manera.az
manera.az

Korun-korun yandı xatirələr də - Yeni şeirlər

📅 07.01.2025 10:41

Korun-korun yandı xatirələr də - Yeni şeirlər
MANERA.AZ tanınmış şair Ələsgər Əlioğlunun yeni şeirlərini təqdim edir.

MƏN BU ÇƏRÇİVƏDƏN
KEÇƏ BİLMƏRƏM...


Seçilmir nə eni, nə də uzunu,
Zaman da əridə bilmir buzunu...
Görürsən ki, ağ da qara yozulur,
Mən bu çərçivədən keçə bilmərəm.

Kimlərsə mənliyə qıyıb keçirlər,
Qüruru bayırda qoyub keçirlər...
Elə qoyun gəlib, qoyun keçirlər,
Mən bu çərçivədən keçə bilmərəm.

Qapısından keçən əyilməlidir,
Özü də qar kimi əriməlidir,
Ölçüb addım-addım yeriməlidir...
Mən bu çərçivədən keçə bilmərəm.

Yaltaqlıqdan möhkəm məngənəsi var,
(Qulluğunda neçə it gənəsi var!..)
Durub təzim etmək ənənəsi var,
Mən bu çərçivədən keçə bilmərəm.

Min işarə gələr arxadan, öndən,
(Qorxaram aralı düşəm özümdən!)
Keçərəm ömürdən, keçərəm gündən,
Mən bu çərçivədən keçə bilmərəm!..
16.01.2025

NİL EYLƏYƏRLƏR
(Qoşmasayağı)

Verməz yaxasını bu dünya ələ,
Ömrümü-günümü salar get-gələ...
Dilə gətirməmiş haqqı mən hələ,
Vurub ağzımdaca şil eyləyərlər.

Dinlə sən ay atam, dinlə gəl məni,
Zamanın əlindən çıxıb yelkəni...
Nadanın dediyi hər bir kəlməni,
Bazara çıxarıb ləl eyləyərlər

Hər yetirən kəsdə durum tapılmaz,
Gədələrlə haqqa köhlən çapılmaz...
Meydanda ayağın büdrəsə bir az,
Böyüdə-böyüdə fil eyləyərlər.

Əlioğlu, uzun gedirsən axı,
Ağız itiləmir dövranın çarxı
Düzlüyə külünglə çəkdiyin arxı,
Böhtanla uzadıb Nil eyləyərlər.
14.01.2025

HƏLƏ DƏ...

Baş-başa verdikcə qəm də, qəhər də,
Bizim aramızdan çəkdi çəpər də...
Korun-korun yandı xatirələr də,
İllərlə beynimdən çıxdı tüstüsü...

Xəyalım qarışa-qarışa qaldı,
Çəmənliyim qarğı-qamışa qaldı...
Hər sözün qırışa-qırışa qaldı,
Daha yaddaşımdan getdi ütüsü...

Özümü yollarda havayı yordum,
Özgənin sözüylə oturdun, durdun...
Eşqimi göylərdən sən yerə vurdun,
Hələ də tapılmır "qara" qutusu...
10.01.2025

MANERA.AZ


Baxış sayı - 260 | Yüklənmə tarixi: 07.01.2025 10:41
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031