manera.az
manera.az

Ramiz Qusarçaylı - Qarlı sətirlər

Ramiz Qusarçaylı - Qarlı sətirlər
Ramiz Qusarçaylının şeirləri...

Qarlı sətirlər

Ağ yaza oxşayır qışın gəlişi,
Ağaclar bu səhər ağ yarpaqlayır.
Baxıram,
baxışım qara ilişir,
Dönürəm, gözümü işıq bağlayır.

Zirvələr əl çəkir bulud saçına,
Dağılır üzünə naz çiçəkləri.
Şəlalə çevrilir qar ağacına
Asılır qayadan buz çiçəkləri.

Açılır göylərin şimşək sapandı,
Ayı hikkəsindən qarı kötəklər.
Qalıb qar altında
meşəçi andı,-
Qalıb qar altında qara kötüklər...

Göyərməz göy çənə
göyəm kolu da,
Qar dolu hər yuva ağ cama bənzər.
Qırov qırmalayar qırqovulu da,
Çırpar qanadından Günəşi zər-zər.

Qovur sahilindən çayın soyuğu,
Lilparda lillənən quşun səsini.
Dinləyə bilmirəm qaratoyuğu
Sağsağan qaçırır zənguləsini.

Ağ yuxu içində itir bulaqlar,
İndi də sözünü ağ sükut deyir;
-Çıxdınız dumandan, çəndən, a dağlar,-
Qışınız mübarək, qarınız xeyir!
2000

Qar

Yağır, yaman yağır Qubanın qarı,
Yenə Təngə qardı,
Afurca qardı.
Üzür dağ kəndini qışın qübarı
Tox toxa söylənir, ac aca, - qardı.

Qar qovur küləyi o dağ, bu dağda,
Sovrulur, səslənir dərə tabaqda,
Beləcə yağırdı min il qabaq da
Bu qar köhnə qardı,
çox qoca qardı...

Zirvədən asılıb soyuyur bulud,
Unut soyuqluğu buludum, unut...
Bir evdə od yanır,
bir evdə sükut
Bir baca tüstüdü,
bir baca qardı.

Qar düşüb ovçunun tələsinə də,
Qar qonub tüfəngin lüləsinə də,
Qar yağır gecənin şöləsinə də
Bu qar sirli qardı, tapmaca qardı.

Boyundan boy verir boyların üstə,
Oynayır sıldırım layların üstə,
Uzanıb ən uzun çayların üstə,-
Adına gəlincə,- bir heca, Qardı...

MANERA.AZ


Baxış sayı - 766 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930