manera.az
manera.az

Tofiq Nurəli - Darıxan nəğmələr

Tofiq Nurəli - Darıxan nəğmələr
MANERA.AZ Tofiq Nurəlinin şeirlərini təqdim edir.

Darıxan bir nəğmə...

Hərdən unuduram öz kimliyimi,
Naməlum bir xəbər sıxır canımı.
Çökür ürəyimə dumanın xıltı,
Gizlədə bilmirəm həyəcanımı.

Küləklər oynadan bir lələk kimi
Vurnuxdum taleyin havalarında...
Çox şeyi unutdum mən ki, çox şeyi—
Qaldılar ömrümün haralarında!?.

Ey xoş xəyallarım, əlvida sizə,
Mən dönə bilmərəm sevgi yaşına...
...Hərdənbir hönkürmək istəyirəm mən
Söykəyib alnımı bir başdaşına...

Darıxan bir nəğmə...

QAMIŞLIQ

Dan yeli xışıltıyla
Qamışlığı oyadır...
...(Hər qamışın bətnində
Bir balaban boy atır...).

Xışıldayır qamışlıq
Həzin və cod səsiylə,
Yırğalanır qamışlıq
Səhərin həvəsiylə...

Birdən kimsə ney çalır,
Çökür sükut haləsi...
Ağladır qamışlığı
Balabanın naləsi...

,,,(Dağıtdı qamışlığı
Qarlı küləyi qışın)...
Səsindən tanıdılar
Doğranmış o qamışı...

Darıxan bir nəğmə...

PAYIZDAN DA SARI PAYIZ

Payızdan da sarı bir qız..,
Payızdan da sarı bir söz..,
Payızdan da sarı bir səs..,
Payızdan da sarı qəhər...

Payızdan da sarı hava..,
Payızdan da sarı heyva..,
Payızdan da sarı eyvan..,
Payızdan da sarı qəmər...

Payızdan da sarı yağmış
Payızdan da sarı yağış..,
Payızdan da sarı baxmış
Payızdan da sarı kəhər...

Payızdan da sarı təklik..,
Payızdan da sarı kilid...
Payızdan da sarı.., çilik
Payızdan da sarı qatar...

Payızdan da sarı yalvar...
Payızdan da sarı yol var...
Payızdan da sarı yollar..,
Payızdan da sarı xəbər...

Payızdan da sarı bulaq..,
Payızdan da sarı budaq...
Payızdan da sarı soraq
Payızdan da sarı xəzəl...

Payızdan da sarı həvə--
Payızdan da sarı dəvə...
Payızdan da sarı ləpə --
Payızdan da sarı Xəzər...

Payızdan da sarı payız,
Payızdan da sarı saysız...
Payızdan da sarı.., paysız
Payızdan da sarı şəhər...

Darıxan bir nəğmə..

PAYIZ GÜLLƏRİ

Saralıb - soluxmuş çəmən içində
Uzaqdan görününür bir dəstə çiçək...
Necə də ümidli, təzə-tərdilər –
Elə bilirlər ki, bahar gələcək...

Elə bilirlər ki, ömür qarşıda..,
Bitib-tükənməyən səadət, fərəh...
Payız günəşiylə heç qızınmamış
Duman basıb gedir hər yanı fəqət...

...Əzablar içində solacaq onlar..,
Heç nə anlamadan, heç nə bilmədən...
Bu ağ saçlarımla ömrün düzündə
Payız çiçəyinə bənzəyirəm mən...

Həyat dumanlarda ötdü beləcə,
Soldu bircə-bircə ömrün günləri...
...Bürüyüb dörd yanı kədərli duman,
Dumanın altında payız gülləri...
5.08.97

Darıxan bir nəğmə

Bəlkə yuxuda da əsir əllərim,
Ağarıb saçlarım ağdan o yana.
Çox-çox uzaqlarda çaxmaqlar çaxır,
Durub dörd göz ilə baxıram ona.

Ürəyim bu qədər tövşüyür nədən..,
O neyçün tələsir, qaçır bu qədər?!,
Elə bil uşaqdı, lap körpə uşaq
Qaçır anasına çatsın birtəhər...

Qabda durulantək bulanlıq sular
Ömürdən min kədər çökdü içimə...
Ulduzlu göylərə baxıram hərdən..,
Deyirlər incimə, vallah incimə...

...Məni çox kövrəldir hər vaxt, hər zaman
Ömrün o başından boylanan uşaq;
O dinmir, gözləri sualla dolu—
Sən məni nə günə qoydun, ey qoca?..
26.08.23

Darıxan bir nəğmə..

Ah, qarlı düzənlər, lap sizin kimi
Nə vaxtsa təmizdi mənimdə qəlbim.
Mənim soyuqluğum yoxuydu ancaq,
Bəs niyə beləyəm indi, nə bilim...

Başsız küləklərə bənzədi ömrüm,
Bilmədim nə zaman çapıb getdilər,
Məni, yel qanadlı köhlən illərim
Qüssələr içinə atıb getdilər...

Arxada qaldıqca dost bildiklərim
Arxadan nə qədər daş atdı mənə.
Çoxuna səadət gətirən sevgi
Nədənsə, tənhalıq bəxş etdi mənə.

Dünyanın nə qədər işləri varmış...
İçimi yandırdı bu göz yaşları.
... Mənim qəbristandır çox sevdiyim yer,
Mənim sirdaşımdı məzar daşları...

Nə idi mənası axı bu ömrün,
Harda büdrədimsə, dedim düzələr...
... Bahar gözləyirdi mənim də könlüm
Ah , qarlı düzənlər, qarlı düzənlər...

Darıxan bir nəğmə...

Deyəsən Yer bərk fırlanır—
Macal yox baş qaşımağa.
Hər şeyə vaxt çatdı, amma
Vaxt çatmadı yaşamağa.

...Gözümə on beş görünür—
Hərdən sanki qara basır.
Ara vermir ki, yağışlar..,
Yaman tez-tez qara basır...

Görmədik ki, ömür nədir..,
Hər şeyi görərik indi;
Biz doyunca yaşamadıq,
Doyunca ölərik indi...

...Hər bir şey solacaq, eyy dost,
Hərr şeyin izi itəcək—
Amma nə söz qurtaracaq,
Nə də son nəğmə bitəcək!..
14.01.23

Tural Adışirinin təqdimatında..

Tofiq Nurəli - Darıxan nəğmələrБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728