Məndən nə yazıb Allah? - Anar Seyidağanın şeirləri

MANERA.AZ Anar Seyidağanın şeirlərini təqdim edir.
CƏZA
Bu qədər məlum içindən
Nədən sən məchulu seçdim?
Həsrətin yüz cür həlli var,
Ən çətin üsulu seçdim.
Deməzdim,deməzdim amma
Tənə etməsəydi çoxu.
Xaraba qoyduğun qəlbin
Bayquşu özünsən axı.
Səni itirmək yoxdursa,
Qorxu nəyimə gərəkdir?
Yatıb səni görmərəmsə,
Yuxu nəyimə gərəkdir?
Yanımda ol,səni sevmək
Qoy yazılmasın qəzama.
Tanrım, mən razı deyiləm
Ömürlük sevmək cəzama.
MƏNDƏN NƏ YAZIB ALLAH?
Gözlərimə bax bəzən –
güzgünü neyləyirsən?
Qoy ölüm həsrətindən –
özgəni neyləyirsən?
Misra-misra oxunma,
qoşum, dastan eyləyim.
Məhəbbətə himn yazım,
səni bəstəm eyləyim.
Əllərim fırça olsun,
sinən rəsm varağım.
Yanağından oxunsun
mənim möhur dodağım.
Saçını uçuran yel
dəli nəfəsim olsun.
Qollarının arası –
Olsun – qəfəsim olsun.
...Hey səni arzuladım,
Yalvardım – susub, Allah.
Görən, alın yazında
məndən nə yazıb Allah?
ÇIXIR
Niyə əyilməyən ruhum
qabağına dustaq çıxır.
Səndən sonra ürəyimə
kim gəlirsə, qonaq çıxır.
Gedəməm, nə qədər vursan,
Nə olar, yanımda dursan.
Allah haqqı! İnanmırsan?
Sənsiz hər şey yamaq çıxır.
Ölümmü mərd olum sənə?
İtimmi dərd olum sənə?
Deyirəm sərt olum sənə –
İçimdən bir uşaq çıxır.
Sevmə, oxuma nəzmimi,
Qıra bilməzsən əzmimi.
Özün çək sevgi rəsmini
Mən çəkirəm, çılpaq çıxır.
SEVMƏK
Başa bəla sonra olur,
Hamı maraq kimi sevir.
Vallah 50 yaşında da
Adam uşaq kimi sevir.
Bu nə hisdi, yox qorxanı,
Anlamaz yandan baxanı.
Göz-gözə görüb yıxanı
Yenə dayaq kimi sevir.
Nə qoyursansa qoy adın,
Dərinləşir addım-addım.
Kökləyir tar kimi qadın
Kişi mizraq kimi sevir.
Ha gileylən: yıxdı, sökdü-
Təkcə sevmək gözəl yükdü.
Çox heyif, bir ömürlükdü,
Keçir-qonaq kimi, sevir.
SİRR
O dünya da, bu dünya da
Bir yoldu - bölümdü elə.
Mütləq ki, bir davamı var-
Ömür bir dilimdi elə?
Ört qapını-sirr çıxacaq:
Hər qəbirdən Pir çıxacaq.
Bu pişik də şir çıxacaq
Kökündən məlumdur elə.
Gülmək saxta, sevmək saxta,
Ondan qarışıbdı haqq da.
Ədalətmi?-doğulmaq da,
Ölmək də zülümdü elə.
Tanrımı bilmədi közə?-
Nədən tez gətirir dizə?
Bəlkə də Tanrıdan bizə
Mukafat ölümdü elə.
NƏDİ?
Məni öldürməyə bir cümlə bəsdi,
Bu atəş, bu vulkan, top-tüfəng nədi?
Gözündən süzülən tək damla bəsdi –
Üzümə dəyişən yeddi rəng nədi?
Bilməyib qırmaq var, bilib qırmaq var,
Sevməyib xoş tutmaq, sevib yormaq var.
Öpüb oxşamaq var, gəlib görmək var,
Qısa mesaj nədi, soyuq zəng nədi?
Mən meydən qaçıram, içir ruhumu,
Dünya dərd yeridi, qaçır ruhumu.
Çox uzaq tutursan, uçur ruhumu –
İpin doladığın çərpələng nədi?
Nə misallar gördüm, mənə nə tərci?
Yorma özünü də, gəl tutaq mərci.
Ay zalım, sevirəm, nə il, nə bürcü –
Ha əkizlər nədi, ha xərçəng nədi?
ALLAH
Aləm bir qızılquş oyunu ola
Bir can da mən səndən qazanım Allah.
Duaçıyam ona- canımdan da çox
Sevdiyim adamdı üzənim, Allah.
Olsun, bu suallar heç həddim deyil,
Cızıqdan çıxmışam- sərhəddim deyil.
Bu alın yazısı dəst xəttin deyil
Zalımmı, şeytanmı yazanın Allah?
Dəli Ozan oldum, aşiqmi gəzim?
Məcnunun adına layiqmi gəzim?
Bu sərxoş dunyanı ayıqmı gəzim?
Yoxdu eşq badəsin süzənim Allah.
Ömrü uzun eylə, bir az vəfa et,
Verdiyin nəfəsi qəlbə şəfa et.
Dua et özünə, özün dua et
Düzəlsin, düz olsun düzənin Allah.
KÖLGƏLƏR QOVUŞUR
Kölgələr qovuşur Ay işığında,
Dodaqlar yanaqdan üzüb keçirlər.
...Bir bağ ağacının tənhalığında
Özgələr kölgəmi əzib keçirlər.
...Hər gecə Tanrının yazığı gəlib
Bütün yazıqlara yuxu istədi.
O da yazıqlardan birisi imiş,
Mən isə Tanrını yaxın istədim.
Nə inam doğmadı, nə ümid ölür,
Birtəhər bu eşqi qurtarım elə.
...O qızın baxışı, gülüşü ölü,
O qızın saçları diridir hələ.
Tural Adışirinin təqdimatında..
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.