su gəlib damcı döyüb
Aynaladıb daşlarını,
Qışın şəlalə qızları
Zülfü daraqlar yuxuda.

Tural Adışirinin təqdimatında


Baxış sayı - 5 252 | Yüklənmə tarixi: 09.01.2023 07:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031