manera.az
manera.az

İqlim də sevgilər kimi dəyişir - Xuraman Hüseynin şeirləri

İqlim də sevgilər kimi dəyişir - Xuraman Hüseynin şeirləri
MANERA.AZ Xuraman Hüseynin şeirlərini təqdim edir:

Qar

Qar yağır həyata, qar yağır bu gün,
Qar yağır əzablar, dərdlər üstünə.
Qara taleləri bəzəmək üçün
Göylərdən gözəllik ələnir yenə.

Örtülür yarası qəmin, kədərin,
Yorğun ömrümüzə bəhrə, bar yağır.
Dönür yorğanına xatirələrin,
Qar yağır həyata, bəyaz qar yağır.

Yenə şam ağacı bürünüb qara
Ömür dünyamızda şənlik edəcək.
Deyə bilərikmi heç arzulara
Bu il də ömürdən, gündən gedəcək?!

Həyat yolumuzda dönəcək buza,
Əriyib torpağın payı olacaq.
Daha nə qaldı ki, al-əlvan yaza?
Qışlar yadımızda qarla qalacaq.

Kağız kəpənəklər

Həmin gün
qara-qara buludlarla naxışlanırdı
göy üzünün yaxası

külək
yağan qarı
duz kimi çevirirdi Bakının başına...
Metro qarşısında limon satan qadının
yırtıq ayaqqabılarından ayağına dolurdu qar
açıq qapıdan evə girən oğru kimi.
Üzünün, əllərinin qırışlarına toxunurdu əvvəlcə,
sonra ürəyinin sarı siminə.
Ayaqları donan qadının
ürəyi yanğın yeriydi.

Qar yağırdı həmin gün...
İşıqpulu, supulu borclarımızın yazıldığı kağızları
külək

qapıya sancıldığı yerdən çıxarıb
uçururdu havada
kəpənək kimi...
Kağız kəpənəklər
qar dənələrinə qarışırdı...
Qəzada yaralanıb sarğı otağından çıxmış
adamlara bənzəyirdi
gövdəsi, budaqları qarla sarılmış çılpaq ağaclar.

Təkcə uşaqlar sevinirdi qışa
soyuğu almadan veclərinə
çıxarırdılar qarın dadını
şaxtayla əlbəyaxa olmuş qadına heyrətlə baxaraq...

İsti evlərinə tələsən adamların
xəbəri yox idi ancaq
soyuqdan betər
limonların işığı üşüdür
metro qarşısında
müştəri səsləyən qadını...

Dünyadan başqa...

İqlim dəyişir,
günəş əsirgəmir səxavətini
qarlı, şaxtalı qışdan,
göstərir adamlara
onlardan güclü olduğunu.
Soyuq evdə yalnızlığına sığınan,
xəyal qatarı ilə
uzaq ümid aləminə gedənlər var.

Kor talehin eynəyinin şüşəsindən
həyatın tozunu silib
xatirə dəftərini oxuyurlar,
yaşayırlar istədiklərinə uzaqdan
baxa-baxa,
itirdikləri zamandan ötrü
darıxa-darıxa.

Ömür tilovu ilə
yayda qışı tutub çəkirlər,
qışda da yayı.
Günləri sayırlar
kredit borcları kimi.
Yay da gələcək, günəş doğacaq,
işıqpulu, qazpulu dərdini
qışdakı kimi çəkməyəcəklər.

Sonra yenə qış gələcək
və üzlərində bir qırış da artacaq,
qara tellərinin biri də ağaracaq,
düşmək üçün bir yorğun dişləri də
ağrıyacaq, tərk etmək istəyəcək
yorğun damaqlarını
sevdikləri
onları tərk edən kimi.

İqlim də sevgilər kimi
dəyişir.
Yenilik istəyəndə,
darıxmaqdan yorulanda
adamlar da dəyişir.
Nə varsa,
dəyişsin, eybi,yox,
dünyadan başqa...

Qış gözəli

Güllərin, çiçəklərin mövsümü bitər
və sən gözəlliyinlə, zərifliyinlə, rayihənlə
soyuq qışa qalib gəlib
həyatımızı,
həyətimizi bəzəyirsən...
Şaxtada, soyuq qar altında üşümədən
gözəlliyinlə özünə məftun edirsən
səni görənləri, ətrini ürəyinə çəkənləri...
Bu, nə gözəllik,
nə ətirdi belə?
Təbiətin qış gözəli,
ağ gəlinliyinlə
qışda meydan oxuyursan gözəllərə,
dümağ qara.
Gözəl nərgiz,
Heç kim səni yayda da unutmaz.
Sən hara,
unudulmaq hara?

Yağış gecikən kimi

Bir-birimizə gecikdik
yarpaqları saralan
budaqları quruyan ağaca
yağış gecikən kimi…
Göy üzü bir az tez tutulaydı
buludlar gecikməyəydi
mehriban olmağa...
Birimiz tez çıxaydıq evdən
birimiz gecikəydik.
Təsadüfən rastlaşaydıq
qağayıya dönəydik,
görüşəydik dəniz yurdumuzda.
Zaman bu zaman olmazdı,
illər də bu illər.
Nə sən ruhuna xəyanət edəydin,
nə də mən.
Sevəydik bir-birimizi
qağayılar dənizi,
dəniz qağayıları sevən kimi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI