Ömür ötən qatardı - Yeni şeirlər
MANERA.AZ Tapdıq Yolçunun "Əcəl qapısından məktublar" silsiləsindən yeni şeirlərini təqdim edir:
Ömür ötən qatardı
Mən bir həzin nəğmə idim,
Bircə ağız oxundum.
Ömür ötən qatardı,
Tək yelinə toxundum.
Olammadım sərnişini,
Tutammadım gərdişini.
Anlamadım bir işini,
Çox da ona yaxındım.
Yolçu, yolda gedirdim,
Sarı köynək geyirdim.
Mən bir nəğmə deyirdim,
Demə, çaydım, axındım.
***
Əl vermir əlindən tutam.
Dil vermir, dil deyəm, ötəm.
Ah bu, nə cəzadır, ah, bu, nə sitəm.
Başımdan aşağı yağdırır dünya?
Mən gəlib bu yerdə nələr görmüşəm,
Guya yaşamışam, dövran sürmüşəm.
Qaçaraq ömrümü çapıb yormuşm,
.Nə açıb üzünü, baxdırır dünya.
Yolçu min illərin yollunda gəzir.
Nə doyur doyunca, usanır, bezir.
Ötən qatarları seyr edir süzür,
Dayanımır, yandırır, yaxdırır dünya.
***
Tanrıdan möhlət istədim,
Bilmirəm, verdi, vermədi.
Neçə il görmək istədim,
Bilmirəm, verdi, vermədi?
Bir arzum var - çatım , dedim,
dərd -sərimi atım dedim,
sonra rahat yatım, dedim,
Bilmirəm, verdi, vermədi?
Yolçu yolda, əlamanda,
Işıq gəzir çən-dumanda.
Gözləyirəm nə zamandı,
Bilmirəm, verdi, vermədi?
...Tanrıdan möhlət istədim,
Bilmirəm, verdi, vermədi?
30.102023
Rustavi
***
Bir ər kimi borclarım var,
Kimdi qoyan öləm, gedəm.
Tanrı verən möhlət ömrümü
Üçə, beşə böləm, gedəm.
Ocaqda odda yanmışam,
Xəyallardan oyanmışam.
Gəlib harda dayanmışam,
baxam, görəm, biləm, gedəm.
Yolçu,dinlə bu ahımı,
Yoxla axşam-sabahımı.
Olan, qalan günahımı,
Siləm, ailəm, gedəm.
***
Ricam budur a Tanrım,
Mürvət eylə, yaşayım.
Nə vermisən razıyam
Yenə eylə, yaşayım.
yerini dar etmirəm,
adını xar etmirəm,
Nəyini yarıtmıram?
Söylə, söylə, yaşayım.
Haram-falan bilmirəm,
Qabaq-qənşər gəlmirəm.
Mən ki, Sənlə əlbirəm-
Hələ, hələ, yaşayım.
***
Mən olmasam, olmasam,
Kim çəkər bu dağları?
Haqq mənə ölçüb-biçib
Bu dağları dağları.
Dön bax, bu qar, ruzgara,
Qarışıbdı qar, qara.
Qəlb götürər, göz görər
Bu dağları dağları.
Yolçu yoldan dönməyir,
Əyilməyir, sinməyir.
Çöllərə endirməyir,
Bu dağları dağları.
***
Bu xəstəlik əlində,
Ömrümü bada vermərəm.
Verrəm dosta,tanışa,
Yem edib yada vermərəm.
Məni sevməyən gədələr,
Küncdə-bucaqda güdələr,
Əzrayılla cəng edələr
Düşə qan-qada vermərəm.
Yolçu, yol ver bu kəslərə,
Səni bilməz bikəslərə.
Ataram gur atəşlərə,
Çınqıya,oda vermərəm.
***
Bilsən, nələr yazılb,
Kitabında ömrümün.
Yazılanlar yozulub,
Kitabında ömrümün.
Üç-beş idi, bir qalıb,
çeşid-çeşid yer qalıb.
qəm kədərə sarılıb,
Kitabında ömrümün.
Yolçu yolda daş olub
Yağış olub, yaş olub.
Geri sayım başlayıb
Kitabında ömrümün
***
Axı, necə qoyum, gedim,
Beş demişdim, bir də dedim -
dünya gözəl. dünya gözəl dünyadı.
Dərdi-qəmi bol olsa da,
Daş-qayalı yol olsa da,
Zaman-zaman sorulsa da,
Dünya gözəl dünyadı.
Yolçu salar hay-harayı,
Pozar bu cərgə-sırayı,
Xoca damı,
Xan sarayı,
Dünya gözəl dünyadı.
***
Sizdən ötrü darıxdım
ey külli-aləmə bəyan dostlarım.
Bəzi birinizin sədası gəlmir,
Alıbdı qoynuna hayan, dostlarım?
Hay desəm, hayıma hay verənsiniz.
Hərəniz bir arxa, bigüvənsiniz.
Oduma-közümə su səpənsiniz,
Dərdimi öz dərdi sayan dostlarım.
Qoymayın Yolçunun gözünü yolda,
Tez gəlin dayanın sağında, solda.
Vəfa, etibar yox, “olacaq” “olda,
hərdən xam xəyala uyan dostlarım.,