manera.az
manera.az

Ömrümü dünyanla de, bağlayımmı? - Yeni şeirlər

📅 29.10.2022 11:54

Ömrümü dünyanla de, bağlayımmı? - Yeni şeirlər
MANERA.AZ Ələddin Əzimlinin yeni şeirlərini təqdim edir:

CAVAB

Üzüldü
səndən əllərim.
Elə bil yüz ildi
tənhayam, təkəm.
Səndən, özümdən xeyli uzağam.
Kim bilir bu uzaq səfərdən
mən nə vaxt qayıdacağam?
Ürəyim açıqdır dərdə, əzaba
torpaq
yağışlara əl açan kimi.
Körpələr
ana kəlməsiylə dil açan kimi.
Ancaq bu qəriblikdə
əvvəlcə qapım,
sonra da qəlbim döyülür.
Bu sənin əlindir,
yoxsa,
yalqız tanrının?
Gör,
nə vaxtdır gəzirəm
ruhuma hakım kəsilən
bu çətin sualın,
sirrin cavabın...

REALLIQ

Nə özümüz,
nə də şeirimiz
qapı aça bilmirik,
sərhədləri aşa bilmirik.
Çətin gəlir bizə hər şey.
İstəyirsən ölçülü-biçili yaz,
ya da ki, bəyaz.
Şeirimizin əlindən tutan yox,
ortaya çıxaran yox,
bir "sabahın xeyir" deyən yox.
Səhərə az qalır,
ürəyində tutduğuna yox.
Nizami Gəncəvinin
oğlu Məhəmmədə dediyi tək:
"Şeirdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da."
Bu bir rəmz, simvol.
Əslində,
dünya şairləri atlı,
biz isə piyada.
Bir diqqət yetirin,
görün haralardan gəlirik,
bəs indi hardayıq,
harda?!.

HƏSRƏT

Hazim Hikmətə

Sən,
Gülhanədəki parkda,
ondan da çox-çox uzaqda
bir yox, min-min
qocaman ceviz ağacı,
göylərin tacı.
Sən,
boranda, qarda,
ya da ki, fərq etməz,
bir ilk baharda
gözləri yollarda
qalan bir insan.
Sən,
qəlb yanğısı,
ağrının rəngi, boyası,
Gözlərin acı röyası,
əli nisgilli ürəyi üstə
Məmləkət, Mehmet həsrətlisi.
Sən,
sərhədsiz,
Hüdudsuz bir dəniz.
Qovuşmuşuq sözünə,
ruhuna, Ustad,
səndən xəbərsiz...

ƏLLƏR

Əllərini ver mənə,
səni
yıxılmaqdan qoruyum.
Dağa-daşa
çırpılmaqdan qoruyum.

Əllərini ver mənə,
səni
tək qalmaqdan qoruyum.
Yalqız qalıb
darıxmaqdan qoruyum.

Əllərini ver mənə,
səni
çətinlikdən qoruyum.
Düz yolundan
çəkilməkdən qoruyum...

Əllərini ver mənə,
səni
burulğandan qoruyum.
Yad gözlərdə
boğulmaqdan qoruyum...

NUR

Yıxılıb gecənin ayaqlarına,
Səni arzulayım, soraqlayımmı?
İllərdir bələdəm etibarına,
Ömrümü dünyanla de, bağlayımmı?

Qaranlıq qarşında çəkilər gerı,
Bürünər nuruna bu kiçik hücrə.
Burda açacayıq, burda səhəri,
Çox həzin, ilahi duyğular içrə.

Sən şirin varlıqsan mələk donunda,
Həmişə, hər zaman mənə gərəksən.
Ay da, ulduzlar da sənin yanından,
Qeyb olar, sən isə görünəcəksən.

...Bilmədim səhəri mən necə açdım,
Qaranlıq yox oldu, şam tək əridi.
Axır ki ruhumla ruhun qovuşdu,
Anladım, həqiqi məhəbbət nədir...

ŞEİRİM

İstəyəndə,
qapımı döyüb salamlayırsan məni, şeirim.
Çox vaxt,
keçirsən içəri, otağıma,
qonaq olursan qəlbımə, şeirim.
Mənimlə qaldığın günlər çox olur,
amma,
hərdən getməyin də var, şeirim.
Bəzən,
kədərli gəlirsən,
məni də qəmləndirirsən, şeirim.
Yığılırsan qəlbimə qat-qat, çin-çin.
Gec gələndə, darıxıram səninçün.
Söylə,
Dediklərini yazımmı,
ürəyimin başından asımmı
həmişəki tək,şeirim?
Bağışla, unuduram tez-tez,
unuduram ki, sən elə ürəksən?
Yenə gəlmisən,
şirin bir söhbətəmi,
məni ziyarətəmi, şeirim?
Gözümün işığı,
qəlbimin hərarəti,
ömrüm, həyatım şeirim...

QƏLƏBƏ

Bir daş
bir quyuya düşəcəksə,
kimsə soydaşının,
dostunun, qardaşının
harayına gecikəcəksə,
onda,
yaşamağa dəyməz.
İnsan adını
daşımağa dəyməz.
Niyə gəlirik dünyaya,
özümüzçün yaşamağamı?
Yoxsa,
ən əvvəl yaxınların,
böyüdükcə, artdıqca
elin, obanın, məmləkətin
gücün çatana qədər
yükünü daşımağamı?
Bu suallar nə vaxtsa
narahat edəcəksə qəlbini,
bax,
onda dadacaqsan həyatın şirinliyini.
Bir insan kimi yaxşılığa əl verib,
pislikdən çəkinib
qəlbən duyacaqsan,
böyük də olsa, kiçik də
həyatın əsl sevincini, sevgisini.
O zaman yaşayacaq, bayram edəcəksən
ömrün ən gözəl qələbəsini...

SEVGİ

Sevsən
qəlbən seviləcəksən.
Sevməsən,
nurun itəcək,
anbaan sönəcəksən.
Solğun çiçəyə,
qurumuş
bir ağaca çevriləcəksən.
nə yaxşı ki sev,
həyatda
sevməli nə varsa.
Yoxsa,
itəcək ləzzəti,
tamı dünyanın.
Bit də ki,
fəhm elə,
anla sevgini –
tanı dünyanı

SƏS

Dərələrdən, düzdən keçdim,
Gecədən, gündüzdən keçdim,
Dəryadan, dənizdən keçdim,
Sözündən keçə bilmədim.

Vaxt oldu yolum bağlandı,
Ayağım, qolum bağlandı,
Dərdim dərya tək çalxandı,
İzindən keçə bilmədim.

Haqqın nuruyla çəkilən,
Ürəyimdədir o şəklin,
Hər an yoluma dikilən,
Gözündən keçə bilmədim.

Haqq demək özümə qaldı,
Ağrilar dözümə qaldı,
Tanrıdan bizə nə qaldı?
Düzündən keçə bilmədim.

Kimsə dedi, tələs, tələs,
Axır oldum qaranəfəs,
Göydən endi qəfil bir səs,
Səsindən keçə bilmədim...

DÜNƏNİN BU GÜNÜ

Buludlu, yağışlı
soyuq bir gecənin sonu.
Ağır-ağır açılan, islanan səhər.
Damcı-damcı diksinib
oyanan küçələr.
İşıqforlarda gözləyən,
harasa tələsən yorğun adamlar,
şütüyən maşınlar.
Göz seçər-seçməz
səkilərə, küçələrə tökülmüş zir-zibili,
soluxmuş yarpaqları,
siqaret kötüklərini təmizləyən işçilər,
hər günkü yerini tutan dilənçilər...
Beləcə,
başlayır dünənin bu günü--
həyatın bulanıq, dolaşıq axarı.
Hər kəs daşımağa çalışır
çiynindəki yükünü...

LABRİNT

Yolum düşdü
yad şəhərdə
bir küçədən bu səhər.
Elə bildim
bizimkidir bu şəhər.
Binalar da,
adamlar da tanışdı.
Az keçmədi
göy gurladı,
hava qəfil qarışdı.
Daldalanmaq istədim.
Gördüm,
heç bir yana yolum yox,
hər tərəfim divardı.
Ayıldım,
məni fikir apardı...

ANA

Dağ qopanda yerindən,
Məkanı torpaq olar.
Vaxt gələr tumurcuqlar,
Gül olar, yarpaq olar.

Yatar daş daşın üstə,
Gələr yaş yaşım üstə,
Sənin baş daşın üstə
Ay gecə çıraq olar.

Ana, baş versə nəsə,
Göy qopsa, yer titrəsə,
Fələk işimi əysə,
Pak ruhun dayaq olar...

AĞ BAYRAQ

Ayım bəlli,
İlim bəlli.
Ömrün çoxu
aldadıcı bir təsəlli.
Gün var həyatımdan uzun--
nə sonu var, nə əvvəli.
Hələ ötüb keçən,
yuxuları ərşə çəkən
gecələri demirəm.
Soluxmuş yarpaqların
budaqdan qopan çağıdır.
Bax, o külək,
bax, o ağac,
bax, o qadın
göz yaşıdır, ağıdır.
Bir də o əlçim bulud
ruhumun işarəsi--
ağappaq bayrağıdır...

YARIMÇIQ YUXULAR

Hər gecə yuxular tabsız sap kimi,
Dolaşır əlimə, ayaqlarıma.
Narahat duyğular döyür qəlbimi,
İnana bilmərəm qulaqlarıma.

Qırılır yuxular-qırılır saplar,
Qərib bir gecənin tənhalığında.
Başlayır qəlbimdə hey çapaçaplar,
Bu qərib gecənin qərib çağında.

Yarımçıq yuxular küçəsindəyəm,
Qulaqlar eşitmir ağız deyəni.
Yarımçıq yuxular kürəsindəyəm,
Yuxular od olub yandırır məni.

Yuxular yarımçıq, sevği yarımçıq,
Yarımçıq nə varsa düşüb payıma.
Həsrət heykəliyəm, ya özün gəl çıx,
Ya da ki, bütöv gir yuxularıma...

YARPAQ ÖLÜMÜ

Ruhu
küləklərə qoşular
vaxtsız ölən yarpağın.
Cəsədi
düşər açılı əllərinə torpağın.
Bir üzü yaşıl,
bir üzü sarı yarpaq
üz qoyar
torpağın əllərinə.
Yaşıl
nəğməsini oxuyar ağac,
əbədi
nurunu çiləyər Günəş.
Nazlanar
budaqlar, yarpaqlar.
Torpağın
soyuq ovcunda üşüyən
bir üzü yaşıl,
bir üzü sarı yarpaq
gözləyər sonunu--
payızın ilk yağışını...

QƏLB EVİ

Canım Vətən, şan-şöhrəti,
El qeyrəti çəkənə ver.
Səbri, dözüb gözləməyi,
Torpağa dən səpənə ver.

Sən əbədi məhəbbəti,
Dəyanəti, sədaqəti,
İgidliyi, cəsarəti,
Düşmən bağrı sökənə ver.

Qeyrət, şərəf, hər vaxt sənsən,
Əsgərləri cəngavərsən!
Gəl üç rəngli bayrağı sən,
Önündə diz çökənə ver.

Haqqı danan düşər oda,
Sirlərini açma yada,
Xoş günləri bu dünyada,
Bir qəlb evi tikənə ver...

Ömrümü dünyanla de, bağlayımmı? - Yeni şeirlər


Baxış sayı - 743 | Yüklənmə tarixi: 29.10.2022 11:54
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930